Rusiyalı biznesmenin həbs müddəti uzadıldı
Bizi izləyin

Dünya

Rusiyalı biznesmenin həbs müddəti uzadıldı

ABŞ-ın Merilend ştatının federal dairə məhkəməsi rusiyalı biznesmen, “TENAM Corp” şirkətinin başçısı Vadim Mikerinin saxlanılma müddətinin uzadılması haqqında prokurorluğun xahişini təmin edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ hüquq-mühafizə orqanları Mikerinin azadlığı buraxılacağı halda ölkəni tərk edərək istintaqdan gizlənməyə çalışacağından ehtiyat edir.

Qeyd edək ki, Vadim Mikerin ABŞ-da oktyabrın 31-də saxlanılıb. V.Mikerin 2010-cu ildən TENAM Corp” şirkətinə rəhbərlik edir. Şirkət dünyada atom elektrostansiyaları üçün zənginləşdirilmiş uranın əsas təchizatçılarından biridir və iki il əvvəl USEC Amerika korporasiyası ilə 2022-ci ilə qədər əməkdaşlıq müqaviləsi imzalamışdı. V.Mikerin uran ixracında yol verdiyi qanun pozuntularına görə ittiham olunur.

Şirkət rəhbərini müdafiə edən tərəf onun azadlığa buraxılması üçün 250 min dollar təklif edib. Bildirilirdi ki, bunun 100 min dolları V.Mikerinin özünün, 150 mini isə şirkətin vəsaitidir. İstintaqın məlumatına görə, Mikerinin aktivləri 2 milyon dollara qədərdir. Onun Kipr, Latviya və İsveçrə banklarında hesabları var. Mikerinin aktivlərinin 90 faizindən çoxunun Rusiyada olduğu deyilir.

ABŞ Ədliyyə Nazirliyi ilə Nyu-York şərq dairəsinin prokurorluğu çirkli pulların yuyulması haqqında işin araşdırılmasını aparır. Rusiya biznesmeni Genadi Timçenko da gəlirlərin yuyulmasında ittiham olunur.

İstintaq hesab edir ki, Timçenkonun sahibi olduğu İsveçrənin “Gunvor” neft treyderi şübhəli qiymətlərlə "Rosneft" Açıq Səhmdar Cəmiyyətindən neft alaraq üçüncü şəxslər vasitəsilə çirkli pulları yuyub. Prokurorluq sazişlərlə bağlı informasiyanın alınması üçün artıq “Gunvor”a sorğu göndərib. İstintaqın məlumatına görə, cinayət hadisəsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının tətbiqindən əvvəl baş verib.

Rusiyalı biznesmen və “Rosneft”in nümayəndələri bu informasiyanı şərh etməyiblər. “Gunvor” şirkətindən isə bildiriblər ki, başlanılan araşdırma haqqında heç nə bilmirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov isə Vladimir Putinlə Timçenkonun maliyyə əlaqələri haqqında iddiaları absurd adlandırıb. O da qeyd edib ki, Timçenko barəsində hər hansı araşdırmanın aparılmasından xəbərsizdir.

“Gunvor Group”un əsası 2000-ci ildə Rusiya biznesmeni G.Timçenko və isveçrəli Turbernom Tornkvistom tərəfindən qoyulub və hazırda dünyanın ən böyük neft-qaz şirkətlərindən biridir. Şirkət uzun müddət “Urals” markalı Rusiya neftinin əsas satıcısı olub. Şirkət nefti “Surqutneftqaz”, "Rosneft" və “Qazpromneft”dən alırdı. ABŞ mediasının iddialarına görə, neft treyderinin müvəffəqiyyəti Timçenkonun Rusiya prezidenti Vladimir Putinlə dostluq əlaqələri ilə bağlıdır. 2012-ci ildə “Gunvor” Rusiya neftinin alınmasını kəskin azaltdı. Mətbuatda şirkətlə “Rosneft”in prezidenti İqor Seçin arasında münaqişə yaranması barədə məlumat yayıldı. Rusiya biznesmeninə qarşı hazırda ABŞ-ın sanksiyaları qüvvədədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm