• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-a qarşı yeni ittifaq – Şimali Koreya və Rusiya ittifaqı

  • Dünya
  • 18 Noyabr 2014 11:50
  • 420 Baxış
ABŞ-a qarşı yeni ittifaq – Şimali Koreya və Rusiya ittifaqı

Noyabrda 17-də Şimali Koreya lideri Kim Çen Inın xüsusi nümayəndəsi Tsoy Xe Reni Moskvaya gedib.

Publika.az-ın BBC-nin rus xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytında bildirilir ki, səfərin məqsədi “ikitərəfli münasibətlərin aktual məsələləri, Koreya yarımadasında və şimal-şərqi Asiya regionunda vəziyyəti" müzakirə etməkdir.

Qeyri-adilik isə odur ki, səfər tam yeddi gün davam edəcək. Pxenyanın elçisinin Xabarovsk və Vladivostokda da olacağı bildirilir. Tsoy Xe Reni Siyasi Büronun və hakim partiyanın Mərkəzi Komitəsinin rəyasət heyətinin üzvüdür.

"Şimali Koreyada uzun müddət ikinci adam hesab edilən Çan Son Txekin (Kin Çen Inın dayısı – Ö.D.) ötən ilin dekabrında dövlət çevrilişinə cəhddə günahlandırılaraq edam edilməsindən sonra bəzi ekspertlər Tsoy Xe Reni dövlətdə ikinci şəxs adlandırırlar. İkinci və ya üçüncü şəxsi olsa da, hər halda onun ölkədə təsiri böyükdür”, - deyə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun Koreya Tədqiqatlarının Mərkəzinin eksperti Konstantin Asmolov qeyd edib.

Rusiya ekspertlərinin fikrincə, Moskvanın diktatorlarla dostluq etmək cəhdi səhv olardı. Amma istisna edilmir ki, Pxenyan dünya ilə münasibətlərdə istiləşmənin yeni mövsümünü açmağa qərar verib. 5 may 2014-cü ildə Koreya Xalq Demokratik Respublikası və Rusiya arasında Pxenyanın SSRİ dövründə yaranmış borcunun 90 faizinin silinməsi barədə müqavilə imzalandı. Qalan hissə (1,09 milyard dollar) 20 il ərzində ödənilməlidir. 28 oktyabrda Uzaq Şərqin inkişafı üzrə nazir Aleksandr Qaluşka bildirdi ki, Rusiya və Koreya Xalq Demokratik Respublikası qarşılıqlı vizasız rejimi tətbiq etməyi planlaşdırır. Bu bəyanat Rusiyada istehza doğurdu. Şimali Koreya hələlik yalnız Malayziya ilə vizasız rejimə malikdir. Amma nəzərə alaq ki, Koreya Xalq Demokratik Respublikası Krımın Rusiya tərəfindən ilhaqını tanıyan 11 ölkədən biridir.

Moskva danışıqlarının nəticəsinə görə, Tsoy Xe Reni çox güman ki, qarşılıqlı sərfəli iqtisadi əməkdaşlığın sonrakı inkişafı haqqında bəyanat verəcək. Ancaq iqtisadi əməkdaşlığın real potensialı Şimali Koreyanın yoxsulluğu, eləcə də xüsusi mülkiyyət və bazar institutlarının yoxluğuna görə çox kiçikdir. Təxminən 20 il bundan əvvəl Rusiyadan Cənubi Koreyaya tranzit dəmir yolu və qaz kəmərinin tikintisi planları mövcud idi. Lakin indi bu planlardan heç kim danışmır. Seul şimal qonşusundan asılı olmamaq üçün hazırda bu planlara maraq göstərmir.

"Böyük layihələr reallaşdırılmayıb və onları reallaşdırmaq çox çətindir. Hamı bir-birindən ehtiyat edir, risklər böyükdür”, - deyə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov bildirir.

Ekspertlər ehtimal edir ki, raket-nüvə məsələləri iki ölkə arasında müzakirələrin əsas mövzusudur.

"Şimali Koreya nüvə silahı arsenalını artırmağa çalışır. Bu isə Rusiya, Çin və başqa ölkələrin maraqlarına ziddir. Beləliklə, onun təhlükəsizliyini hansısa başqa üsullarla təmin etmək lazımdır ki, o, nüvə silahına güvənməsin. Biz "altılıq” formatında dialoqun bərpa olunmasını istəyirik. Amma əsas məsələ şimal və cənub arasında münasibətlərin yaxşılaşmasına nail olmaqdır. Bizə Cənubi Koreyadan yüksək vəzifəli nümayəndə heyətləri daim gəlir. Rusiya Koreya yarımadasında tarazlaşdırılmış siyasət həyata keçirir. Bizim əsas hədəfimiz odur ki, bu iki ölkə yaxınlaşsın”, - deyə Yevgeni Bajanov qeyd edib.

Oktyabr ortasında Pxenyan yeddi il ərzində ilk dəfə Cənubi Koreya ilə yüksək səviyyədə hərbi danışıqlar keçirdi. Noyabrın 8-də isə Şimali Koreya həbsxanalarında olan son amerikalılar ABŞ Milli Kəşfiyyatının direktoruna təhvil verildi. Paxenyanın Rusiya istiqamətində də aktivləşməsi müşahidə olunur. Ehtimal etmək olar ki, Şimali Koreya xarici siyasəti diversifikasiya etməyə və Çindən asılılığı zəiflətməyə çalışır.

Konstantin Asmolov qeyd edir ki, Şimali Koreya Çindən asılı olmamağa, cənubla və təbii ki, Rusiya ilə əlaqələri yoluna qoymağa çalışır: “Görünür Şimali Koreyanın hədəfi bir istiqamətli xarici siyasət vektoruna malik olmamaqdır. Paxenyan Çindən başqa Rusiya ilə əlaqələr yaratmaq istəyir. Şimali Koreya ilə münasibətlərin yaxşılaşması isə Moskvaya Koreya problemini nizama salınmasında öz rolunu yüksəltməyə imkan verir. Hərçənd Qərblə və Çinlə rəqabət elementi inkar edilməlidir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR