• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Vestervelle elə biz deyəni deyir

  • Dünya
  • 24 Mart 2012 09:45
  • 157 Baxış
Vestervelle elə biz deyəni deyir

Almaniyanın xarici işlər naziri Gido Vestervellenin ötən həftə Azərbaycana səfərində daha çox müxalifət və QHT təmsilçiləri ilə görüşündən danışıldı. Bəzi millət vəkilləri Almaniyanın xarici işlər nazirini Azərbaycanın daxili işlərinə qarışmaqda qınadı. Əlbəttə, Gido Vestervelle Azərbaycanda demokratiya və insan haqları mövzularına toxunub, bununla bağlı fikir mübadiləsi aparıb. Bunda qeyri-adi heç nə yoxdur. Ancaq Gido Vestervelle Bakıda başqa mövzuları da müzakirə edib ki, bunlar bir qədər diqqətdən kənarda qaldı.

Almaniyanın xarici işlər naziri hələ səfəröncəsi “APA” agentliyinə verdiyi müsahibədə səfərinin məqsədi kimi, Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də Avropa Birliyi kontekstində gələcək inkişafını müzakirə etməkdən ibarət olduğunu söyləmişdi.

Almaniya Avropa Birliyinin iki aparıcı dövlətindən biridir və demək, Berlinlə əməkdaşlığın inkişafında Azərbaycan maraqlı olmalıdır. Elə Gido Vestervellenin səfəri də məhz əlamətdar tarixə - iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə təsadüf etmişdi. Azərbaycan iqtisadiyyatını neft və qazın satışından asılılığını azaltmaq, başqa sözlə, diversifikasiya inkanlarını hərəkətə gətirmək istəyirsə, sənayedə yüksək texnologiyaların tətbiqi sahəsində alman şirkətləri ilə əməkdaşlığı ön planda tutmalıdır.

Azərbaycanla Almaniya arasında siyasi dialoq da zəruridir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyü məsələlərinə Berlinin münasibəti Parisinkindən daha həssasdır. Fransa hakimiyyəti erməni lobbisinin əlində əsir-yesir qalıb, bu ölkənin prezidenti Nikola Sarkozi “Ermənistan bizim bacımızdır” deyərək, Cənubi Qafqaz ölkələrinə səfəri zamanı əsas vaxtını İrəvanda keçirir. Bernar Fasyenin yerinə ATƏT-in Minsk Qrupuna yeni təyin olunan fransalı həmsədr Şak For isə Xankəndidə erməni separatçılarının lideri ilə görüşdə çəkinmədən deyib ki, bəs o, bu vəzifəyə yeni təyin olunduğundan münaqişə haqqında bilgisi yoxdur və həmin bilgini... ermənilərdən almaq istəyir.
Birincisi, belə bir vəzifəyə təyin olunan diplomatın münaqişə haqqında bilgisinin olmaması, bu haqda əvvəlcədən məlumat toplamamasının özü qeyri-peşəkarlığın əlamətidir. İkincisi, tərəfsizliyini göstərməli olan diplomatın bilgini separatçıların liderindən almaq istəyini dilə gətirməsi həmin şəxsin artıq indidən hansı tərəfin xeyrinə çalışacağını əyani göstərir.
Berlinin erməni lobbisinin əlində alət olmaq və ya İrəvana, o cümlədən separatçılara yaltaqlanmaq kimi dərdi yoxdur. Təsadüfi deyil ki, vaxtilə Azərbaycan hakimiyyəti Avropa dövlətləri içərisində məhz Almaniyanın ATƏT-in üçüncü həmsədr olmasını istəyirdi. Ancaq Fransanın 1997-ci ildəki qəfil həmləsi bu istəyin həyata keçməsinə imkan vermədi. Nikola Sarkozi “erməni soyqırımı”nı inkara görə hüquqi məsuliyyəti nəzərdə tutan qanun layihəsini ciddi-cəhdlə müdafiə etdikdə bu ölkənin həmsədrlikdən uzaqlaşdırılması məsələsi yenidən gündəmə gətirildi. Bu zaman alternativ kimi, yenə Almaniya xatırladıldı. Elə bir neçə həftə öncə Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan sənəddə həmsədrlik institutunun gücləndirilməsi məsələsinə toxunulmuşdu. Bu, o demək idi ki, Berlin münaqişənin həllində daha fəal rol oynaya biləcəyinə eyham vurub.

Berlin Avropa Birliyinin də münaqişənin həllində fəal olmasından yanadır. Bu haqda Gido Vestervellenin özü də deyib. O, bildirib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin daha yaxından iştirakı ilə bağlı Brüsseldə debatın təşkilində əsas rol oynayıb. Avropa Birliyi Xarici Əlaqələr Şurasının fevral ayında qəbul etdiyi qərarı və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin yeni mandatının bu iştirakın genişlənməsi üçün yaxşı əsas olduğunu deyən Vestervelle fikrini belə yekunlaşdırıb: “Bölgədə çiçəklənməni və sülhü əngəlləyən bu münaqişənin həllinə nail olmaq vaxtıdır”.

Vestervelle elə biz deyəni deyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR