ABŞ-a inanmayan Gülənin qaçmaq istədiyi ölkə bəlli oldu - İDDİA
Bizi izləyin

Dünya

ABŞ-a inanmayan Gülənin qaçmaq istədiyi ölkə bəlli oldu - İDDİA

ABŞ-da yaşayan dini lider Fəthullah Gülən Kanadaya qaçmaq istəyir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Gülən ABŞ hökumətinin onu Türkiyəyə qaytaracağından narahatdır.

Qeyd edək ki, Türkiyə ötən həftə Fəthullah Gülənin həbsi ilə bağlı qərar verib. Gülən isə ABŞ-ın onu Türkiyəyə verəcəyi ehtimalı nəzərə alaraq Kanadaya qaçmağı planlaşdırır. Türkiyədə deşifrə olunan “paralel quruluş”un keçmiş imamı H. Ö.-nin isə Gülənin Kanadada qalması üçün yer axtardığı iddia olunur. Xəbərdə bildirilir ki, H. Ö. deşifrə olduqdan sonra Argentinaya, orada isə Kanadaya qaçmışdı. İddiaya görə, Türkiyə ilə cinayətkarların mübadiləsi razılaşması olmayan Kanadada Gülənin qala biləcəyi yer olaraq Toronto şəhərinə üstünlük verilir

Türkiyə mətbuatı həmçinin iddia edir ki, bir müddət əvvəl Cənub Afrika Respublikasında fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatı Türkiyə Baş nazirliyinə göndərdiyi məktubda “paralel quruluş”un Fəthullah Gülənin bu ölkəyə sığınması üçün çalışdığı qeyd olunub. Ancaq sonradan bu variantdan imtina edildiyi deyilir. Tuncay Güneylə yanaşı Türkiyədə barəsində həbs qərarı çıxarılan bir çox şəxsin Kanadada gizlənməsi də bu ölkəni “paralel quruluş” üçün daha cəlbedici edib.

Qeyd edək ki, cinayətkarların esktradisiyası haqqında ABŞ və Türkiyə arasındakı müqavilədə xüsusi bir müddəa var. Həmin müddəaya görə, cinayətkarın qarşı tərəfə verilməsi üçün onun əməli hər iki ölkədə cinayət hesab olunmalıdır. Lakin bu müddəaya baxmayaraq, Türkiyə son dövrlərdə ABŞ-da fərqli cinayətlərdə ittiham olunan, həm də müxtəlif ölkələrin vətəndaşlarını bu ölkəyə verib.

Türkiyənin son 5 ildə ABŞ-a verdiyi cinayətkarların başında adı “Mortgage” maliyyə qalmaqalında hallanan qadın aktyor gəlir. Virciniya ştatının sakini olan gənc qadın Diane Frederik Atari ölkəsində 50 milyon dollarlıq kredit fırıldaqçılığına görə axtarılırdı. ABŞ-da əmlak şirkəti olan Atari 18 fevral 2011-ci ildə ABŞ-a qaytarılıb.

Türkiyənin ABŞ-a verdiyi şəxslər arasında digər ölkələrin vətəndaşları da var. Türkiyənin 2009-cu ildə ABŞ-a verdiyi İordaniya vətəndaşı Fahed Kutkut adam öldürməkdə və külli miqdarda oğurluqda ittiham olunurdu. 2009-cu ildə ABŞ-a verilən Ukrayna vətəndaşı Yuri Zinçenko isə insan alverində ittiham olunurdu. ABŞ-a verilən digər bir şəxs İraqda Amerika əsgərlərinin ölümündə ittiham olunan suriyalı Əhməd İbrahim əl-Əhməd olub.

ABŞ-ın terror cinayətlərində ittiham edərək axtardığı Əhməd Deninin verilməsi ilə bağlı danışıqlar isə davam edir. Somali mənşəli Deni bu ilin mart ayında Türkiyədə saxlanılıb. O, hazırda İstanbuldakı həbsxanalardan birində saxlanılır. Hansı həbsxanada olduğu isə təhlükəsizlik səbəbi ilə açıqlanmır.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında ABŞ-da Barak Obama ilə görüşündə Pensilvaniyaya sığınan Gülənin Türkiyəyə verilməsini istəyib. “Obamaya dedik ki, sizin bizdən istədiyiniz terrorçuları biz sizə verdiyimiz kimi, siz də bizim təhlükəsizliyimizi təhdid edən adamı ölkədən çıxarın”- Ərdoğan ABŞ-ın Xarici Işlər Şurasındakı çıxışında bildirib.

Türkiyənin Gülənin qaytarılması üçün etdiyi cəhdlərin ABŞ tərəfindən rədd edilməsinə baxmayaraq, hazırkı vəziyyətdə Vaşinqtonun bu məsələdə fərqli davranacağı güman edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm