• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Həkim məhkəmədə etiraf etdi: "Məni nazirlik cəzalandırıb"

  • Dünya
  • 7 Yanvar 2015 21:11
  • 753 Baxış
Həkim məhkəmədə etiraf etdi: "Məni nazirlik cəzalandırıb"

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının işi ilə bağlı Nəsimi Rayon Məhkəməsində növbəti proses davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən prosesdə Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının onkoloqu, əməliyyatı edən cərrah Mahir Məmmədov ifadə verib.

E.Tofiqqızın həyat yoldaşı, zərərçəkən Anar Niftəliyevin hüquqlarının müdafiəçisi Səməd Vəkilov M.Məmmədovu məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verdiyi üçnü ona suallar ünvanlayıb. Həkim ibtidai istintaqa cərrahi əməliyyat zamanı anestezioloq Firuz İbrahimovun öz vəzifəsini yerinə yetirmədiyini bildirsə də, məhkəmədə ifadəsini dəyişib.

O, F.İbrahimovun işini layiqincə yerinə yetirdiyini bildirib.

M.Məmmədov məhkəmə istintaqı zamanı etiraf edib ki, əməliyyat üçün “Medi Sina” klinikası məhz onun tərəfindən seçilib. “Medi Sina” klinikasının isə onkoloji əməliyyatlar üçün lisenziyası olmayıb. Həmçinin, əməliyyata görə nazir tərəfindən cəzalandırıldığını və polkovnik-leytenant rütbəsinin alındığını, mayor rütbəsinə endirildiyini açıqlayıb.

Cərrah M.Məmmədov rütbəsinin ondan alınmasının işdən əlavə kommersiya fəaliyyəti ilə əlaqəli olduğunu söyləyib. Zərərçəkmiş tərəf isə nazirliyin sözügedən əmrində başqa xüsusatın olduğunu bildirib. Ona görə də S.Vəkilov həmin əmrin surətinin nazirlikdən alınması barədə vəsatətlə çıxış edib.

S.Vəkilov qeyd edib ki, dövlət ittihamçısı Elçin Nağıyevin bu vəsatətin təmin edilməməsi barədə çıxışı onun dövlət ittihamını obyektiv müdafiə edəcəyinə şübhə oyadıb. Odur ki, zərərçəkmiş tərəf E.Nağıyevə etiraz edib və növbəti prosesdə yazılı vəsatətlə çıxış edəcəyini bildirib.

Hakim zərərçəkmiş tərəfin qaldırdığı vəsatəti təmin edib.

Məhkəmədə daha sonra əməliyyat zamanı tibb bacısı işləmiş Ruhiyyə Abbasova da ifadə verib. Onun da ifadəsində ziddiyyətli məqamlar kifayət qədər olub. Tibb bacısı ibtidai istintaqa anestizioloq F.İbrahimovun öz vəzifəsini layiqincə yerinə yetirmədiyini bildirsə də, məhkəmədə bunun tam tərsini açıqlayıb.

Hakim növbəti prosesi yanvarın 21-i, saat 12:00-a təyin edib.

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR