Xəyali imperiya və “məğlubedilməz” Putinin yolundakı tələlər - TƏHLİL
Bizi izləyin

Dünya

Xəyali imperiya və “məğlubedilməz” Putinin yolundakı tələlər - TƏHLİL

Yanvarın əvvəlindən Ukraynanın şərqində vəziyyət son dərəcə kəskinləşib.

Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Pyotr Poroşenkoya yanvarın 15-də yazdığı məktub cavabsız qaldı. Kremldən verilən məlumata görə, məktubda ağır texnikanın cəbhə xəttindən geri çəkilməsi təklif olunurdu. Əslində, Kiyev və Qərb paytaxtlarının dili ilə desək, Putinin məktubu işğala legitimlik qazandırmaq, ən azından status-kvo vəziyyəti yaratmaq məqsədi daşıyırdı. Bu, Ukrayna üçün təslim olmaq anlamına gəlirdi və Putinin məktubunun cavabsız qalması da başadüşülən idi. Bundan sonra separatçıların yeni hücumları başlandı və üç günlük ağır artilleriya zərbələrindən sonra Ukrayna hərbçiləri Donetsk aeroportunun əsas hissəsini tərk etməli oldular.

Hazırda, demək olar ki, bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Bundan sonra nə olacaq, Rusiya hansı variantlar üzərində düşünür, Ukrayna hansı taktika ilə hərəkət edəcək, Putini dayandırmaq mümkün olacaqmı və bu kimi suallar dünya gündəmini zəbt edib. Burada məsələnin iki tərəfi var: 1. Moskvanın Ukrayna ilə bağlı planları, bu planların həyata keçirilməsi üçün hazırda atdığı addımlar. 2. Rusiya reallığı və Qərbin mümkün əks-zərbələri.

Donbas hövzəsində hazırda baş verənlər deməyə əsas verir ki, Putin heç nəyi vecinə almadan (Qərbin daha sərt sanksiyalarla bağlı hədələri və aclığa doğru addımlayan rusiyalıları) hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Belə görünür ki, hərbi əməliyyatlar ən azından Donetsk və Luqansk vilayətlərinin tam işğalına kimi davam edəcək. Hazırda Donetsk və Luqansk “xalq respublikası” eyni adlı vilayətlərin təxminən 30 faizinə nəzarət edir. “DXR”in “dövlət başçısı” Aleksandr Zaxarçenko da bildirib ki, Donetsk vilayətinin sərhədlərinə kimi vuruşacaqlar. Bu, Putinin planlarındakı ilkin hədəfdir. Hədəfə çatmaq üçün Rusiya Donbas hövsəzində irimiqyaslı qüvvələr toplayır.

Məlumata görə, Donetsk vilayətinin Debaltsevo rayonu ətrafına Rusiya hərbçiləri və separatçılardan ibarət hərbi qüvvələr, həmçinin hərbi texnika cəlb olunur. Ukraynalı xalq deputatı Dmitri Tımçuk Rusiyanın Mərkəzi hərbi dairəsinin iki artilleriya briqadasının tərkibindəki komplektləşdirilmiş mobil artilleriya qüvvələrinin əraziyə cəlb edildiyini deyib. Debaltsevoya iri hərbi qüvvələrin toplanması da əməliyyatların davam etməsi anlamına gəlir. Qeyd edək ki, rayon Donbas hövzəsinin təxminən mərkəzində yerləşir və buradan regionun “qan damarları” statusunda olan nəqliyyat xətləri keçir. Belə bir strateji mövqe isə rayonu gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir.

Rusiya qoşunları və separatçı qüvvələrin cəmləşdiyi digər nöqtələr isə Avdeyevka rayonunun şimalı və Qorlovkanın cənubi-qərb ətrafıdır. Məlumata görə, Qorlovka ətrafına 22 tank, 34 BBM və 2 min silahlı gətirilib. Eyni zamanda, Rusiya-Ukrayna sərhədini hərbi texnika kolonları keçir və separatçıların nəzarətində olan müxtəlif rayonlara göndərilir.

Hadisələrin hazırkı gedişatına baxsaq, deyə bilərik ki, Putinin əsas məqsədi Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirməkdir. Məsələ ondadır ki, separatçıların nəzarət etdiyi ərazilər hələlik Putinə daha yüksək tonla danışmağa imkan vermir. Moskva hər vəchlə Kiyevi separatçılarla danışıqlar masasına itələməyə çalışır. İndiki halda isə “xalq respublikaları”nın bütün Donetsk və Luqansk vilayətini təmsil etmədiyini dilə gətirmək üçün Kiyevin əlində kifayət qədər əsas var. Adıçəkilən vilayətlərin bütünlüklə “xalq respublikaları”nın nəzarətinə verilməsi yeni bir Dnestryanı ərazi və yaxud Dağlıq Qarabağ probleminin yaranması deməkdir və bu halda Kiyevi yumşaltmaq daha asan olacaq. İlk hədəfin yerinə yetirilməsi isə o qədər də əlçatmaz görünmür.

Bundan sonra nə olacaq? Son günlər Mariupol şəhərinin də güclü artileriya atəşinə məruz qalır. Ukrayna ordusunun istefada olan general-mayoru, Atlantik Şurasının prezidenti Vadim Qreçaninov hesab edir ki, Donetsk vilayətinin Mariupol şəhəri bir neçə səbəbə görə Rusiyanın hərbi ekspansiyası üçün əhəmiyyət daşıyır: “Mariupol dənizə çıxışdır. Bundan başqa, şəhər ölkənin içinə, Odessa və Nikolayev istiqamətinə gedən yolun üzərində yerləşir. Mariupol həm də Krıma nəzərdə tutulan quru dəhlizin bir hissəsidir. Mariupol həm də iri sənaye mərkəzidir”.

Krıma dəhlizin açılması isə Putinin iştahını artıracaq və Odessa vasitəsilə Dnestryanı əraziyə dəhliz açmağa həvəsləndirəcək. Amma bütün bunlar o halda baş verə bilər ki, Kiyev əvvəlki kimi müdafiə taktikasını seçəcək, Qərb isə bəyanatlarını sıralayacaq və indiki sanksiyalardan uzağa getməyəcək. Qərbin özü də artıq etiraf edir ki, ənənəvi sanksiyalar Putini dayandırmağa kifayət etmir. Putinin özündə də Ukraynada ordunun olmadığı barədə əminlik var. Deməli, bu halda, onun fikrincə, dayanmaq üçün əsas yoxdur.

Amma bir neçə faktor məğlubedilməz görünən Putini dayandıra bilər:

1. Avropa Birliyinin (AB) xarici işlər nazirlərinin yanvarın 29-da keçiriləcək toplantısında Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək və fevralın 12-də AB-nin sammitində sanksiyalar qəbul oluna bilər. Bundan sonra isə növbəti addım olaraq Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılması gündəmə gələ bilər. AB Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcəyi halda SWIFT Rusiya banklarına xidmət göstərməyi dayandıracağını bəyan edib. Ukraynalı ekspert Pavel Melnik isə yaranacaq vəziyyəti bir neçə cümlə ilə çox gözəl qiymətləndirib: “Bu, Rusiya maliyyə sisteminin iflası olacaq və Rusiya özü ikinci Dnestrayanıya çevriləcək”. ABŞ Dövlət Administrasiyası da Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacağına ümid edir.

2. İkinci faktor Rusiyanın daxili vəziyyəti ilə bağlıdır. Əhalinin gəlirləri hər keçən gün azalır və gündəlik tələbat məhsullarının qiyməti dəhşətli həddə yaxınlaşır. Rusiya mətbuatının yazdığına görə, Putin rusiyalıları “aclıq və işsizlik erası”na hazırlayır. Davos İqtisadi Forumunda çıxış edən Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov ölkəsinin vətəndaşlarını əsassız illüziyalarla qidalanmamağa çağırıb. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatında vəziyyət dünya maliyyə böhranının olduğu 2008-2009-cu illərdən daha mürəkkəbdir. İqtisadçılar bu yaxınlarda Rusiya Federasiyası haqqında verdikləri mənfi proqnozları əhəmiyyətli dərəcədə pisləşdiriblər. Bir sözlə, xalqın artan qəzəbi “barıt çəlləyi”ni xatırladır və Putin hazırda bu çəlləyin üzərində oturub. Kremlin imperiya ambisiyaları hər nə qədər böyük olsa da, rusiyalıların ac qalmaq istəməməsi Putinin sonunu gətirə, yaxud da təslim olmağa məcbur edə bilər.

3.Putinin əl-qolunu bağlayacaq daha bir məqam isə rus cəmiyyətinin “Yük-200”lər (Donbas hövzəsində düyöşlərdə ölən Rusiya vətəndaşları) barəsində artıq kifayət qədər məlumatlı olmasıdır. Ölkənin bir neçə hüquq-müdafiə təşkilatı məsələ ilə bağlı ölkədə kifayət qədər təsəvvür formalaşdırıb. Rəqəmlər qeyri-rəsmi olsa da, Rusiyanın siyasətçiləri və hüquq müdafiəçiləri Donbasda bir neçə min Rusiya muzdlusu və hərbçisinin öldüyünü bildirirlər. Poroşenkonun hakimiyyətə gəlməsindən keçən müddət ərzində ordunun güclənməsi və yeni hərbi texnika ilə təchiz edilməsi Rusiyanı daha böyük itkilərlə üz-üzə qoya bilər. Ağır iqtisadi vəziyyətə görə vətəndaşlarına cavab verməkdə çətinlik çəkən Putinin çoxsaylı “Yük-200”lərlə bağlı özünə bəraət qazandırması olduqca çətin görünür.

4.Putinin planlarına daxil olmayan daha bir məsələ Donetsk və Luqansk “xalq respublikaları”nın Qərb tərəfindən terrorçu təşkilatlar siyahısına daxil edilməsidir. Ukrayna Ali Radası dünən Rusiyanı təcavüzkar ölkə kimi tanıyıb və Qərb partnyorları da eyni addımı atmağa çağırıb. Qanunverici qurum həmçinin Qərbdən Donetsk və Luqansk “xalq respublikaları”nı terrorçu təşkilatlar olaraq tanınmasını istəyib. Bu halda isə Rusiya avtomatik olaraq terroru dəstəkləyən ölkə statusunu almış olacaq. “Terrorçu təşkilat” və “terroru dəstəkləyən ölkə” statuslar isə əlavə sanksiyalar deməkdir. Bundan başqa, indiyə kimi Ukraynaya silah verməkdən yayınan Qərb mövqeyini dəyişə və “terrorizmə qarşı mübarizə” çərçivəsində Ukraynanı silahlandıra bilər.

Hər halda, Putin nə qədər qorxulu olsa da, məğlubedilməz deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm