Kiyev sülhməramlı istədi, Moskva və separatçılar qorxuya düşdü
Bizi izləyin

Dünya

Kiyev sülhməramlı istədi, Moskva və separatçılar qorxuya düşdü

Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiya ilə sərhədə Avropa Birliyinin sülhməramlılarını dəvət etmək istəyi separatçılar və Moskva tərəfindən sərt qarşılanıb.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun rəhbərliyi Poroşenkonun ideyasını son dərəcə mənfi təşəbbüs adlandırıb.

Ukrayna danışıqları üzrə üçtərəfli əlaqə qrupunda “DXR”in səlahiyyətli nümayəndəsi Denis Puşilin bildirib ki, sülhməramlılarla bağlı ideyanın səsləndirilməsi Minsk razılaşmalarının pozulması deməkdir. “DXR”in “Xalq Şurası”nın başçısı Andrey Purqin isə Donbas hövzəsində sülhməramlıların yerləşdirilməsi haqqında danışıqların tez olduğunu deyib. Onun sözlərinə görə, əgər sülhməramlılar lazımdırsa, yalnız Rusiyanın sülhməramlılarından söhbət gedə bilər.

Bundan əvvəl isə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin Rusiya və Ukraynanın sərhədinə beynəlxalq sülh kontingentinin dəvət edilməsi ilə bağlı Kiyevin ideyasını şərh edib. O qeyd edib ki, Kiyev rəhbərliyinin bu bəyanatları Minsk razılaşmalarını yerinə yetirmək niyyətini şübhə altına qoyur.

Qeyd edək ki, Ukrayna prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Kiyev üçün ən yaxşı formatın Avropa Birliyinin polis missiyası olduğunu deyib. O, əminliyini ifadə edib ki, hazırkı vəziyyətdə Avropa Birliyinin sülhməramlıları təhlükəsizliyin ən effektiv və ən optimal zamini olacaq. Poroşenko bu məsələnin Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kansleri ilə müzakirə edildiyini vurğulayıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra qrupunun katibi Aleksandr Turçinov da bildirib ki, təmasın xəttində və Kiyevin nəzarət etmədiyi Ukrayna-Rusiya sərhədində beynəlxalq güclər yerləşdirilməlidir. Turçinov Ukraynanın Ali Radasının müraciətinin BMT və Avropa Birliyi tərəfindən müsbət qarşılanacağına ümid etdiyini dilə gətirib.

Ukrayna-Rusiya sərhədində və təmas xəttində beynəlxalq sülhməramlıların dəvət edilməsi ilə bağlı qərarın bu gün qəbul ediləcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm