• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İran üçün son gün: Lozannada tarix yazıla bilər

  • Dünya
  • 31 Mart 2015 13:00
  • 504 Baxış
İran üçün son gün: Lozannada tarix yazıla bilər

İranın nüvə proqramına dair Qərb ilə tarixi nüvə razılaşmasının imzalanması üçün qoyulan son müddətə saatlar qalır. Bütün dünyanın diqqəti nüvə danışıqlarının aparıldığı İsveçrənin Lozanna şəhərinə yönəlib. Danışıqlar “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) və İran arasında aparılır.

Publika.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi İran ilə razılaşma ehtimalının yüzdə əlli olduğunu açıqlayıb.

Qərarın açıqlanmasına bir neçə saat qalmış İran tərəfi səssizliyini saxlayır. Qarşı tərəf isə razılaşmanın əldə olunması üçün yaranan problemlərlə əlaqədar şərhlər verir.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Maria Harf gündəlik mətbuat konfransında İsveçrədə davam edən nüvə müzakirələri ilə bağlı şərh verib. 31 mart tarixinin razılaşmanın əldə olunması üçün son gün olduğunu xatırladan Harf razılaşma əldə olunmayacağı halda müzakirələrin tıxana biləcəyinə diqqət çəkib. “Bu tarixdən sonra qərarların qəbul edilməsi asan olmayacaq. Bu mövzuda açıq danışmaq istəyirəm. İran ilə razılaşma ehtimalı yüzdə əllidir. Ancaq razılaşma əldə etmək üçün hələ şansımız var”, - Harf deyib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü müzakirələrdə ən çətin mövzulardan birinin uranın anbarlara toplanması məsələsi olduğunu qeyd edib. O, bu məsələdə İran tərəfi ilə hər hansı bir razılaşma əldə olunmadığını bildirib.

Nüvə danışıqları ilə bağlı Ağ Evdən verilən açıqlamada isə daha sərt tondan istifadə edilib. Ağ Evin sözçüsünün köməkçisi Erik Şultz prezident Barak Obamanın “pis bir razılaşma”nı qəbul etməyəcəyini söyləyib. Obamanın məsələ ilə bağlı şərhlərinin çox dəqiq olduğuna diqqət çəkən Şultz qeyd edib ki, İranın nüvə silah əldə etməsinə maneə törədilməsinin ən yaxşı yolu İranın nüvə silahına gedən yolunu bağlamaq, həmçinin gözlənilməz və ciddi yoxlamalar həyata keçirməkdir.

O, bəzi çətin qərarların qəbuluna görə məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü söyləyib.

ABŞ prezidenti daha əvvəl verdiyi açıqlamalarında bildirib ki, İranın nüvə proqramı ən az 10 il müddətə dondurulmalıdır. Obamanın bu tələbi ABŞ-ın ilkin şərti kimi səslənir. Ancaq İran bu müddətin 8 ildən çox olmamasını istəyir. Tehrandan həmçinin uranın zənginləşdirilməsi səviyyəsinin 5 faizdən aşağı saxlanılması tələb edilir.

Uran zənginləşdirilməsində istifadə edilən santrifuqaların sayı da müzakirələrdə əsas başlıqlardandır. İran hazırda 10 mini aktiv olmaqla cəmi 18 min santrifuqa sahibdir. Qərb ölkələri bunun 6500-lə məhdudlaşdırılmasını istəyir. İran santrifuqaların sayının azaldılması tələbi ilə razı olsa da, bu rəqəmin ən azı 9 min olmasında israr edir.

Müzakirələrdə yaranan ən böyük anlaşılmazlıqlardan biri zənginləşdirilmiş uranın saxlanılması ilə bağlıdır. Qərb ölkələri zənginləşdirilmiş uranın Rusiyaya göndərilməsini tələb edir. Zənginləşdirilmiş uran burada yanacaq çubuqlarına çevrilməli və dinc məqsədlə fəaliyyət göstərən nüvə reaktorlarında istifadə edilməlidir. İran əvvəllər bu tələbi qəbul etsə də ötən bazar günü xarici işlər nazirinin köməkçisi Abbas Arakçi sürpriz bir bəyanatla çıxış edərək rəsçi Tehranın zənginləşdirilmiş uranın xaricə göndərilməsi kimi bir niyyətinin olmadığını dilə gətirib.

İran razılaşmadan sonra ABŞ, Avropa Birliyi və BMT-nin tətbiq etdiyi sanksiyaların tamamilə ləğv edilməsini istəyir. Tehran ilk növbədə enerji və maliyyə sahəsindəki sanksiyaların dayandırılmasında israr edir. Qərb ölkələri isə sanksiyaların əvvəlcə təxirə salınmasını, daha sonra tamamilə ləğv edilməsini istəyir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR