Saqqal və hicab problemi
Bizi izləyin

Dünya

Saqqal və hicab problemi

Tacikistanda saqqal və hicab təhlükəli şeylərə çevrilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, son bir neçə həftə ərzində Tacikistan milisi onlarca saqqallı kişini saxlayaraq saqqallarını qırxıb. Hicablı qadınlar da onlara milis tərəfindən aşırı diqqətdən narahatdırlar.

Tacikistan prokurorluğu və DİN hazırda milsin belə hərəkətlərindən edilmiş şikayətləri araşdırır. Tacikistan Daxili İşlər Nazirliyindən bildiriblər ki, belə hallar yolverilməzdir,amma şübhə doğuran şəxslərə qarşı planlı tədbirlər bundan sonra da davam etdiriləcək.

Müşahidəçilər qeyd edirlər ki, saqqal və hicaba qarşı tədbirlərin arxasında cəmiyyətin radikallaşmasının qarşısını almaq və dünyəvi həyat tərzini qoruyub saxlamaq istəyi dayanır.

Tacikistan İslam Partiyası ölkə müsəlmanlarına qarşı hərəkətlərlə əlaqədar insan haqları müvəkkilinə müraciət ediblər.

Radikalın əlaməti

Ekspertlərin fikrincə, saqqal və hicab radikallaşmanı göstərən əsas əlamətlərdir.

“Məni günün-günorta çağında mülki geyimlilər tutub niyə saqqal saxladığımı soruşdular. Saqqalın qadağan olması barədə hansısa məxfi qanuna əsaslanaraq məni şöbəyə aparıb saqqalımı qırxdılar. Özü də dedilər ki, hara istəsəm, şikayət edə bilərəm”, ” – Soqd polisində islahatlar üzrə ictimai şuranın üzvü Rustam Qulov deyib.

Rustam Qulov baş vermiş hadisə ilə bağlı ölkə prezidenti Emomali Rahmonova, habelə prokurorluğa və Daxili İşlər Nazirliyinə məktubla müraciət edib.

"Milislər mənə dedilər ki, bu hökumətin siyasətisdir. Saqqal saxlamaq olmaz. Nazirlikdən mənə verilən saymazyana cavabdan belə başa düşdüm ki, bu işi görənlərə uzaqbaşı töhmət verəcəklər”.

Bununla belə milisin bu cür hərəkətləri ilə üzləşənlərin əksəriyyəti təqib olunacaqlarından qorxaraq şikayət etmirlər.

“Milislər məni saxlayanda dostlarımla evimizin yanındakı küçədə durmuşdum. Onlarca insan mənim zorla maşına basılıb bərbərxanaya aparılmağımın, orada isə saqqalımın qırxılmasının şahidi olublar. Həm də bu zaman milislər məni, müsəlmanları təhqir edərək bizə vəhabi və dövlətin düşmənləri deyirdilər” – Düşənbə sakini Erac Nekkadamov bildirib.

Nekkadomov deyib ki, saqqalın qırxılması müsəlman üçün ağır təhqirdir. Bununla belə o, faydası olmayacağını düşündüyündən şikayət etməyib.

Şikayətlər

Çoxsaylı narazılıqlardan və sosial mediada bu məsələyə geniş maraqdan narahat olan Tacikistan Daxili İşlər Nazirliyi öz işçilərinin “özbaşınalığını” pisləyib və bu hərəkətləri qanunsuz adlandırıb. Buna baxmayaraq bir milis işçisinə də cəza verilməyib.

Daxili işlər nazirinin müavini İkrom Umarzoda mediaya bildirib ki, alınan şikayətlərə baxılır və müvafiq tədbirlər mütləq görüləcək.

Lakin bir çox milis əməkdaşları şəxsi söhbətlərdə deyirlər ki, onlar hicablı və saqqallı vətəndaşlara qarşı tədbirləri yuxarıdan verilmiş şifahi direktivlər əsasında icra edirlər.

Tacikistan hökuməti yanında dini işlər qurumu da məlumat verir ki, saqqal və hicaba qarşı heç bir hökumət sərəncamı yoxdur. Komitə həmçinin saqqal və hicab gəzdirilməsinə guya icazə verən sənəndləri satan fırıldaqçılardan ehtiyatlı olmağa çağırır.

Komitənin saytında belə “icazə sənədi”nin şəkli də dərc olunub.

Dini işlər üzrə komitədə bildirirlər ki, hicab və saqqala icazə verən sənədlərin olması barədə deyilənlər absurddur.

Prezident: Qara paltar geyinməyin...

Bu arada Düşənbədə dini geyimlərin satışı ilə məşğul olan dükanlar da sıxışdırıldıqlarından gileylənirlər.

"Bizə milisdən gəlirdilər və deyirdilər ki, dükanı bağlayaq. Guya hicabların, uzun xalatların satışı qadağandır” – Düşənbə bazarındakı dükanlardan birinin sahibi deyib.

Tacikistan vətəndaşlarının geyiminə diqqət yetirən təkcə hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri deyil. Ölkə prezidenti Emamoli Rahmonov bu barədə hətta ayrıca çılxış edib.

“Yad dəyərlərin arxasınca sürünməyin, özgə mədəniyyətlərə pərəstiş etməyin. Ənənəvi rəngləri olan və forması olan paltarları geyinin. Qara paltarlar geyinməyin. Axı tacik qadının matəm paltarının da ənənəvi rəngi ağdır” – prezident vurğulayıb.

Bu məsələyə rəsmi dövlət televiziyası da xüsusi proqramlar həsr edir. Bu verilişlərdə hicab və saqqalın ölkə gənclərinə mənfi təsirlərindən söz açılır. Ənənəvi olaraq tacik qadınları başlarına yaylıq bağlayırlar. Lakin son illərdə ölkədə hicablanan qadınların sayı artır. Bu da qeyd olunmalıdır ki, ölkənin tədris ocaqlarında hicab qadağan edilib.

Sürətli islamlaşma

Tacikistanda müsəlman hicabları iş axtaranlar üçün ciddi maneə yaradır.

İslamlaşmanın templəri Düşənbədə, Soqd və Xatlon vilayətlərində xüsusilə hiss olunur. Lakin rəy sorğularından bəlli olur ki, dinə meyl heç də həmişə könüllü olmur.

Rəsmi rəqəmlərə görə Tacikistan əhalisinin 99 faizi müsəlmandır. Dağlıq Bədəxşan rayoununda yaşayan azsaylı şiə ismaililər nəzərə alınmazsa, müsəlmanların əksəriyyəti sünni hənəfilərdir.

Tacikistanda din dövlətdən rəsmən ayrıdır. Reallıqda isə hakimiyyət ölkədəki dini qurumların işinə fəal müdaxilə edir. Əslində cümə namazı aparan imam-xətiblərin seçilməsi də hakimiyyətin icazəsi olmadan baş vermir.

Düşənbədə narahatdırlar ki, dövlətin və ailənin nəzarətindən kənarda qalan gənclər radikal əhval-ruhiyyəli dini qrupların təsiri altına düşə bilər və ya Tacikistana yad islami cərəyanlara qoşula bilərlər.

Nüfuz çatışmazlığı

Lakin politoloqlar əmindirlər ki, cəmiyyətdəki radikallaşma ölkədə milli ideologiyanın olmaması, rəsmi dini rəhbərliyin nüfuz sahibi sayılmaması və həllini tapmamaış sosial problemlərdir.

"Tacikistan hakimiyyəti sosial-iqtisadi problemləri hələ də həll edə bilməyib. Onlar radikallaşmaya mənfi təsir göstərən miqrant axınının qarşısını da ala bilməyiblər. Bunun əvəzində ölkədə korrupsiysa bir neçə dəfə artıb, yerliçilik, klançılıq geniş yayılıb” – deyir Mexmonşo Şarifov.

“Bütün bunlar əhalinin böyük bir hissəsinin narazılığına səbəb olur. Hakimiyyət nə edir? Onlar bu problemin səbəbini çözmürlər. Onlar düşmən obrazı yaradır və sonra bu obrazı nəzarətlərində olan media ilə ölkə əhalisinə sırıyır və əslində islahat aparmaq istəyənlərə qarşı çıxış edirlər. Düşmənlər hakimiyyətdən narazı olan müxalifət əhval-ruhiyyəli adamlardır. Lakin Düşənbədə başa düşmürlər ki, qondarma düşmənlə mübarizə ölkənin immunitetini zəiflədir və doğrudan da artan terrorçuluq və ekstremizm qarşısında onu zəif salır” – Mexmonşo Şarifov əlavə edib.

Qayıdanlar təkrar gedirlər

Keçmişlərdə Tacikistan müsəlman ölkələrindən oradakı dini məktəblərdə oxuyan minlərlə tələbə və şagirdi geri qaytara bilib. Lakin onların böyük əksəriyyəti işsizlik və təhlükəszlik xidmətlərinin aşırı diqqətinə görə ölkəni təkrar tərk ediblər.

Rəsmi Düşənbə Tacikistan vətəndaşlarının vətənə qaytarılması üçün İran, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Misir və bir sıra başqa ölkələrlə danışıqlardadır. Tacikistan hökuməti həmçinin öz vətəndaşlarının sosial şəbəkələrdəki fəaliyyətinə də nəzarət edir.

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, İraq və Suriyadakı hərbi əməliyyatlarda 300-dək tacik iştirak edir, lakin ekspertlərin fikrincə, Yaxın Şərq münaqişəsinə qoşulmuş Tacikistan vətəndaşlarının sayı bundan qat-qat çox olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm