Lidersiz qalan ölkə: Gürcüstanın “arzu”ları bitdi
Bizi izləyin

Dünya

Lidersiz qalan ölkə: Gürcüstanın “arzu”ları bitdi

Gürcüstanı idarə edən “Gürcü arzusu” koalisiyasının reytinq səviyyəsi ötən ilin sonu ilə müqayisədə iki dəfə azalıb.

Publika.az xəbər verir ki, reytinqin belə kəskin azalması ABŞ Milli Demokratiya İnstitutuna (NDI) sosioloji tədqiqatında özünü göstərir.

“Gürcü arzusu” 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində yerlərin əksəriyyətini qazandı. 2013-cü ilin əvvəlində koalisiyanın reytinqi 60, 2014-cü ilin sonunda isə 50 faiz olub. Məlumata görə, əgər parlament seçkiləri bu gün keçirilərsə, “Gürcü arzusu” 24 faiz səs ala bilər. Sabiq prezident Mixail Saakaşvilinin lider olduğu “Vahid Milli Hərəkat” Partiyasında bu göstərici 12 faiz olub. Rəyi soruşulanların 27 faizi mövqeyini müəyyənləşdirməyib. Respondentlərin 46 faizi isə ümumiyyətlə seçkilərə əhəmiyyət vermədiyini bildirib.

Strategiya və İnkişaf İnstitutunun rəhbəri, Gürcüstanın dövlət dəftərxanasının keçmiş müdiri Pyotr Mamradze və Seçki Tədqiqatları və Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri Nika Çitadze “Gürcü arzusu”nun reytinqinin kəskin düşməsini şərh ediblər. Onların sözlərinə görə, koalisiyanın reytinqinin bu şəkildə düşməsi hər şeydən əvvəl ölkənin pisləşən iqtisadi vəziyyəti və seçkiqabağı vədlərin yerinə yetirilməməsi ilə bağlıdır.

“Obyektiv səbəblər var. Xalq gördü ki, hakimiyyətdə təmsil olunanlar özlərinə böyük maaşlar yazdılar, ən yaxın qohumları və həmkəndlilərini yüksək postlara təyin etdilər. Bütün bunlar isə əhalinin maliyyə durumunun əhəmiyyətli şəkildə pisləşməsinin fonunda baş verib. İnsanlar xeyli kasıblaşıblar. Təqaüdçülər əzab çəkir. Arzularının gerçəkləşəcəyini gözləyən insanlar çox sarsılıblar. Ortaya çıxan reytinq də bunun nəticəsidir”, - Mamradze vurğulayıb.

Sorğuda əsas diqqət çəkən isə odur ki, insanlar bütövlükdə siyasi partiyalara etibar etmirlər və ümumiyyətlə “Gürcü arzusu”na alternativ görmürlər.

Mamradze hesab edir ki, partiyalar əsasən populizm və demaqoqluqla məşğuldur: “İnsanların 97 faizi inanırdı ki, Saakaşvili korrupsiyaya qalib gələcək. Və sonra məlum oldu ki, Saakaşvili korrupsiyaya qalib gələ bilmədi. Eyni ümid “Gürcü arzusu”na, İvanişviliyə bəslənilirdi. Amma bu ümidlər də özünü doğrultmadı. Xalq partiyalardan yorulub. Hazırda ictimai rəydə belə bir fikir hökmranlıq edir ki, onların qayğısına qalacaq lider yoxdur, yalnız özləri haqqında düşünürlər və buna görə də hakimiyyətə gəlmək istəyirlər”.

Nika Çitadze qeyd edir ki, “Gürcü arzusu”nun reytinqinin azalması ictimai-iqtisadi vəziyyətin pisləşməsi və iqtisadi artımın azalması ilə bağlıdır: “Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirmələrinə görə, 2015-ci ildə ümumi daxili məhsulun artımı 5 faizdən 2 faizə qədər azalacaq. Bu isə Gürcüstanın hər bir vətəndaşının iqtisadi maraqlarında kəskin şəkildə əks olundu. “Gürcü arzusu”nun verdiyi vədləri yerinə yetirməməsi insanlarda məyusluq yaratdı. İnsanlar siyasi partiyaların fəaliyyətindən də narazıdırlar. Məsələn, 2013-cü ilin oktyabrında prezident seçkilərində seçici fəallığı 46 faiz təşkil etdiyi halda, bələdiyyə seçkiləri zamanı seçki məntəqələrinə təxminən 43 faiz seçici gəldi. İnsanlar bütövlükdə ölkədəki siyasi proseslərdən narazıdırlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm