Dünyanı qorxudan gizli plan ortaya çıxdı
Bizi izləyin

Dünya

Dünyanı qorxudan gizli plan ortaya çıxdı

Tehranın Qərblə razılaşaraq nüvə proqramını davam etdirməsi Yaxın Şərqdə, xüsusilə Səudiyyə Ərəbistanında narahatlığı artırıb.

Publika.az xəbər verir ki, İngiltərənin “Times” nəşri Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmağa hazır olduğunu iddia edib.

“Səudiyyə Ərəbistanı üçün vaxt gəldi. Krallıqla Pakistan arasında uzun müddətdir icrasını gözləyən bir razılaşma var”, - nəşr adını açıqlamadığı amerikalı bir kəşfiyyat səlahiyyətlisinə istinad edərək yazıb.

“Times” Səudiyyənin keçmiş kralı Abdullahın 2009-cu ildə amerikalı rəsmilərə söylədiyi “Tehran nüvə silah əldə etsə, biz də əldə edəcəyik” xəbərdarlığını xatırladıb. Kral Abdullahın konkret olaraq ABŞ-ın Orta Şərq nümayəndəsi Dennis Rossa bu barədə xəbərdarlıq etdiyi bildirlir. Kralın həmin tarixdən sonra amerikalılara bu mövzudakı niyyəti barədə saysız-hesabsız mesajlar göndərdiyi iddia olunur.

Xatırladaq ki, eyni tipli xəbərdarlıq keçmiş kəşfiyyat şefi, Səudiyyə Krallığının şahzadəsi Səud-Əl-Feysal tərəfindən bu ilin mart ayında səsləndirilib. O qeyd edib ki, İran nüvə proqramını davam etdirərsə, Səudiyyə Ərəbistanı qeyri-nüvə dövləti statusundan imtina edə bilər. Onun sözlərinə görə, İranla nüvə danışıqları aparan “altılıq” Tehranı uranın zənginləşdirilməsindən tamamilə imtina etməyə inandıra bilməsə, sonradan bütün Yaxın Şərq nüvə silahlanmasına başlayacaq.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında nüvə əməkdaşlığı barədə iddianı qiymətləndirən İngiltərənin keçmiş xarici işlər naziri Lord Devid Oven hesab edir ki, aralarındakı yaxın əlaqə və hərbi münasibətlər baxımından Pakistanın hər an Səudiyyəyə nüvə başlıqlı raketlər verə biləcəyini söyləmək olar.

Bölgədə gedən prosesləri izləyən mütəxəssislər hesab edir ki, İran, ardınca da Səudiyyənin nüvə silahı əldə etməsi bölgədəki digər ölkələrdə də bənzər istəyin baş qaldırmasına gətirib çıxara bilər.

BBC Səudiyyə Ərəbistanının əlində 2500 kilometr mənzilli və nüvə başlığı daşıya biləcək raketlər olduğunu yazıb. Britaniya telekanalı bundan əvvəl də Səudiyyə Ərəbistan-Pakistan nüvə əməkdaşlığı barədə iddialar səsləndirilib. BBC hələ ötən il yazıb ki, Səudiyyə faktiki olaraq, atom bombasına sahib olub və yeni raketləri Pakistana satıb. Amma bu cür iddialar dəfələrlə gündəmə gəlsə də, heç vaxt təsdiqini tapmayıb.

Qeyd olunub ki, telekanala danışan çoxlu sayda mənbə Səudiyyə Ərəbistanının Pakistanın nüvə layihələrinə sərmayə qoyduğunu və bunun qarşılığında istədiyi zaman bu ölkədən nüvə başlıqları ala biləcəyini söyləyir. BBC-nin diplomatiya və müdafiə üzrə redaktoru Mark Urban sözügedən iddiaları şərh edərək ötən illərdə baş verənləri, gizli rəsmi yazışmaları, mütəxəssislərin fikirlərini xatırladıb. Ötən ilin əvvəlində NATO-nun üst səviyyəli bir səlahiyyətlisi Pakistanda Səudiyyə Ərəbistanı üçün istehsal olunan nüvə silahlarının nəql edilməsinə dair kəşfiyyat hesabatlarıni gördüyünü söyləmişdi.

2013-cü ilin ilin sonlarında isə İsrail hərbi kəşfiyyatının keçmiş rəhbərlərindən olan Amos Yadlın İsveçdə keçirilən bir konfransda bildirmişdi ki, İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı bir ay belə gözləməyəcək. “Pulu ödəyiblər, bombaları hazırdır. Pakistana gedib ehtiyacı olan qədər götürüb dönəcəklər”, - o deyib.

Ancaq Qərbin İsraildən sonra Yaxın Şərq regionunda ikinci bir dövlətə nüvə silahına sahib olmağa imkan verəcəyi heç inandırıcı görünmür. Bu Qərbin NATO-dakı strateji partnyoru Türkiyə olsa belə.

Əlavə edək ki, Səudiyyə Ərəbistanı ötən ilin sentyabr ayında Cənubi Koreya ilə nüvə əməkdaşlığı haqqında razılaşma imzalayıb. Sənədə əsasən, Seul Səudiyyə Ərəbistanında iki nüvə reaktoru tikəcək. Bundan başqa, Ər-Riyad Çin, Fransa və Argentina ilə analoji razılaşmalar imzalayıb. Səudiyyə hakimiyyəti yaxın 20 il ərzində 16 atom reaktoru tikmək niyyətində olduğunu elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm