Bin Ladenin kitabxanasındakı kitablar - SİYAHI
Bizi izləyin

Dünya

Bin Ladenin kitabxanasındakı kitablar - SİYAHI

Ötən həftə “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin son sığınacağından tapılan sənədlər məxfilikdən çıxarıldı. Dünyanın “bir nömrəli terrorçu”sunun son sığınacağında 266 kitabdan ibarət kitabxana da aşkarlanıb.

Publika.az “New York Times” nəşrinə istinadən xəbər verir ki, Laden daha çox Qərb müəllifləri tərəfindən onun ən məşhur əməlinin – 2001-ci il 11 sentyabr terror aktının necə təsvir edilməsi ilə maraqlanırdı.

Bin Ladenin kitabxanasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti Maykl Şoeranın “İmperiya lovğalığı: Qərb terrorla müharibəni niyə uduzur” kitabı tapılıb. Müəllif “Əl-Qaidə”nin banisini “ən hörmətli, sevimli, romantik və cazibədar” adlandırır. MKİ-nin keçmiş zabitinin fikrincə, ola bilsin ki, Laden islamın son 150 illik tarixi üçün ən bacarıqlı fiqurdur.

Kitabxanada həmçinin konspiroloq (sui-qəsd nəzəriyyəsi ilə məşğul olanlar) Maykl Çossudovskinin “Amerikanın terrora qarşı müharibəsi” kitabı aşkar edilib. Kitabda iddia edilir ki, 11 sentyabr terror aktı Amerikanın Yaxın Şərqə müdaxiləsi üçün yalnız bəhanə idi və Bin Laden obrazı ümumi qorxu atmosferinin yaradılması üçün ABŞ tərəfindən yaradılmışdı.

Məxfilikdən çıxarılan siyahıda həmçinin incəsənət və sağlam həyat tərzi ilə bağlı kitablar var. Qeyd edilir ki, son kitab “evin başqa sakinləri tərəfindən istifadə oluna” bilərdi. Bəzi kitablar tarix və ya jurnalistika ilə bağlıdır: “Obamanın müharibələri” (Bob Vudvor), “Yüksəliş və böyük dövlətlərin enişi” (Pol Kennedi), “ABŞ və Vyetnam 1787-1941-ci illər” (Robert Xopkins Miller).

Ladenin kitabxanasında həmçinin sui-qəsd nəzəriyyələrinə həsr olunan kitablar var idi. Onlardan biri olan “Federal ehtiyat sisteminin sirri” (Yustasa Mullins) kitabında Xolokost inkar edilir. Deyilənə görə, Laden müəllimi Abdulla Azzamın “Müsəlman torpaqlarının müdafiəsi” və "Karvana qoşul” kitablarını daha çox oxuyurdu. Hər iki kitabın mövzusu cihaddır.

“Bir nömrəli terrorçu”nun son sığınacağından Fransaya həsr edilmiş sənədlərin olduğu qovluqlar, həmçinin sol düşərgəyə aid olan yazıçıların kitabları aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm