Həbsxanadan qaçan iki məhbusun axtarışına 300 polis cəlb edildi - FOTO
Bizi izləyin

Dünya

Həbsxanadan qaçan iki məhbusun axtarışına 300 polis cəlb edildi - FOTO

İyunun 5-də ABŞ-ın Nyu-York ştatındakı ciddi rejimli Clinton Correctional Facility həbsxanasından qaçan iki təhlükəli caninin axtarışında 300 polis cəlb edilib.

Publika.az-ın məlumatına görə, polislər Meksika ilə sərhəd tam nəzarətə götürüblər. Dannemor şəhəri ətrafındakı bütün yollara patrullar yerləşdirilib, şəhərin özündə isə axtarışlar davam edir. Bu, 170 illik tarixə malik, 2689 nəfərin saxlandığı həbsxanadan ilk qaçışdır.

İnsan qaçırılmasına və qətlinə görə 25 il həbs cəzasına məhkum edilən 49 yaşlı Riçard Mett və şerifi qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan 35 yaşlı Devid Suit güclü alət vasitəsilə polad arakəsməni, sonra isə kanalizasiya borusunu kəsərək həbsxanadan qaçmağa müvəffəq olublar. Həbsxananın 12 metrlik hasarından 180 metr aralıda kanalizasiya lyukundan çıxdıqdan sonra onlar polislər üçün “xoş günlər” arzulayan qeyd də qoyublar.

Bu qeyddən əlavə, canilər özlərindən sonra indiyədək cavabı tapılmayan bir çox sual da qoyublar. Onlar kəsici aləti necə əldə ediblər? Həbsxananın planını haradan tapıblar? Kənardan kömək alıblarmı?

Hadisə yerinə gələn Nyu-York ştatının qubernatoru Endryu Kuomo CNN telekanalına verdiyi müsahibəsində canilərin özlərinin belə alətləri əldə etməsinə şübhə ilə yanaşdığını bildirib və hər bir caninin yaxalanması üçün 50 min dollar məbləğində mükafat vəd edib.

Dannemora şəhərindəki ciddi rejimli Clinton Correctional Facility həbsxanası, əsasən yaxınlıqda yerləşən dəmir filizi yataqlarını işçi qüvvəsi ilə təmin etmək üçün 1844-cü ildə tikilib. 1892-ci ildən 1913-cü ilədək onun divarları arxasında elektrik stulu vasitəsilə 26 edam cəzası icra olunub. ABŞ tarixində dəmir barmaqlıqlar arxasında ən uzun həbs müddəti keçirmiş qatil Pol Qeydel də məhz bu həbsxanada saxlanılıb. 1911-ci ildə məhkum olunan Qeydel 68 il və 245 gündən sonra 86 yaşında ikən əfv edilib. Clinton Correctional Facility hazırda Nyu-York ştatının ən iri ciddi rejimli həbsxanasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm