Lukaşenko növbədənkənar seçkilərə gedir
Bizi izləyin

Dünya

Lukaşenko növbədənkənar seçkilərə gedir

Belorusda prezident seçkiləri oktyabrın 11-də keçirilə bilər.

Publika.az Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

Onun sözlərinə görə, parlament yay tətilinə çıxana kimi, yəni 30 iyun tarixinə qədər seçki kampaniyasının başlanmasını elan edə bilər. Qeyd edək ki, prezident seçkilərinin 15 noyabrda keçirilməsi planlaşdırılır.

Prezident Aleksandr Lukaşenko dünən söz verib ki, seçkilər “şəffaf və Konstitusiya üzrə” keçiriləcək və müşahidəçilərə heç bir maneə olmayacaq. Lukaşenko hələ ötən ilin payızında bildirmişdi ki, hər şey normal keçsə və səhhəti imkan versə, növbəti seçkilərdə iştirak edəcək. Ötən ay isə prezident beşinci dəfə bu posta iddialı olduğunu açıqladı.

Prezident seçkilərində Lukaşenkonun rəqibləri Birləşmiş Vətəndaş Partiyasının lideri Anatoli Lebedko, Liberal Demokrat Partiyasının sədri Sergey Qaydukeviç, “Ədalətli dünya” Partiyasının rəhbəri Sergey Kalyakin və “Həqiqəti danış” ictimai kampaniyasının nümayəndəsi Tatyana Korotkeviçdir.

“Həqiqəti danış” kampaniyanın təşəbbüskarı, 2010-cu il prezident seçkilərində namizəd olan Vladimir Neklyayev son aylarda müxalifətin vahid namizədini müəyyənləşdirmək və vahid proqramı formalaşdırmağa çalışsa da, bunun mümkün olmadığını qeyd edib. “Biz əvvəlki kimi parçalanmış strukturlara malikik. Müxalifət partiyaları bir-birinə yardım haqqında formal müqavilələr bağladılar, amma öz aralarında mübarizə davam edirlər", - Neklyayev qeyd edib.

“Belarus Xalq Cəbhəsi”nin rəhbəri Aleksey Yanukeviç da təsdiqləyib ki, vahid namizəd ən yaxşı variant olardı. O, etiraf edir ki, müxalifətin qələbə şansları minimuma yaxındır. Yanukeviç bunun səbəbini hakimiyyətin təzyiqləri ilə izah edir: “Ölkədə siyasi fəaliyyət azadlığı yoxdur və seçki prosesi prezident administrasiyasının tam nəzarəti altındadır. Bundan başqa, dövlət təbliğatı Ukraynadakı hadisələrin nümunəsində belorusları qorxudur”.

Bununla belə, ekspertlər hesab edir ki, iqtisadiyyat seçki kampaniyasında Aleksandr Lukaşenkonun rəqiblərinin əsas “kozır”ı olacaq. Ötən həftə prezidentin özü bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə Belarus 3 milyard dollar itirib. “Beloruslar artıq böyük gərginlik içindədirlər. Maaşlar dondurulub, müəssisələrin çoxu həftədə üç-dörd gün işləyir. Payız aylarına qədər isə iqtisadiyyatın durumunun pisdən iyrəncə keçməsini, həmçinin malların qiymətlərinin qalxmasını gözləmək lazımdır”, - Yanukeviç deyib.

Siyasətçinin sözlərinə görə, bu səbəbdən də noyabrın 15-də keçirilməsi planlaşdırılan seçkilərin oktyabrın 11-də keçirilməsinə qərar verilib: “Bu elə bir vaxtdır ki, belarusların bağ ehtiyatları hələ tükənməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm