“Əsrin qaçışı”nı təşkil edənlərdən biri öldürüldü
Bizi izləyin

Dünya

“Əsrin qaçışı”nı təşkil edənlərdən biri öldürüldü

ABŞ-ın Nyu-York ştatındakı Klinton həbsxanasından bu ayın əvvəlində qaçan iki məhbusdan biri öldürülüb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Nyu-York polisləri “əsrin qaçışı”nı təşkil edənlərdən biri – 49 yaşlı Riçard Metti vurub.

Ştatın qubernatoru Endrü Kuomon bildirib ki, qanun keşikçiləri Mettiyə atəş açmağa məcbur olublar. Qubernator onun silahlı olduğunu və polisin tabe olmaq barədə tələblərini yerinə yetirmədiyi deyib. Oğurluqda və qətl törətməkdə ittiham olunan Metti 25 il azadlıqdan məhrum edilmişdi.

“Əsrin qaçışı”nı təşkil edən digər məhbus - 35 yaşlı Devid Sviti tapmaq hələ mümkün olmayıb. Svitin axtarışları davam edir. Təsdiq edilməmiş məlumatlara görə, o, Kanada sərhədinə doğru hərəkət edə bilər. Bundan başqa, Svitin Mettinin öldürüldüyü Leyk-Tartusda olması istisna edilmir.

Hesab edilir ki, qatillər həbsxananın iki əməkdaşı - 57 yaşlı Cina Pelmera və 51 yaşlı Coys Mitçellin köməyi ilə qaçıblar. Hazırda onlar həbsdədirlər. Amerika KİV-in yazdığına görə, Metti və Mitçel arasında eşq münasibətləri olub. Baxmayaraq ki, Mitçelin əri var və o, həmin həbsxanada işləyir.

Svit şerifi öldürdüyü üçün ömürlük azadlıqdan məhrum olunmuşdu.

Qeyd edək ki, cinayətkarlar həbsxanadan 5 iyun gecəsi qaçıblar. Onlar qaldıqları kameraların divarını deşərək binanın kanalizasiya sisteminə çıxmağa müvəffəq olub və nəticədə kanalizasiyanın küçəyə açılan tərəfi ilə həbsxanadan qaçmağı bacarıblar. Metti və Svit bununla da məşhur Şouşenkdən qaçış” filminin ssenarisini olduğu kimi təkrarlayıblar. Nyu-Yorkun şimalında yerləşən bu həbsxanadan 150 il ərzində heç bir məhkum qaça bilməmişdi.

Cinayətkarların tutulmasına yardım üçün 100 min dollar mükafat təyin edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm