Kiyev Krımı işıqsız qoydu
Bizi izləyin

Dünya

Kiyev Krımı işıqsız qoydu

Ukrayna bu gündən Rusiya qazının alınmasını və Krıma elektrik enerjisinin çatdırılmasını dayandırıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın “Naftoqaz” və “Ukrenerqo” şirkətləri bu barədə Rusiya tərəfinə rəsmən xəbərdarlıq edib.

Elektrik enerjisinin çatdırılması 1 iyul saat 00:00-dan dayandırılıb. Rusiyanın energetika nazirinin müavini Andrey Çerezovanın rəhbərliyi altında təcili müşavirə keçirilib. Müşavirədə Krım yarımadasının elektrik enerjisi ilə təchizatı yolları müzakirə edilib. Məlumata görə, Energetika Nazirliyi vəziyyəti xüsusi nəzarət altına götürüb.

Krımda elektrik enerjisinin istehlakı 1,4 qiqavatt təşkil edir, bunun 1,2 qiqavatı isə Ukraynadan idxal edilir. Sevastopol şəhərinin rəhbərliyindən bildirilib ki, əllərindəki bütün dizel generatorları şəhərin ictimai baxımdan əhəmiyyətli obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün işə salmağa hazırdırlar. Əhalinin enerji tələbatının isə hansı yollarla təmin edilməsi barədə məlumat verilməyib.

Hazırda Krım Ukraynanın birləşmiş energetika sistemindən, xüsusi halda Zaporojye İstilik Elektrik Stansiyası və Nikolayev Atom Elektrik Stansiyasından asılıdır. Krımın özündə isə elektrik enerjisi istilik, günəş və külək elektrik stansiyalarında istehsal olunur. 2014-cü ilin dekabrında Rusiyanın "İnter RAO EES" (Rusiya Energetika və Elektirikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkəti və “Ukrinterenerqo” arasında Krımın fasiləsiz elektrik enerjisi ilə təchizatına əvəz olaraq Rusiyadan Ukraynaya elektrik enerjisinin çatdırılmasına dair müqavilə imzalanıb.

Ekspertlər hesab edir ki, Ukrayna tərəfinin qəbul etdiyi son qərar Ukraynaya satılan qazın endirimi üzrə danışıqlarda Rusiyaya təzyiq göstərmək məqsədilə verilib.

Ukrayna 2015-ci ilin üçüncü rübündə Rusiya qazını almayacağını bildirib. Belə bir bəyanatla 30 iyunda Rusiya və Avropa Birliyi ilə üçtərəfli danışıqların müvəffəqiyyətsizliyindən sonra Ukraynanın energetika və kömür sənayesi naziri Vladimir Demçişin çıxış edib. Onun sözlərinə görə, Rusiya qazına əvəz tapıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm