Azərbaycanlı məktəblilər dünyanın ən böyük müsabiqəsində mükafatlandırıldı - FOTO
Bizi izləyin

Elm və təhsil

Azərbaycanlı məktəblilər dünyanın ən böyük müsabiqəsində mükafatlandırıldı - FOTO

Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində mayın 13-dən 18-dək Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanı bu nüfuzlu müsabiqədə bu ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri - akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil ediblər.

Layihələrdən ikisi - akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüb.

Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırırlar. Təsadüfi deyil ki, 20-dən çox Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib olublar. Qeyd edək ki, müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dolları məbləğində “Qordon Mur” mükafatının sahibi avstraliyalı məktəbli Oliver Nikols olub.

1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil edən məktəblilər “Sabahın alimləri” müsabiqəsində seçilir. Fevral ayında təşkil olunan müsabiqənin ölkə turunda ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə iştirak edib. İştirakçıların 40 faizini region məktəbliləri təşkil edib, 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 olub.

Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə 8 kateqoriya üzrə seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm