Yanan zinət əşyalarının pulunu kim ödəyəcək: sığorta şirkətləri, yoxsa vətəndaşlar?
Bizi izləyin

İqtisadi gündəm

Yanan zinət əşyalarının pulunu kim ödəyəcək: sığorta şirkətləri, yoxsa vətəndaşlar?

Yanan zinət əşyalarının pulunu kim ödəyəcək: sığorta şirkətləri, yoxsa vətəndaşlar?

“Moskva” Univermağı son 5 ayda yanan altıncı ticarət obyekti olaraq tarixə keçdi. Ötən gün “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi binada yanğın baş verməsi, bu gün isə “Moskva” univermağının yanması xəbəri ticarət mərkəzlərində canımızın və malımızın təhlükəsizliyi məsələlərini gündəmə gətirir.

Ticarət mərkəzlərində baş verən hadisələrdən satıcıları və alıcıları kimlər, necə sığortalamalıdır? Yanğın nəticəsində qızılların yanması istehlak bazarında qızılın qiymətinə necə təsir edəcək? Dəymiş ziyan sığorta şirkətlərinin hesabına ödəniləcək yoxsa, vətəndaşların? Bu suallara ekspertlər aydınlıq gətirəcək.

Hüquqşünas Müzəffər Baxışov Publika.Az-a açıqlamasında bildirib ki, ticarət mərkəzləri mərkəzləşdirilmiş qaydada idarə olunur. Ticarət obyektinin rəhbərliyi daşınmaz əmlak kimi icbari sığorta müqaviləsi bağlamalıdır. Orada çalışan hər bir sahibkar da fərdi qaydada əmlakını sığorta bağlaya bilər.

Daşınmaz əmlakla bağlı icbari sığorta olunubsa, dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənməlidir . Bundan başqa, icbari sığortada üçüncü şəxs qarşısındakı məsuliyyətə görə də sığorta haqqı ödənilir. Əgər sübut olunsa ki, daşınmaz əmlakın mülkiyyətçisinin icbari sığortası var, bu yanğın hadisəsi onun səhlənkar hərəkətləri nəticəsində baş verib, o zaman əmlakı yanan şəxslərə icbari sığorta tərəfindən kompensasiya ödəniləcək.

Hüquqşünas onu da qeyd edib ki, bir qayda olaraq Azərbaycanda sahibkarlar qanunvericiliyin tələblərinə əməl etmirlər, icarə müqaviləsi bağlamırlar. İcarə müqaviləsi yoxdursa, belə hallarda sığorta haqqının ödənilməsi zamanı problemlər yaranır. Buna nəzarət olunmalıdır. Sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində icbari məsuliyyət nəzərdə tutulur.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, “Moskva” univermağının yanması zinət əşyalarının yanması qiymətlərə təsir göstərməməlidir: “Çünki qızılın ölkəyə gətirilməsi ilə bağlı şərtlər dəyişdirilməyib. Qızılın qiymətində artım baş verəcəksə bu artıq iqtisadi əsaslı deyil, süni qiymət artımı olacaq. İqtisadiyyat və Sənaye Nazirliyi birmənalı şəkildə bazarda qızılın qiymətinin artmasına qarşı mübarizə aparmalıdır. Sahibkarlar yanğın nəticəsində onlara dəyən ziyanı vətəndaşların cibindən çıxarmamalıdır. Bu nə iqtisadi, nə də hüquqi baxımdan doğru deyil.”

Ekspertin sözlərinə görə, Azərbaycanda qızlın qiyməti dünya bazarına görə müəyyənləşdirirlir:“Azərbaycan sahibkarları qızılı daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliyindən idxal edirlər. Dünya bazarında qızılın qiymətinin artması müşahidə edilir. Son 6 ayda dünya bazarında qızılın qiyməti təxminən 7% artıb, son bir ayda isə 5% artım qeydə alınıb. Bu baxımdan dünya bazarında qızılın qiymətinin artması Azərbaycanda qızılın istehlak bazarında qiymətlərin artmasına səbəb ola bilər.”

Qeyd olunan məsələlərlə bağlı “Moskva” Univermağının rəhbər şəxslərindən münasibət öyrənməyə çalışsaq da, ticarət mərkəzindən orada rəhbər şəxslərdən heç kimin olmadığı bildirildi.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm