Komitə sədri nazirə təşəkkür etdi
Bizi izləyin

İqtisadi gündəm

Komitə sədri nazirə təşəkkür etdi

“Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də artıq öz bəhrəsini verir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

O, Azərbaycanda iqtisadi inkişaf strategiyasının düzgün istiqamətdə aparıldığını söyləyib:

“Ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu istiqamətdə apardıqları işlər və göstərdikləri səylər nəticəsində bütün şəhərlər və 25 rayon (cəmi 56 rayonun 45 faizi) gələn il öz xərclərini özlərinin gəliri hesabına ödəyəcəklər. Bu isə o deməkdir ki, həmin şəhər və rayonlar dövlət büdcəsindən dotasiya almayacaqlar. Bu tədbir onları daha yaxşı işləməyə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına sövq edəcək.

Məlumdur ki, qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar bölmə bütün dünya ölkələrində olduğu kimi respublikamızda da dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Ona görə də bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə daim əhatə olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin bazasını təşkil edən aqrar bölmədə məhsul istehsalının artımı, məhsuldarlığın yüksəlməsi, intensivləşmənin genişlənməsi, yeni texnika və texnologiyaların tətbiqi, müasir tələblərə cavab verən emal müəssisələrinin, aqroparkların və digər obyektlərin yaradılmasında əhəmiyyətli işlər görülüb”.

Komitə sədri deyib ki, ölkə üzrə dövlət büdcəsi xərclərinin azalması ilə əlaqədar cari ilə nisbətən gələn il aqrar sahəyə bir qədər az vəsaitin ayrılması bu işlərin əvvəlki həcmdə icrasını təmin etməsə də, təqdim edilən layihənin təhlili kənd təsərrüfatı məhsulları istehsalının artımını və bu sahənin intensiv inkişafı üçün praktiki əhəmiyyət təşkil edən tədbirlər üçün ayrılan vəsaitlərin azalmadığını göstərir:

“Məlumdur ki, məhsul istehsalının artımı üçün ilk növbədə əldə olunan məhsulu qoruyub saxlamaq və itkiyə yol verməmək lazımdır. Bu mənada baytarlıq və fitosanitar tədbirlərə büdcədən ayrılan vəsaitin artırılması diqqətə layiqdir. Belə ki, elə tədbirlər var ki, ona vəsaitin az ayrılması və ya növbəti illərə saxlanması kənd təsərrüfatının ümumi inkişafına həmin büdcə ilində o qədər də təsir göstərmir. Ancaq baytarlıq və fitosanitar tədbirlər vəsaitin az olması səbəbindən lazımi səviyyədə aparılmadıqda onlar hər gün öz mənfi təsirini göstərə bilər. Bu isə milyonlarla itki deməkdir. Odur ki, məsələyə belə düzgün yanaşdıqlarına görə büdcə layihəsini tərtib edənlərə təşəkkür edirəm”.

E.İbrahimov qeyd edib ki, bu məsələ toxumçuluqla məşğul olan təsərrüfatlara ayrılan büdcə vəsaitinin artırılmasında da öz əksini tapıb:

“Bu da onu göstərir ki, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafında intensivləşməni əsas prioritetlərdən biri kimi götürmüş və bu məqsədlə də bitkiçilikdə toxumçuluğun inkişafını təmin etmək üçün büdcədən ayrılan vəsaiti artırmağı nəzərdə tutub. Məhsul istehsalının artımında son illər müsbət nəticələr verən subsudiyalaşma prosesi (əkinlərə, gübrə və yanacağa və sairə görə verilən subsudiyalar) də gələn il əvvəlki illərdə olduğu səviyyədə davam edəcək”.

Deputat söyləyib ki, bu il, ölkə Prezidentinin təşəbbüsü və tapşırığı ilə aqrar sektorun və kənd ərazilərinin davamlı inkişafında mühüm əhəmiyyəti olan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib:

“Hesab edirəm ki, hökumət həmin qanunun tələblərinə uyğun olaraq aqrar sektorun inkişafında qabaqcıl mövqe tutan ölkələrdə olduğu kimi respublikamızda da kənd təsərrüfatı kooperasiyası hərəkatının gücləndirilməsi üçün təsirli tədbirlər görəcək, böyük səmərəsi olan bu işə dövlət dəstəyini əsirgəməyəcək. Kənd təsərrüfatı kooperasiyasının inkişafı həm də ölkəmizə valyuta gətirəcək ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının artımına da təkan verməklə büdcə gəlirlərini artırmağa imkan verəcək. Dünya ölkələrinin təcrübəsi göstərir ki, kənd təsərrüfatına sərf edilən xərclər tezliklə öz səmərəsini verir və böhranlı illərdə ən az zərər görən sahə də aqrar sektordur. Ona görə də bu sahə ölkəmizdə həmişə diqqət mərkəzində olub və hesab edirik ki, bundan sonra da onun inkişafı üçün lazımi tədbirlər görüləcək”.

E.İbrahimov Naxçıvanın blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşdıqlarına görə maliyyə naziri Samir Şərifova minnətdarlıq edib.

Daha sonra komitə sədri 2017-ci ilin büdcə layihəsinin mövcud tələblərə uyğun tərtib edildiyi və deputatları ona səsə verməyə çağırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm