Bakıda "Şəffaflığa doğru birlikdə" mövzusunda vergi konfransı keçirilir - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Bakıda "Şəffaflığa doğru birlikdə" mövzusunda vergi konfransı keçirilir - FOTO

Azərbaycanda Amerika Ticarət Palatasının ( AmCham ) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda vergi konfransı keçirilib.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) İcraçı direktoru Natəvan Məmmədova 6-cı ildir bu cür konfrans keçirildiyini qeyd edib. Onun sözlərinə görə, AmCham ölkədə şəffaf və qabaqcıl biznes mühitinin formalaşmasına dəstək verib.

Natəvan Məmmədova bildirib ki, ölkəyə yatırılan investisiyaların 80 faizi 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən bu palatanın payına düşür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını vurğulayıb və bu sahədə həyata keçirilən islahatların müsbət nəticələr verməyə başladığını qeyd edib. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində ciddi dəyişikliklər aparıldığını və vergi inzibatçılığının təkmilləşdirildiyini diqqətə çatdıran deputat Azərbaycan iqtisadiyyatının inkişaf etməsində və ölkəmizin maliyyə qüdrətinin yüksəlməsində vergi sisteminin böyük əhəmiyyəti olduğunu, vergilərin həcminin ilbəil artmasının ölkəmizdə güclü maliyyə bazasının formalaşmasına şərait yaratdığını, aparılan islahatların ölkədə biznes fəallığının, sahibkarlıq subyektlərinin sayının və iqtisadiyyatın qeyri-neft sektorundan daxil olan vergilərin artmasına səbəb olacağını bildirib: "10 il əvvəl müzakirə etdiyimiz mövzularla bu gün müzakirə etdiyimiz məsələlər arasında köklü dəyişikliklər var. Ölkədə aparılan iqtisadi islahatlar vergi sistemini də əhatə edib. Azərbaycanın vergi qanunvericiliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək səviyyədə qəbul edilir. Azərbaycan qlobal risklərlə üzləşib, xarici ticarət dövriyyəsində 140 ölkənin payı var. Yeni yanaşmalarla cəmiyyətdə konsensus əldə olunmasına cəhd edilir. Prezidentin tapşırığı ilə Vergi Məcəlləsində dəyişikliklər fundamental xarakter daşıyır. Dəyişikliklərin arxasında biznes münasibətlərinin inkişafı, vergi mədəniyyəti, inzibatçılığın yüksəldilməsi, investorlar üçün münbit şərait yaradılması dayanır. Təbii ki, problemlər də çoxdur. Nəğdsiz hesablaşma haqqında qanunun qəbulu iqtisadi problemlərin həlli, dövlətin beynəlxalq aləmdə imicinin artmasına təkan verdi. Bir iqtisadçı və ziyalı kimi məni ən çox narahat edən məqam uçotun aparılması ilə bağlıdır. Əmək müqavilələrinin bağlanmaması ikili uçot imicinə gətirib çıxarır".

Ziyad Səmədzadə AmCham iıə əməkdaşlığın parlamentdə də yüksək qiymətləndirildiyini qeyd edib.
Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov deyib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən, ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır. F.Məmmədov Vergilər Nazirliyinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini deyib.

Vergilər naziri vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

Digər mühüm prinsipin isə sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi olduğunu deyən F.Məmmədov qeyd edib ki, vergi orqanları vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçirilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin təqdim edilməsi əsas götürülüb.

Vergilər naziri Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasətin bundan sonra da davam etdiriləcəyini, Vergilər Nazirliyinin biznes qurumları, xüsusilə də sahibkarları təmsil edən ictimai təşkilatlar və birliklərlə partnyorluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və daha da dərinləşdirilməsində maraqlı tərəf olduğunu və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

AmCham-ın prezidenti Nuran Kərimov Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 6-ci ildir ki, vergi partnyorluğu mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. N.Kərimov bu günkü görüşün məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm