Keyfiyyətli neft məhsullarının istehsalı niyə gec baş tutacaq?
Bizi izləyin

İqtisadi gündəm

Keyfiyyətli neft məhsullarının istehsalı niyə gec baş tutacaq?

Ölkədə keyfiyyətli neft məhsullarının istehsalı niyə gec baş tutacaq?

Ölkədə yanacaq məhsullarının standartları ilə bağlı “Avro-4” ekoloji normasna keçiddən iki ay ötür. Diqqəti çəkən məqam Azərbaycanda buna uyğun yanacağın istehsal olunmamasıdır. Belə ki, Aİ-92 markalı benzin əlavə emal edilməklə Aİ-95-ə çatdırılır. Aprel ayında “Avro-4”-ə keçiddən sonra bu emal işə yaramadığından həmin növ benzin kənardan ixrac edilməli idi. Çünki sözügedən norma benzinin keyfiyyətini qaldırmağı tələb edirdi. Aİ-98 markalı benzini isə neçə il idi ki, kənardan alırıq.

Məsələ bundadır ki, əslində, heç digər yanacaq məhsullarımız da keyfiyyətli deyil. Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, bizdə istehsal olunan yanacağın keyfiyyəti hazırda Avropada ən yüksək standart sayılan “Avro-5” və “Avro-6”-dan 3 dəfə geri qalır. Və bizə həmin standartlara çatmaq üçün 2023-cü ilədək – Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilməkdə olan yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayanadək vaxt lazımdır.

Bütün bunları Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov da rəsmi səviyyədə ilk dəfə təsdiq edib. Belə ki, bu yaxınlarda Bakıda keçirilən "Caspian Oil and Gas-2014" adlı 21-ci beynəlxalq konfransda D. Məmmədov bildirib ki, Azərbaycan “Avro-5” standartına uyğun benzini yalnız 2018-ci ildə istehsal edəcək.

Vitse-prezident qeyd edib ki, ARDNŞ-in məqsədi Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) ildə 3 milyon ton dizel, 3,4 milyon ton benzin, 350 min ton bitum, 100 min ton isə maye qaz istehsal etməkdir. Bunun üçün 2030-cu ilədək 7,5 milyon ton neft emalı prosesini təmin etmək lazımdır. Bu addım həm daxili tələbatı ödəməyə imkan verəcək, həm də az da olsa, ixraca yol açacaq. Bu məqsədə çatmaq üçün isə 42-48 ay vaxt tələb olunur.

Diqqətimizi çəkən məqam ondan ibarətdir ki, bu sahədə hər açıqlamada bir az daha uzaq vaxt vurğulanır. Məsələn, yuxarıda qeyd etdik ki, “Avro-5” və “Avro-6” standartlarına uyğun yanacaq məhsulları istehsal etməyimiz üçün 2023-cü ildə Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilməkdə olan yeni neft-qaz emalı kimya kompleksinin fəaliyyətə başlaması lazımdır.

Halbuki, daha əvvəl onun 2017-ci ildə istifadəyə veriləcəyi söylənilmişdi.

D. Məmmədovun son açıqlamasında isə, müddət kimi 2030-cu il. Başa düşmək olmur ki, ölkədə keyfiyyətli yanacaq məhsullarının istehsal tarixi hər dəfə niyə məhz bu cür uzağa çəkilir.

Məgər, bu, doğrudanmı belə çətin işdir? Bəlkə, maliyyə problemi var? Bu, ola bilməz. Çünki ölkəmizin maliyyə sarıdan heç bir çətinliyi yoxdur. Bəlkə, bunun üçün tələb olunan texnoloji avadanlığı əldə etmək və ya bunları quraşdırmaq çətin başa gəlir? Bu da inandırıcı deyil. Odur ki, qalır sonuncu sual: olmaya, Azərbaycanda keyfiyyətli yanacaq məhsullar istehsal olunmasını istəməyənlər var?

Deyəsən, getdikcə, daha çox məhz bu ehtimalın üzərində düşünmək lazım gəlir. Elə vitse-prezidentin açıqlaması da şübhələnməyə əsas verir. Yeri gəlmişkən, bu ilin əvvəlində Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpası ilə bağlı aparılan uzunmüddətli danışıqlar nəticəsində ARDNŞ-lə Rusiyanın “Transneft” şirkəti arasında haqda imzalanan yeni müqaviləyə (sənədə əsasən, 2014-cü ildə Rusiya ərazisi ilə 1-1,5 milyon ton neft nəql olunacaq) əsasən də yazmışdıq: ölkədə neftdən alınan məhsullara tələbatın durmadan artması və xüsusən də benzin istehsalının yalnız Neft Şirkətinin hasil etdiyi xammalla artırıla biləcəyi fonunda bu anlaşma sual doğurur. Sual budur: ötən il ARDNŞ istiqamətində xam neft ixracının bu ildən dayandırılacağ bildirilibsə, qeyd olunan anlaşma necə izah oluna bilər?

Əlbəttə, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli vacib məsələdir. Ölkəmiz xarici bazarlara bu sahədə nə qədər şaxələnmiş imkanlara sahib olsa belə, şimal marşrutu əsas həlqələrdən birini təşkil edir. Bu həm də siyasi əhəmiyyət kəsb edən məsələdir.

Ancaq daxili tələbatı ödəmək də əsas şərtdir. Bu il ARDNŞ emala 6,7 milyon ton xam neft göndərəcək ki, 2012-ci ildə bu rəqəm 6,2 milyon ton təşkil etmişdi. Keçən il 6,4 milyon ton neft emal olunduğu deyilir. Məlumdur ki, ARDNŞ-in hasil etdiyi neftdən kənar əldə edilən xammal müqavilə şərtlərinə əsasən birgə müəssisələrin ixrac öhdəliklərinin təmin olunmasına yönəldildiyindən, emal oluna bilməz.

Ancaq bizi həm bu, həm də digər xüsusda narahat edən ehtimal məhz ondan ibarətdir ki, dəfələrlə vurğuladığımız kimi, dünya ölkələri iqtisadi cəhətdən iki əsas yerə – xammal və istehsalçı ölkələrə bölündüklərindən bizim birinci qrupa aid olunma təhlükəmiz var. Dünya bazarlarında neftin qiymət rəqslərindən həmişə ixrac ölkələrindən çox, əslində, alıcıların xeyir götürdüyü yaxşı məlumdur. Belə ki, neft alan ölkələrin istehsal malları daha yaxşı realizə olunduğu halda, əks tərəfə məxsus ölkələrdə hasiledicidən kənar, demək olar, bütün sahələrdə istehsal “ölür”.

Odur ki, sual yaranır: ölkəmiz kənar təzyiqlər vasitəsilə xammal təchizatçısı vəziyyətinə sürüklənmir ki?

Yeri gəlmişkən, ARDNŞ-ə məxsus yuxarıda adı çəkilən NEZ-də neftin emalı dərinliyi hazırda 92 faiz təşkil edir. Və bunu 100 faizə çatdırmaq bizcə, elə də böyük səy və vaxt tələb etmir.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm