• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Fikrət Məmmədov Türkiyənin Ali Hərbi Məhkəməsinin sədri ilə görüşüb

Fikrət Məmmədov Türkiyənin Ali Hərbi Məhkəməsinin sədri ilə görüşüb

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyənin Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki Liman ilə görüşüb.

Ədliyyə Nazirliyindən Pubılika.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini, dövlət və hökumət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin daha da genişləndiyini, ədliyyə və məhkəmə orqanları arasında səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən genişmiqyaslı qanunvericilik və institusional tədbirlər, 20-dək yeni regional məhkəmələrin yaradıldığı, hərbi məhkəmə sisteminin təkmilləşdiyi, infrastrukturun müasirləşdiyi diqqətə çatdırılıb. Hakimlərin Avropada ən şəffaf seçiminə, onların tədrisinə toxunularaq qardaş ölkənin Ədliyyə Akademiyasının bu tədbirlərdə, o cümlədən bu günlərdə keçirilən beynəlxalq konfransda fəal iştirakı, habelə Akademiyanın dəstəyi ilə son illər hakimliyə namizədlərin Türkiyədə nəzəri və praktiki təlimlər keçdiyi qeyd olunub.

Azərbaycana ilk səfərindən ötən 13 il müddətində ölkəmizin möhtəşəm inkişafının, o cümlədən iqtisadi və hüquqi sahədə əldə etdiyi yüksək nailiyyətlərin şahidi olduğunu vurğulayan qonaq xalqlarımız arasında qardaşlıq münasibətlərinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarına uyğun inkişafını qeyd edib. Ə.Z.Liman Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərdən məmnunluğunu ifadə edib, öz ölkəsində məhkəmə sistemi barədə məlumat verərək, islahatların aparıldığını bildirib, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini söyləyib.

Tədbirdə qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə respublika Baş prokurorunun müavini - hərbi prokuror Xanlar Vəliyev, ədliyyə nazirinin müaivni Azər Cəfərov iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR