Moskvada arzu olunmayan azərbaycanlı
Bizi izləyin

İqtisadi gündəm

Moskvada arzu olunmayan azərbaycanlı

Ötən il Moskvada bir azərbaycanlı gəncin rus mənşəli vətəndaşı öldürməsi böyük rezonans doğurmuşdu və bütün azərbaycanlılara qarşı ictimai rəy kəskin şəkildə qınayıcı və ittihamedici istiqamət almışdı.

Ötən həftələrdə Moskvada daha bir banda üzə çıxarıldı və azərbaycanlılardan ibarət bu şəxslərin əsas işi Rusiyada yaşayan imkanlı azərbaycanlıların və onların ailə üzvlərinin yüksək məbləğdə pul almaq niyyəti ilə oğurlanması idi.

İki gün öncə də bir iş adamının 24 yaşlı oğlu Moskvanın mərkəzində saatda 200 km sürətlə şütüyərək özü də daxil 5 nəfərin ölümünə səbəb oldu. Dəhşətli bir avtoşluq qəzası kimi təqdim olundu. Yenə də Rusiyadakı ictimai rəydə arzulamadığımız azərbaycanlı obrazı gündəmə gəldi. Təbii ki, başqa xalqların təmsilçilərinin də iştirakı ilə bu hallar baş verə bilər və baş verir. Yüksək reputasiyalı azərbaycanlıların sayı da az deyil və Rusiya mühitində xalqımızla bağlı yaxşı təəsürat yarada bilirlər. Ancaq ümumi təqdimat heç də yaxşı deyil və bunun səbəbləri bizdə ciddi şəkildə araşdırılmır.

Xatırlayıram, 1984-cü ildə Sovet ordusunda hərbi xidmətdə olarkən Çerniqovda yerləşən bizim bölükdə azərbaycanlı adı gələndə komandirdən tutmuş əsgərlərə qədər nifrətedici münasibət bəsləyirdilər. Məndən öncə Əliyev və Şükürov soyadlı iki azərbaycanlı olmuşdu, ancaq mənfi davranışlarını xatırlayırdılar. Hətta hərbi hissəyə təlim mərkəzindən tək azərbaycanlı olaraq göndəriləndə, batalyon komandıri hansısa yolla başqa bölüyə göndərməyi düşünürdü. İki-üç ayın içində içində Nizamnaməni dəqiqliklə öyrənən, bir idmanı buraxmayan, nöqsansız silahla davranan və karavul xidmətini yerinə yetirən bir azərbaycanlı ilə rastlaşarkən, inana bilmirdilər ki, həqiqətən Azərbaycandan gəlmişəm. Bunu özümü tərifləmək məqsədi ilə demirəm, sadəcə yaşadığım hadisənin bir epizodu olaraq burada xatırlatmaq istədim. Bəlkə də bir çoxlarınız bu kimi hadisələri vaxtilə yaşamısınız.

Yəni başqa ölkədə insanın boynunda iki vəzifə olmalıdır. Özünü tanıtım və xalqın haqqında müsbət rəy yaratmaq. Tam əminliklə söyləyə bilərəm ki, əksər azərbaycanlılar Rusiya mühitində bunu lazımi səviyyədə edə bilmədiyinə görə, hələ də ictimai rəy əsasən əleyhimizə işləyir. Məsələ savadlı-savadsız, yoxsul-zəngin olmaqdan getmir, Rusiya mühitində qınağa tuş gəlməyən adi davranışdan gedir. Rus cəmiyyətinin də xeyli xoşagəlməyən və təzadlı cəhətləri var. Ancaq bizi birinci növbədə bu cəhət düşündürməlidir ki, bu məkandan çörəkpulu və ya zənginlik əldə edirik və həm də başqa qeyri-rus millətlərlə rəqabət halındayıq. Bizim boşaltdığımız nöqtələri dərhal başqaları doldurur və ictimai rəyi rahatlıqla əleyhimizə yönləndirə bilirlər. Fikrimcə, dövlət səviyyəsində bu problem üzərində ciddi araşdırmalar aparılmalı və praktik işlər görülməlidir.

Fazil Mustafa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm