• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Sevindirici cinayət

Sevindirici cinayət

Fikir vermişəm ki, kitab oxuyanların əksəriyyəti kasıb adamlardır. Onlar kitab qoxusunun, mütaliə estetikasının dəlisidirlər. İndi gəl sən de ki, o rəfdə qalaqlanmış, kif iyi verən kitabları oğurlama, udquna-udquna qal. Bu, heç kişilikdən, insanlıqdan deyil. Kitab oğurlamaq günah siyahısına yazılmır. Bəlkə də savab işdir. Düz deyirəm. Çünki kitabı yazanın, dünyasını dəyişibsə ruhu, sağdırsa qəlbi sevinir.

Kitab oğurluğundan danışırdım. İlk kitabı çırpışdırmağım məktəb kitabxanasında olmuşdu. Onda bu işdə təcrübəsiz olduğum üçün bir az çəkinir, həm də həyəcanlanırdım. Özümü cinayət edən adam kimi hiss edir, qorxu dabanımdan yeriyə-yeriyə bədənimə keçirdi.

Amma rəflərdəki kitabları görəndə, əlimə alıb vərəqləyəndə, bu özəl nemətin qoxusunu duyanda özümü saxlaya bilməyib köynəyimin altına bir-ikisini qoyub aradan sivişdim.

Kitablardan biri Gi de Mopassanın, digəri Hemenqueyin idi. Oğurladığım kitabları necə həvəslə, iştahla oxuduğum gözümün önündən hələ də silinmir. İçimə sızan qorxu məni bu kitablara o qədər yaxınlaşdırmışdı ki, istəyirdim onları elə həmin gün bitirib təzədən kitabxanaya, hər zamankı yerlərinə qoyum.

Sanki cinayət işləyib aradan çıxmış, izimi itirmiş, indi də uzaqda, kimsənin bilmədiyi bir evdə sığınacaq tapmışdım. Amma işimi yaxşı tutmuşdum. Əgər kitabları oğurlayarkən şübhəli hərəkətlər etsəydim, məsələn, kitabın birini yerə salsaydım, əlimi hey qarnımın üstünə qoyub bu şəkildə qapıya tərəf addımlasaydım yəqin ki, yerindəcə tutulub cərimə olunacaqdım.

Sonra gəl buna cavab ver. Burda "rəis, kitab oxumaq günah deyil"-filan, artıq boş sözdür. Kimdir sənə qulaq asan? Kitabın müqəddəsliyi, böyüklüyü heç kimin vecinə deyil. O saat səni əlli-ayaqlı götürəcəklər, başqa çarən yoxdur.

Amma yaxşı ki, məni belə bir aqibət gözləmədi. Həm də burda əl izi, nə bilim, şahid-zad da əsas məsələ deyil. Kitabda nə əl izi? Şahidə gəlincə isə, kitabxanaya məndən başqa adam gedir ki, etdiyim "cinayət"i də kiməsə gedib çuğullaya. Bu baxımdan işim yaxşı qurtardı.

Kitabları bitirdiyimin ertəsi günü təzədən məktəb kitabxanasına üz tutdum. Yenə kitab oğurlamaq istəyirdim.

Bu dəfə içəri girəndə hiss elədim ki, daha təcrübəli görünürəm və yəqin etdim ki, ilk işimdə olduğu kimi bu dəfə həyəcan-filan mənə təsir göstərməyəcək. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Kitabxanaçı qadın məni görən kimi salamsız-kəlamsız sözə başladı:

- Keçən dəfəki kitabları sən götürmüsən, bilirəm. Qaytar geri.

Elə dedi ki, elə bildim bu saat kimsə arxadan çıxıb qolumu qandallayacaq.

Özümü bilməməzliyə vurub: "Nə kitabı?" – deyə mızıldandım.

- Özün yaxşı bilirsən. Sabah gətirməsən bir də səni bura qoymayacam. Bilirəm ki, səndədir, çünki səndən savayı bura gələn yoxdur.

Onun müşahidə qabiliyyətinə, dedektiv təfəkkürünə mat qaldığımı desəm, yanılmaram. Kiriyib qalmışdım. Doğru söz acı olar, axı. Həm də özüm-özümdən utandım. Mən iki kitab üçün burda onunla hakim kimi "belə olmadı, elə oldu" deyib sübut, dəlil-zad göstərəsi deyildim ki? Razılaşıb kitabxanadan çıxdım. Elə oradaca anladım ki, oğurluq mənlik iş deyil.

Sabah kitabları gətirdim. Kitabxanaçı gülümsündü:

- Halaldır sənə. Deyən kimi gətirdin. Götür kitablar səndə qalsın. Səni sınamaq istəyirdim. Təki sənin kimi kitab oğurlayan olsun.

Onun sözlərinə əvvəl-əvvəl inanmadım, elə bildim, zarafat eləyir. Amma ciddi görünüşündən anladım ki, həqiqi sözüdür.

Kitabları götürüb evə sarı getdim və gedə-gedə düşündüm ki, görəsən, bir gün kitabxanaçı qadın demiş. Azərbaycanda belə bir xəbər eşidəcəyikmi: "Filan kitab mağazasında, filan kitabxanada kitab oğurluğu baş verdi".

Onda bu cinayətə ürəkdən sevinəcəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR