• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İradə İsaqın anası: “Qızıma görə yaxınlarımdan üz çevirdim”

İradə İsaqın anası: “Qızıma görə yaxınlarımdan üz çevirdim”

Həmsöhbətim indiyədək rastlaşdığım anaların ən həzini, həssası adlandırsam səmimiyyətimə inanın. Söhbətləşdikcə mənə elə gəlirdi ki, kəlmələr Cəmilə xanımın dodaqlarından yox, göz yaşlarından axıb süzülür. Qonağım məşhur telesima İradə İsaqın anası Cəmilə Muradovadır.

Beləliklə Publika.Az-a İradə İsaqın anası danışır:

...Qız anası olmaq arzum idi, adını da özüm qoydum: İradə... Çox nadinc idi, amma adı kimi iradəli, mərd, körpəlikdən ayaqları üstə durmağı bacaran qız idi. Gözümdən uzaq qoya bilmirdim, tez də gözdən itirdi. Həyətin içində gizlənirdi, tapmırdım.

Bir dəfə atası ilə birlikdə xəstə yanına getmişdik, İradənin 3 yaşı olardı, çox kök vaxtları idi. Getdik meyvə alaq, bir də baxdıq uşaq yoxdu, axtardıq-gəzdik. İradə mahnı oxuya-oxuya gəzinirdi, bizi görən kimi tövşüyə-tövşüyə qabaqladı ki, mən sizi axtarırdım, tapmadım, sonra da ağladım...

Qardaşı Fuad özündən bir yaş böyükdür, altı yaşında oğlumu məktəbə aparmağa hazırlaşırdıq. İradənin də sentyabrın birində doğum günü idi, ağladı ki, mən də məktəbə getmək istəyirəm.

Uşaqlıqdan zəkalı idi, hərfləri təkbaşına öyrənmişdi. Nə isə, çox ağladı, özümüzlə bərabər apardıq məktəbə, müəllim dedi say, bu 50-dək saymağa başladı. Həmin gündən qardaşı ilə bir sinifdə oxudu.

Çox qara idi, qıvrım saçları vardı, Allah elə bil səsimi eşidib mənə övlad vermişdi. Yalvarmışdım ki, qara-qura olsun, təki sağlam olsun. Bir az böyüyəndə qaralığını özünə dərd eləməyə başladı. Qardaşı onun tam əksinə, ağ, yaraşıqlı oğlan idi. Oğluma qızımın gözü ilə paxıllıq edirdim. Hamama salırdım, əllərinin üstünü bərk-bərk kisə ilə sürtürdüm ki, bəlkə dərisi ağara... Sağlam idi, xəstələnməzdi, ancaq tez-tez boğazında çöp qalırdı...

9-cu sinifdə elə bil möcüzə baş verdi, qızın rəngi açıldı. İndiyədək buna Allahın möcüzəsi kimi baxıram. Dalaşqan idi, qardaşı ilə bir sinifdə oxuyurdu, həmişə özündən bir yaş böyük qardaşını müdafiə edirdi.

Həmişə darıxırdım, ay Allah, görəsən, instituta girəndə də dalaşacaq? Amma dalaşqan olmadı...

Rəfiqələri çox idi, amma mən onun rəfiqələrigilə getməsinə qarşı idim. Həmişə deyirdim, qoy onlar bizə gəlsin. Uşaq vaxtı bir dəfə də olsun ona sevgi etirafından xəbərim olmadı. Daha doğrusu heç olmadı da. Bir də 11-ci sinifdə qızımdan xəbər tutdum.

Heç vaxt ona icazə vermirdim saçlarını darasın. Uzun, qara hörükləri vardı. Güzgüyə də baxmağa qoymurdum. Deyirdi, özümü ilk dəfə 8-ci sinifdə güzgüdə görmüşəm. Ana-bala xasiyyətlərimiz ayrıdı. Böyüdükcə sakit təbiətli oldu.

Universitetdə çox gözəlləşdi, tələbə vaxtı adını çəkən çox idi. Onu həmin vaxtlarda eqoist kimi tanıyırdılar, digəl elə deyildi. Qonşular İradəni tanımırdı, küçəyə kənara çıxmazdı.

İradənin ailə qurmağının səbəbkarı mən oldum. Ən güvəndiyim adama gəlin köçürdüm. O ailəyə çox kömək eləmişdim. Sonradan həddən artıq varlı, imkanlı ailəyə çevrildilər. Gəldi baldızı dedi, vaxtında mənə çox dayaq olmusan, mən də qızını evimə gəlin istəyirəm. Onun bütün istəklərini yerinə yetirəcəyik.

İradəyə ümidlərimiz çox idi, onu yüksəkdə, həmişə uca yerdə görmək istəmişdim. Ailə qurandan sonra bütün vədlər yalan oldu, evlilik böyük yalan üzərində qurulmuşdu.

İradə boşanandan sonra məktəbdən çıxdım, mehrimi oğluna saldım, onu böyütdüm. Heç kimi görmək istəmədim, sarsıldım. Qızımın keçmiş ailəsinin nüfuzu doğma bacımı, övladlarını çaşdırdı. Öz doğmalarım onlara əyildilər.

Mənim üçün bu faciə idi, çünki öz yaxınlarımın həqiqəti görə-görə onlara əyilməyini anlaya bilmirdim. Bu həqiqət Ermənistanın Qarabağı işğal etməsinə bənzəyirdi. Qohumlarımın çoxu rayonda qalırdı, Bakıya gələndə yeganə məkanları bizim ev idi. Sözüm odur ki, bizdən ancaq yaxşılıq görmüşdülər...

İradəni çox incitdilər. Mən qızımı incidənləri də, haqqı dananların da üstündən xətt çəkdim. Qızıma görə, qohumlarımdan üz döndərdim. Heç kim qızıma görə bir qapı döyməyib. Nə edibsə, Allah ona yol açıb.

Bakı Dövlət Universitetindən diplomunu almağa gedəndə müəllimi onu Səhiyyə Nazirliyinə işə dəvət etdi. O vaxt boşanmışdı, üstünü də açmadı, gəldi dedi, ana mən ayağa qalxmalıyam. Çox prinsipialdır. Altı ay işləyəndən sonra Nəzakət adlı bir xanım iş yerinə təsadüfən gəlib, sözarası dedi, televiziyada müsabiqə var.

Qızıma həmişə deyirəm, o qadını axtar tap. O qadının kiçik informasiyası ilə İradə televiziyaya gəldi, ilk dəfə Azərbaycan televiziyasında verilişə çıxdı. Evdəkilərin uçmağa qanadı yox idi, onunla fəxr edirik...

Bir dəfə qonşuya usta gəlib, təmir üçün evə qəzet lazım olub. Usta qonşuya bizim evi göstərib ki, qəzet axtarırsınızsa, İradə İsaqgilə gedin, qəzet onlarda olacaq... Mənə çox xoş təsir elədi. Bir dəfə də qaz idarəsindən gəliblər, qapını açan kimi qızımın şəklini görüb dedilər, gəl gedək, burda qanunsuz heç nə olmaz. İradə özü hər gün ekranda qanun araşdırır. Bütün dərdim-sərim yaddan çıxır.

Orta məktəbdə də həmişə məni İradənin anası çağırırdılar, baxmayaraq ki, müəllimə idim. İndi isə İradə İsaqın anası deyirlər. Bəzən tanıyıb bilməyənlərdən maraqlı fikirlər eşidirəm. Yanımda mübahisə edirdilər ki, İradənin atası təyyarə qəzasında həlak olub. Bir dəfə də yoldaşımın yanında iddia edirdilər, İradə İsmayıllıdan Isaq Ibrahimovun qızıdır.

Deməyə dilim gəlmir ki, yenidən ailə qursun... Çox gözüm qorxub. Təfərrüatlara varsam belə inandırıcı olmaz, amma həqiqətdir...

Saat 12-də evə gəlsə,bilirəm düz yoldan gəlir. Evdə hər şeyi onunla məsləhətləşirik. Atası və mən onu fanat dərəcəsində sevirik... Ona görə ən yaxınlarımdan da üz döndərdim. Çünki yaxşı övladdır...

Lalə Yusifqızı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR