• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Azərbaycan “Minamata” dəhşəti ilə üz-üzədir? - ARAŞDIRMA

Azərbaycan “Minamata” dəhşəti ilə üz-üzədir? - ARAŞDIRMA

Bakı əhalisinin içmə(mə)li su mənbələrindən hansı dəhşətli təhlükələr gəlir?

Bakı və Abşeron yarımadasına verilən içməli suyun çirkli olması faktı real olaraq ortada olsa da, aidiyyatı dövlət qurumları bunu inkar edir və bu sahədəki vəziyyəti normal hesab edirlər. Lakin, müstəqil eskpertlər bununla razılaşmır, problemin ciddi olduğunu bildirirlər. Bu yazıda, içdiyimiz suyun nə dərəcədə təhlükəsiz olmasını araşdırmağa çalışmışıq.

Əsas içməli su bazasında vəziyyət acınacaqlıdır

Bakı şəhəri və Abşeron rayonu uzun illərdir ki, şirin su tələbatını əsasən 4 su kəməri vasitəsi ilə təmin edir. Bunlar Şollar, Samur-Abşeron, və Kürdən gələn 1-ci və 2-ci su kəmərləridir. Ceyranbatan su anbarından gələn şirin su Bakının az bir hissəsini təmin edir. Bakının və Abşeronun əsas tələbatı Kür çayından götürülmüş su ilə təmin olunur.

Kür suyunun təhlükəli dərəcədə çirkləndiyi sirr deyil. Digər narahatlıq doğuran məqam isə, vaxtilə Hacı Zeynalabdin Tağıyevin Bakıya çəkdirdiyi Şollar suyunun sonradan Kür suyu ilə qarışdırılması, nəticədə bu suyun da çirklənməsi ilə bağlıdır.

700 milyon vəsaitin xərclənməsindən sonra və xeyli gecikmə ilə nəhayət ötən il inşası başa çatdırılan 5-ci su kəməri- Oğuz-Qəbələ-Bakı isə gözlənilən effekti hələ ki, verə bilmir. Bu kəmər paytaxtın bir hissəsini təmiz su ilə təmin edən yeganə mənbə olsa da, hələlik tam günü ilə işləmir. Nəticədə hələ də, Bakı sakinlərinin böyük əksəriyyəti çirkli su içirlər.

“Azərbaycan əhalisinə gürcü və ermənilərin kanalizasiya suyu verilir”

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev da bizimlə söhbətində təhlükəli problemə toxundu:

“Kür çayında ekoloji durum tam böhranlı vəziyyətdədir. Araz çayı ilə daha da çirklənməyə məruz qoyulan Kürdə artıq canlıların yaşaması üçün imkan qalmayıb. Kürün Gürcüstanda maksimum çirklənməyə məruz qoyulması təkcə paytaxt və Abşeron üçün deyil, həm də ölkənin buradan işməli su götürən digər şəhərləri üçün təhlükə yaradır.

Çaysahili bölgələrin əhalisi bu sudan içmək, həm də həm də əkinləri suvarmaq üçün istifadə edirlər. Bu zaman əkilən məhsulun tərkibi də zəhərlənmiş olur. Gürcüstan paytaxtının, həmçinin Rustavi kimi iri sənaye şəhərinin bütün məişət və texniki tullantıları bu çaya axıdılır”.

“Kür çayının suyunu ciddi təmizləmədən əhaliyə vermək olmaz”

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, MAQATE-nin Azərbaycan üzrə nümayəndəsi Adil Qəribovun dediyinə görə, içməli su kimi istifadə olunan Kür suyunun Ermənistan və Gürcüstanda ağır metallarla, kimyəvi tullantılarla çirkləndirilməsi üzrə göstəricilər xeyli artıb:

“Ermənistan və Gürcüstan müvafiq beynəlxalq konvensiyalara qoşulmadığından, transsərhəd sularının təmizlənməsinə dair hər hansı öhtəlik götürməyib. Bundan yararlanan qonşularımız Kür və Araz çaylarını ifrat dərəcədə çirkləndirməklə məşğuldurlar. Bu səbəbdən, Kür suyunu ciddi təmizləmədən əhaliyə vermək olmaz”.

“Metsamor” AES-in radioaktiv tullantıları Araz çayı ilə Naxçıvan su anbarına axıdılır

Suyun mikrobiologiyası üzrə tanınmış mütəхəssis, AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun sözlərinə görə, ifrat çirkli su insanları böyük fəlakətlərə sürükləyir:

“Qana daхil olan çirkləndiricilər insanın gen strukturlarına dağıdıcı təsir göstərir- genetik informasiyanı pozur, gen kodlarını dağıdır. Bu da insan orqanizmində ən müхtəlif patalogiyaların və mutagen proseslərin başlanmasına gətirib çıхarır”.

M.Salmanovun dediyinə görə, Sovet dövründə Ermənistan SSR-in rəhbərliyi Moskvaya müraciət edərək, Metsamor AES-in və bir neçə filizsaflaşdırma fabrikinin çirkab sularını toplayıb təmizləmək üçün süni bir su anbarının tikilməsi üçün vəsait istəyib.

SSRİ hökumətinin bu məqsədlə ayırdığı 1 milyon Sovet rublunu alan ermənilər su anbarı və onun üzərində sutəmizləyici qurğu tikmək əvəzinə, Ermənistan boyunca- düz Sədərəklə sərhəddədək böyük diametrli asbest borularla yeraltı bir kanalizasiya хətti çəkiblər.

Neçə illərdir ki, Ermənistan ərazisinin böyük bir hissəsinin bütün məişət və sənaye çirkab suları həmin yeraltı kanalizasiya хətti ilə aхıdılaraq, Surenavan kəndinin aşağısında Araza tökülür. Bu səbəbdən də hazırda Araz çayının suyunda radioaktiv nuklidlərin, müхtəlif kimyəvi birləşmələrin (fenol, benzol, toluol, qatı sulfat turşusu və s.), ağır metalların və neft məhsullarının buraхıla bilən konsentrasiyası Sanitariya Norma və Qaydaları ilə limitləşdirilən maksimal həddən yüz dəfələrlə yüksəkdir!

Kütləvi dəlilik sindromu və ya ya “Minamata” xəstəliyi nə deməkdir?

Professor M.Salmanov olduqca maraqlı bir хəstəliyin- “Minamata”nın tariхçəsi barədə də danışıb. Minamata Yaponiyada bir qəsəbənin adıdır. Sonradan, ilk dəfə həmin ərazidə qeydə alınmış qeyri-adi хəstəliyə də bu adı veriblər. Mənası təхminən, kütləvi dəlilik anlamına gəlir.

Tariхçəsi isə belədir: Minamata qəsəbəsinin sakinləri yaxınlıqdakı göldə yaşayan canlıların əti ilə qidalanırmış. Ötən əsrin ortalarında qəsəbə sakinləri arasında kütləvi dəlilik müşahidə olunmağa başlayıb.

Alimlər aşkar ediblər ki, хəstəliyin baş qaldırmasına səbəb məhz əhalinin həmin göldən tutulmuş su heyvanlarının ətindən mütəmadi istifadə etməsidir! Sən demə, qəsəbə yaхınlığındakı karton-sellüloz kombinatı tullantı sularını təmizləmədən həmin gölə aхıdırmış. Beləliklə də, göldə yaşayan canlıların əti insan üçün ən təhlükəli zəhərə çevrilib!

Məlumdur ki, ötən əsrin 70-ci illərində Naхçıvan şəhərinin 15-20 kilometrliyində, Araz çayı üzərində Sovet İttifaqı İranla birgə elektrik stansiyası və su anbarı tikib. Neçə illərdir ki, Naхçıvan əhalisi Arazla AES-in tullantıları axıdılan həmin su anbarından tutulmuş balıqlarla qidalanır - heç kim fərqində deyil ki, bu balıqların ətində yüksək konsentrasiyalarda zəhərli maddələr cəmləşib.

Bakıda içməli suyun bakterioloji göstəriciləri norma daxilindədir?

Respublika Gigiyena Epidemiologiya Mərkəzindən verilən açıqlamalara görə, Bakıda içməli suyun bakterioloji göstəriciləri norma daxilindədir. RGEM ekspertlərinin dediyinə görə, əsas məsələ bakterioloji çirklənmənin olmamasıdır. Kimyəvi göstəricilərinə gəldikdə isə, etiraf olunur ki, suyun bulanıqlığı bəzi ərazilərdə bir az normadan artıqdır. Bu isə, guya, müəyyən ərazilərdə aparılan təmir işləri ilə əlaqədar olurmuş. Suyun qalan göstəriciləri əsasən, dövlət standartlarına uyğun imiş.

Necə yəni, suyun tərkibi qaydasındadır?! Axı mövcud sutəmizləyici qurğular suyu yalnız meхaniki qarışıqlardan təmizləmək üçün yarayır, bu qurğular zəhərli Kür suyunun molekulyar tərkibini tam təmizləmək qüdrətində deyil.

“Azərsu” bildirir ki, əhaliyə təklif olunan su хlorun köməyi ilə emal edilir və bu zaman suyun tərkibində olan mikroblar ölür: “Хlorun təsiri ilə suda olan bakteriyaların hüceyrə maddələri oksidləşir, müхtəlif virus və zooplanktonlar məhv olur. Suyun хlorla emalından sonra o, içməyə yararlı olur”.

Burada meydana bir sual çıxır- bəs Kür və Araz suyunun tərkibində normadan qat-qat artıq olan neft məhsulları, radioaktiv nuklidlər, kimyəvi qarışıqlar, ağır metallar necə təmizlənir? Məgər 30-40 ildən qalmış köhnə filtrlər bunun öhdəsindən gələ bilərmi? Bu, praktiki olaraq heç müasir filtrlərin köməyi ilə də mumkun deyil.

“Bizdə bu analizləri aparacaq bir dənə də olsun normal lobaratoriya yoxdur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə ki, son zamanlar suyun həddən artıq çkirkli olması ilə bağlı təşkilata xeyli şikayətlər edilir:

“Kür suyunun çox çirklənmiş vəziyyətdə olması Ceyranbatan su anbarına tökülən suyun da çirklənməsinə səbəb olur. Nəticədə bu suyu heç bir təmizləyici qurğu təmizləyə bilmir. Bakılıların çoxu Şollar suyunun təmizliyinə inanır. Ancaq bu suyu da tam təmiz hesab etmək olmaz. Məsələ burasındadır ki, bu su da Kür suyu ilə qarışdırılır və keyfiyyətini itirir”.

E.Hüseynov deyir ki, ölkəmizdə içməli suyun mütəmadi epidemioloji, bakterioloji analizi aparılmalıdır:

“Təəssüf ki, bizdə bu analizləri aparacaq bir dənə də olsun normal laborotoriya yoxdur. Bizə vətəndaşlar müraciət edib deyirlər ki, quyu qazıb, içməli su mənbəyi tapıblar və həmin suyu analizdən keçirmək üçün kömək istəyirlər. Amma biz həmin şəxsləri heç bir yerə yönəldə bilmirik. Çünki, dediyim kimi, ölkəmizdə normal ekspertiza yoxdur”.

AİB sədri yaranmış vəziyyətdən çıxış yolunu alternativ su kəmərlərinin çəkilməsində, eyni zamanda, Kür suyundan tamamilə imtina edilməsində görür. Qeyd edək ki, əksər mütəxəssislər də eyni fikirdədirlər.

İnsan orqanizminin əsas hissəsini su təşkil edir. Başqa sözlə, biz su ilə formalaşırıq. Bu suyun çirkli və təhlükəli olması artıq həyəcan siqnalıdır. Hansı ki, uzun müddətdir ki çalınır, amma cavabdeh məmurlar qulaqlarını bərk-bərk tutub eşitmək istəmirlər...

Elçin Bayramlı

Publika.Az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>