Bıçağı soxaram qarnıva!!!
Bizi izləyin

İqtisadi gündəm

Bıçağı soxaram qarnıva!!!

Son vaxtlar ölkəmizdə öz-özünə danışanlar yaman çoxalıb. Yol gedə-gedə sanki kiminləsə danışırlar, mübahisə eləyirlər, söyüşüb dalaşırlar. Belə adamları görəndə dayanıb ehtiramla tamaşa eləyirəm.

Bu gün qərara aldım ki, kənardan baxıb qaçmaq düzgün deyil, onları dinləmək lazımdı, dinləmək! İrəli sürdüyüm təklifimi təzəcə bəyənmişdim ki, gördüm, biri yolun o üzündə əl-qol ata-ata gedir. Tez yolu keçib onun yanında addımlamağa başladım. Baa! Baxdım ki, əməlli-başlı qırğın gedir:

“Ayə, kopayoğlu, sən də ermənisənmi mənə, işləmişəm, pulumu ver dəə! Bir dəstə uşağı yığıb gətirmişəm qapına. Allah heç xeyir verməsin o evindən sənə! Təkcə darvazan mənim evimin qiymətindən bahadı! Beton tökdük, hasar tikdik, suvaq vurduq, üzlədik! Ay oğraş, bə niyə pulumuzu vermirsən, hay?

Xalxın uşağını rayondan yığıb gətirmişəm ki, yaxşı işləyin, ailənizə pul yollayarsınız. O yazıqlar da kənddəki işlərini qoyub qaçıb gəldilər ki, guya Bakıda acından ölməmək pulu qazanacaqlar. Taxtadan heykəl yonmuşuq, daşdan adam düzəltmişik, a burnundan gəlsin! O boyda pulu yığıb hara aparacaqsan?!

Villana qonaq gələndə həyətində biz saldığımız bağı göstərirsən, a qurumsaq! Bizə də deyirsən, bağı yaxşı salmamısınız. Günorta verdiyin yumurta-kolbasanın da pulunu çıxırsan əl haqqımızdan! Yaxşı, onu da çıx, a burnundan gəlsin, bəs bizim pulumuzu niyə vermirsən?

Düz 6 aydı sənin dalınca sürünürəm. Hər dəfə gələn həftə deyirsən. Ay əclaf, nə qədər həftə gözləmək olar, camaat ailə saxlayır axı? O dünyada nə cavab verəcəksən, ay haramzada? Fəhlənin haqqını yeyib necə sürürsən o maşını, hay?!

Mənə deyir, get, kimə istəyirsən şikayət elə. Şikayət eləməyə adam var? Sən öl, sən məni tanımırsan! O maşınının altına bir dənə şey qoyaram, tikəni göyə sovurar, məni buna məcbur eləmə! Yazıq, ac-yalavac fəhlənin pulunu büyün də göndərməsən sənin işinə bax bu lələşin baxacaq, bu lələşin!”

Danışığının bu yerində kişi coşub iri yumruğunu sinəsinə vura-vura bir xeyli getdi. Qorxdum ki, qəfil gözündə “xozeyn” kimi görünərəm, yumruq mənə dəyməmiş yerişimi ləngidib ondan uzaqlaşdım...

Baxdım ki, parkın ortasındakı quru fəvvarə hovuzunun başına deyinə-deyinə bir gənc oğlan fırlanır. Yaxınlaşıb, heç nə olmamış kimi, onunla bərabər addımlamağa başladım.

“Mənə deyir, qız məni sevir! Alə, qız özbaşınadı bəgəm, səni sevsün? Bunun atası var, anası var, qərdişi var! Dedim, sən qələt eləyib burda qız sevirsən! Mənə gör, nə deyir? Qız səni sevmir! Alə, sənin nə işinə qalıb, qız sevir məni, sevmir məni?

Yoox, biz bir kursda oxuyuruq, xasiyyətimiz də tutur. Dedim, alə, tüpürüm sənin xasiyyətivə də! Nə xasiyyətin olacaq sənin əə, matışqa?! Dedim, sən öl, bir də o qızın adını çəksən bunu qarnıva soxacam! Alim çıxıb mənə, gicbəsər!

Məə gör nə deyir, alə? Qız deyir mən onu heç adam yerinə də qoymuram! Dedim, qız o sözü üzümə deyə bilər? Yox ee, qız o sözü üzümə deyə bilər, ya yox? Yek kəlmə, ya hə, ya yox! Qayıdır mənə ki, qız qorxusundan deyə bilməz axı! Hoppp! Tutdum onun sözündən burdaca!

Dedim, bəli, o qız mənə heç vaxt elənçinə söz deyə bilməz! Mən onu lap bu boytdana vaxtlarından gözaltılamışam. O sizdə elə şeylər olur, sevirəm, mən nəm, sevmirəm! Qız kimdəə, yeri gələndə?

Qızın atası var, o da atamnan dostdu. Qardaşına da keçən il ağ “nolyeddi”mi satmışam, ucuz! Hə, dedim, sən, davay, bas bayıra, bizim aramıza girməginən! Götür o sevməyivi də, özüvə lazım olar, bildüün? Yox, bildün, düdük? Sən öl, soxaram bunu qarnıva, iki dəfə də eşərəm içərində!

Məni cin atına mindirmə, dedim! Qız sənə razı olsa elə iki dənə də onun qarnına soxaram gedər öz sevgilisinin dalıycan! Bildin, əə, xiyar!!!”

Burasını elə qışqırdı ki, qorxudan sümüklərim şaqqıldadı. Gördüm, yox ee, burda da bir xəta var, çəkildim kənara.

Gəlib skamyaların birində təkcə əyləşmiş yaşlı kişinin yanında oturdum. Bayaqdan susan kişi mən yanına qonan kimi başladı, nə başladı!

“Əşi, indi təhsil var, məllim var? Bir dərs buraxsaydıq direktor gözümüzü çıxardardı! Məllim nədi, dərs buraxdı nədi! İndi məllim şagirddən siqaret istəyir! İkinci sinif uşağının kitabına qıvrılmış əfi ilanın şəklini qoyublar, uşaq qorxusundan baxa bilmir.

O gün gördüm ee, öz gözlərimlə! Nəvəm dedi, ay baba, kitabın burasını aça bilmirəm. Dedim, nolub, a bala? Açıb görəm nə? Demə, balaca bir nağılda ilan haqda da yazılıbmış. Götürüb zəhərli bir ilanın foto şəklini zoplayıblar uşağın kitabına. Belə şey olar?

Ver, rəssam qəşəng, güləyən bir ilan çəksin, başına da, məsəlçün, lent bağlasın ki, xoş olsun, uşaq qorxmasın! Əşi, deyiləsi dərd döyül! 50 il məllimlik eləmişəm, aldığım pensiya yavan çörəyimə də çatmır. Dərs keçirdik ee, o vaxtlar, dərs!!!

Şair hökmdarın hüzurundasan!

Bunu sizsiz belə düşünürəm mən!

- Bəs baş əymədiniz?

- Əymədim, bəli! Əyilməz vicdanın böyük...

Nə isə, getdi o günlər! Təhsil, təhsil, yenə təhsil! Hanı? Yoxdu! Ölsəydim, indiki tədris kitablarını görməzdim!”

Söhbətin bu yerində kişi hönkürüb ağlamağa başladı. Kirimişcə qalxıb ondan uzaqlaşdım.

Bir az gedirdim ki, gördüm, artıq mən də öz-özümə danışıram: “A kişi, dayandır daa, bu yazını, adam nə qədər yazar? Guya bir oxuyan var? Oxuyan var ee, guya vecinə alan var?

Vecinə alan da var ee, guya vecinə alanı vecinə alan var? A kişi, bəsdi, dayandır!!!”

Özümü bu yerdə zorla dayandırdım, yoxsa hələ də yazırdım...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm