• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mitinqlər üçün yer siyahısına yenidən baxılsınmı? – Rəylər

Mitinqlər üçün yer siyahısına yenidən baxılsınmı? – Rəylər

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 2008-ci ilin sentyabrında mitinqlər üçün ayırdığı yerlərin siyahısında heç bir rəsmi dəyişiklik edilməyib və hələ də qüvvədə qalır.

BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Publika.Az-a verilən məlumata görə, bu siyahı Bakının mərkəzində gediş-gəlişin intensiv olduğu ərazilərdə təhlükəsizliyin və asayişin qorunması məqsədi ilə tərtib olunub, qanuna uyğundur.

Lakin əksini düşünənlər də var.

Hüquqşünas Anar Qasımlının fikrincə, mitinq keçiriləcək yerlərin siyahısını müəyyən etmək qanunsuzdur və Azərbaycanın qoşulduğu konvensiyalara ziddir: “Mitinqin harda keçirilməli olduğunu o mitinqi keçirənlər təyin etməlidirlər. Hətta müxalifətin dediyi yerlər o siyahıya əlavə olunsa da, bu, yenə qanunsuz olar. Düzdür, ictimai asayişin və ictimai nəqliyyatın hərəkətinin pozulmaması şərtləri səbəb kimi göstərilir, amma buna görə sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq düz deyil. Gərək ədalətli balans yaradılsın. Hesab edirəm ki, dövlət rəsmiləri bu istiqamətdə bir mexanizm müəyyən etməli və mitinqlərin şəhərin nisbətən mərkəzə yaxın ərazilərdə keçirilməsinə şərait yaratmalıdır”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə hesab edir ki, “Sərbəst toplaşma azadlığı haqqında” Qanuna görə, rayon və şəhər icra hakimiyyətləri mitinqlər üçün yer ayırmağa borcludur: “Yer müəyyən olunarkən, mitinqlərin kütləviliyi, gediş-gəlişin mitinqə gələnlər üçün münasib olması nəzərə alınmalıdır. Çox təəssüf ki, reallıqda nə Bakı meriyası, nə də digər yerli strukturların kütləvi tədbirlər üçün ayırdıqları yerlər ictimai-siyasi vəziyyətə, ümumiyyətlə, “Siyasi partiyalar haqqında” və “Sərbəst toplaşma azadlığı haqqında” qanunların tələblərinə uyğun deyil”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə bu fikirdədir ki, BŞİH tərəfindən mitinqlər üçün yerlərin müəyyənləşdirilməsində qanunsuz məqam yoxdur: “Bu səlahiyyət icra strukturlarına Milli Məclis tərəfindən verilib. Lakin rayon və şəhər icra hakimiyyətləri mitinqlərə yer müəyyənləşdirərkən nəzə almalıdırlar ki, kütləvi aksiya müəyyən məsələyə münasibət bildirmək, ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Buna görə də mitinqlərin şəhərin mərkəzi ərazilərində keçirilməsi qəbahət deyil. Sadəcə icra strukturları əhalinin təhlükəsizliyini və asayişi təmin etmək üçün mexanizm müəyyənləşdirməlidir”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, siyahıya yenidən baxılmasına ehtiyac var və bu siyahıya daha uyğun yerləri əlavə etmək olar: “Bununla bağlı Milli Məclisin üzvləri də öz səlahiyyətlərindən yararlana və konkret siyahı təklif edə bilərlər”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, BŞİH-in siyahı tərtib etməsində qanun pozuntusu yoxdur: “Qanuna görə, yerləri icra strukturları ayırmalıdır. Gördüyünüz kimi, mitinqlər qanunun tələbinə uyğun olaraq keçirilir. Lakin müxalifəti yer məsələsini gündəmə gətirməyə çalışır. Hesab edirəm ki, kütləvi aksiyalara kifayət qədər şərait yaradılıb. O yerlərə hakim partiya gedirsə, BŞİH-in qərarına şübhə ilə yanaşmaq lazım deyil”.

Bakı Şəhər İcra Hakimiyyətinin 2008-ci ilin sentyabrında mitinqlərin keçirilməsi üçün paytaxtın 11 rayonunda ayırdığı yerlərin siyahısı belədir:

- Binəqədi rayonu - Binəqədi qəsəbəsi, 3-cü mədən, 120-ci korpusun yaxınlığında Binəqədi qəsəbə İdman-Sağlamlıq Kompleksinin stadionu;

- Səbail rayonu - 20-ci yaşayış sahəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionu;

- Nəsimi rayonu - 20 Yanvar küçəsi, 21 b, 4-cü mikrorayonda məhəllə stadionu;

- Xətai rayonu - Naximov yaşayış massivi, 6a, 6b, Naximov yaşayış massivindəki meydança; Zığ yolu küçəsi, 18, Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança;

- Qaradağ rayonu - Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Sahil qəsəbə stadionu;

- Sabunçu rayonu - Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Azneftgeofizika” trestinin qarşısındakı idman meydançası;

- Suraxanı rayonu - S.Bəhlulzadə küçəsi, 24, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin T.İsmayılov adına stadionu;

- Yasamal rayonu - M.Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu;

- Əzizbəyov rayonu - Türkan qəsəbəsi, Xanlar küçəsi, Türkan qəsəbə parkının yanındakı meydan;

- Nizami rayonu - Q.Qarayev prospekti, “Təbriz” kinoteatrının qarşısındakı meydan;

- Nərimanov rayonu - Araz küçəsi, 4, “Ulduz” metro stansiyasının qarşısındakı meydan.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR