Kolbasa şirkətləri yoxlanılır: həbslər gözlənilir
Bizi izləyin

İqtisadi gündəm

Kolbasa şirkətləri yoxlanılır: həbslər gözlənilir

Bakının kolbasa istehsal edən şirkətlərində və sexlərində irimiqyaslı yoxlamalar başlayıb.

Axar.az-a verilən məlumata görə, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ayrı-ayrılıqda təftişə start verib.

Paytaxtın ən məşhur kolbasa firmalarında, sexlərində məhsulların keyfiyyəti araşdırılır, hansı standartlara uyğun hazırlanması laboratoriyadan keçirilir, ölkəyə idxal edilən malların mənşəyi yoxlanılır.

Məlumatlarda qeyd edilir ki, dövlət qurumlarının başladığı yoxlamalar olduqca müsbət təşəbbüsdür. Əhaliyə zərərli, mənşəyi bilinməyən ət məhsullarından hazırlanmış, ölmüş heyvan ətindən düzəldilmiş, Hindistandan gətirilən zebr heyvanından istehsal edilmiş kolbasa məmulatı satılması ilə bağlı mühüm faktlar aşkarlanıb.
Bu faktların üzə çıxması nəticəsində ölkədə bir neçə tanınmış kolbasa şirkətinin fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Artıq dövlət orqanlarının apardığı araşdırmalar bir sıra nəticələrə gətirib çıxarıb və əhaliyə də xəbərdarlıq olunur. Bu məhsullarla bağlı həyəcan təbilinin çalınması onu deməyə əsas verir ki, bəzi şirkətlərin rəhbərliyində məsuliyyətə cəlb edilənlər ola bilər.

Mənbə iddia edir ki, kolbasa məhsulları ilə bağlı ciddi araşdırmaların aparılmasına ölkə rəhbərliyinin də göstərişi olub.

Qeyd edək ki, bu günlərdə “halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməkdədir.

İstehlakçılar arasında “halal” nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm