• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baş prokurorluqda müşavirə keçirilib

Baş prokurorluqda müşavirə keçirilib

Yanvarın 7-də Baş Prokurorluqda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Publika.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumatına görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd etmişdir ki, 2014-cü il xalqımız üçün çox uğurlu il olmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter almışdır. Dövlət başçısının Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində də 2014-cü ilin ölkəmiz üçün çox əlamətdar olduğu və qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyi, iqtisadiyyatın, əhalinin pul gəlirlərinin əhəmiyyətli artımına nail olunduğu, mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunduğu xüsusi vurğulanmışdır. Eyni zamanda, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də cari ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi kimi dəyərləndirilmişdir.

Müşavirədə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakçılığı ilə, eləcə də Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü və iştirakçısı olan dövlətlərin cari ilin iyun və noyabr aylarında Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyəti xüsusi vurğulanmışdır.

Diqqətə çatdırılmışdır ki, 2014-cü il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının səyləri Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilmişdir.

Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyat keçirilməsi təmin olunmuşdur. Belə ki, 2014-cü ildə qeydə alınmış 205 qəsdən adam öldürmə cinayəti, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83-ü isti izlərlə açılmışdır. Hesabat ilinin sonunda İmişli rayonunda Reyhan Səfərovanın, Qax rayonunda Rostiaşvili qardaşlarının və Göyçay rayonunda Sahib Abbasovun qəsdən öldürülməsi cinayətlərinin açılması və bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları təmin edilmişdir.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla davam etdirilmişdir.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmış, bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Respublikanın digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilmişdir.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır. Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 29 dekabr 2012-ci il tarixdə imzalanmış Fərmanla təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi yolunda müstəsna əhəmiyyətini diqqətə çatdıran Baş prokuror, 2020-ci ilə qədər prokurorluq orqanları qarşısında da mühüm vəzifələr durduğunu vurğulamaqla, prokurorluğun inkişafının əsas istiqamətlərini təşkil edəcək Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tapşırıqlar vermişdir.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2014-cü ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov isə hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan 12 qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Xüsusi göstəriş verildi ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və xəsarət almasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilsin.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilmişdir.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilmişdir ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Müşavirədə prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilmişdir.

Eyni zamanda, 2014-cü il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2015-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident cənab İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbilərin görülməsini təmin edəcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR