Neftin taleyi 2020-ci ilə qaldı, Avropada evlər bahalaşdı, bank 23 min nəfəri işdən çıxardı - HESABAT
Bizi izləyin

Hesabat

Neftin taleyi 2020-ci ilə qaldı, Avropada evlər bahalaşdı, bank 23 min nəfəri işdən çıxardı - HESABAT

Yola saldığımız həftə Amerika Mərkəz Bankının (FED) gözlənilən iclası nəhayət baş tutdu. FED-in Açıq Bazar Komitəsi üzvləri qlobal prosesləri nəzərə alaraq faiz artımı üçün şərtlərin uyğun olmadığını bildirdi. Qərarın ardınca birjalarda qızıl bir gündə 20 dollar bahalaşdı. Əvəzində “qara qızıl”ın qiyməti düşdü. Belə məqamda OPEC daxili hesabatında 2020-ci ildə neftin barelinin 80 dollara qalxacağına dair bazarlara motivasiya bəxş etdi. Yunanıstanda işsizlərin sayı artdı, Avro Bölgəsində evlər bahalaşdı, dünya üzrə iqtisadi artım proqnozları azaldıldı. İsveçrənin Sürix şəhəri isə dünyanın ən bahalı şəhəri seçildi. Çünki bu şəhərdə 3 nəfərlik ailənin aylıq xərci 122 məhsul və xidmət üzrə 3600 dollardır. İş dünyasına gəlincə, 66-cı Beynəlxalq Frankfurt Avtomobil Sərgisinin açılışı oldu. Ukraynanın hava məkanı Rusiya təyyarələri üçün qapalı elan edildi. “Deutsche Bank” 23 min işçisini işdən çıxarmağa qərar verdi. Rüşvət qalmaqalları ilə gündəmdən çıxmayan Skandinaviyanın mobil rabitə operatoru olan "TeliaSonera" Avrasiya regionundakı fəaliyyətini məhdudlaşdıracağını bəyan etdi.

Başlayaq FED-dən. Dünya bazarlarının aylardır gözlədiyi qərar verildi. ABŞ Mərkəz Bankı (FED) faiz nisbətini mövcud səviyyədə tutdu. Siyasət faizinin dəyişdirilməməsinə səbəb aşağı inflyasiya rəqəmləri və maliyyə bazarlarındakı qarışıqlıq əsas gətirildi. Bununla da FED-in toplantısından əvvəl bazarlardakı spekulyasiyalar bitdi. Kimlər qazandı deyə bilmərik, amma iclasdan dərhal sonra neft ucuzlaşdı, qızıl bahalaşdı.

Xatırladaq ki, FED 2000-ci ildə 6.5 həddində olan faiz nisbətini 2001-ci ilin əvvəlində 6 faiz səviyyəsinə endirib. Faiz dərəcələri 2004-2008-ci illər arasında 5,25 faiz təşkil edib. 2008-ci ildəki qlobal maliyyə böhranı dövründən etibarən faizlər 0.25 faiz səviyyəsində saxlanılır.

Almaniyanın “Deutsche Bank” Rusiyadakı təşkilati bank və qiymətli kağızlar bazarı fəaliyyətinə xitam verdi. “Deutsche Bank” ölkədəki maliyyə, eləcə də bazar əməliyyatlarını digər beynəlxalq mərkəzlərdən davam etdirəcək. Rusiyadakı bankda işləyən 1300 nəfərin 200 nəfərinin işinə son verəcək. Onu da bildirək ki, Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar, o cümlədən səhm bazarındakı istintaq bankın qərarına təsir edib. Bundan əlavə, ölkə iqtisadiyyatındakı durğunluq da “Deutsche Bank”ın maliyyə əməliyyatlarını azaldıb.

Avropa Birliyi ölkələri arasında işsizliyin ən yüksək olduğu Yunanıstanda 18-25 yaşında əhalinin yarısı işsizdir. Yunanıstanın Statistika Ofisinin məlumatına görə, bu ilin ikinci rübündə işsizlik nisbəti birinci rüblə müqayisədə 26.6 faizdən 24.6 faizə düşüb. Ancaq ölkədə ən az 12 aydır işləməyənlərin statistikası 11.6 milyon nəfərdir. Yeri gəmişkən, bu günə qədər Yunanıstanda ən yüksək işsizlik nisbəti 2014-ci ilin ilk üç ayında qeydə alınıb.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) dünya iqtisadiyyatı üçün nəzərdə tutduğu artım rəqəmlərini endirib. Belə ki, OECD-in sentyabr ayı üzrə iqtisadi görünüş hesabatında 2015-ci il üzrə artım nisbəti 3,1 faizdən 3,0 faizə salınıb. 2016-cı il üzrə bu rəqəm 3.8 faizdən 3,6 faizə endirilib. O da qeyd edilib ki, Amerika iqtisadiyyatı yüksəldiyi halda Çinlə əlaqədar göstəricilər ziddiyyətli qalır.

İngiltərədə avqust ayında inflyasiya illik bazarda iyul ayındakı 0.1 faizdən 0 faizə düşüb. İnflyasiyanın azalmasına maye yanacaq və geyim əşyalarının qiymətlərindəki düşüşün böyük təsiri olub. Son məlumatlar İngiltərə Mərkəz Bankının da faiz artımına getməyəcəyinə dair proqnozları dəstəkləyib. 1960-ci ildən sonra ilk dəfə bu ilin aprel ayında mənfi inflyasiya rəqəmləri səbəbindən İngiltərə Mərkəz Bankı inflyasiyanı 2 faiz səviyyəsinə çəkmək istəyir.

Avropanın daşınmaz əmlak bazarından da xəbər var. Avropa Mərkəzi Bankının hesabatına görə, Avro Bölgəsində mənzil bazarı inkişaf sabitliyinə qovuşub. İddia edilir ki, bölgədə 2014-cü ilin ikinci rübündən başlayan yüksəliş davam edəcək. Avropada aşağı faiz dərəcələri mənzil sektorunda vəziyyətin yaxşılaşmasında böyük rol oynayıb. Xronikaya nəzər yetirdikdə bəlli olur ki, 2009-cu ildə böhranın təsiriylə mülklərin qiyməti sərt şəkildə ensə də, sonradan vəziyyət sabitləşmişdi. Lakin 2012-2013-ci illərdə bazarda yenidən geriləmə başladı. 2014-ci ilin son rübündə qiymətlər əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz artdı.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzv ölkələrin neftinə olan tələb proqnozunu artırıb. OPEC-ə görə, 2016-ci ildə hasil etdikləri neftə tələb gündə 190 min barrel artaraq, 30.3 milyon barrelə çatacaq. Hesabatda deyilir ki, 2016-ci ildə qlobal tələb gündəlik 94.08 milyon barrel olacaq. Təşkilat neftin hər il orta hesabla 5 dollar bahalaşacağını da gözləyir. OPEC-ə daxil olmayan ölkələrdən “qara qızıl”ın ixracı daha yavaş artacaq. Qeyri-üzv ölkələrin gündəlik neft hasilatı 2017-ci ildə 58,2 milyon barrel təşkil edəcək.

Həftə ərzində bu vurhavurda dünyanın ən bahalı şəhəri də bəlli oldu. İsveçrə bankının araşdırmasına görə, İsveçrənin Sürix şəhəri dünyanın ən bahalı şəhəridir. Belə ki, Sürixdə 3 nəfərlik ailənin aylıq xərci 122 məhsul və xidmət üzrə 3600 dollardır. Həmin rəqəm Cenevrə üzrə 3500 dollar, Nyu-York üzrə 3340 dollar təşkil edir. Yeri gəlmişkən, rəqəmlərə mənzil kirayəsi daxil edilməyib. Aylıq xərclərə mənzil kirayəsi daxil edildikdə Nyu-York ən bahalı şəhərlər sırasında Sürix və Cenevrəni qabaqlayır. Araşdırmada bildirilir ki, Sürix və Cenevrədə işçi bir hamburger almaq üçün 11 dəqiqə, Keniyada isə 3 saat işləməlidir. Bu arada dünyanın ən ucuz şəhərlərinin siyahısı da açıqlanıb. Ukraynanın Kiyev, Bolqarıstanın Sofiya və Rumıniyanın Buxarest şəhərləri ən ucuz şəhərlərdir. Araşdırmada o da bildirilir ki, şəhər içi kütləvi nəqliyyat vasitələrinin qiyməti dünyada ortalama 1.5 avro təşkil edir. Müqayisəli təhlillər göstərir ki, Danimarkanın paytaxtı Kopenhagendə alınan biletlə Kiyevdə 285 kilometr səyahət etmək mümkündür.

İş dünyası

Yola saldığımız həftə iş dünyasının önəmli hadisəsi 66-cı Beynəlxalq Frankfurt Avtomobil Sərgisinin açılışı oldu. Düzdür, 210 markanın yeni modellərinin ilk dəfə göstərildiyi sərginin həm istehsalçıların, həm də avtomobil həvəskarlarının ümidlərini nə dərəcədə doğruldacağını deyə bilmərik. Amma sərgi Avropadakı bazar üçün çox əhəmiyyətlidir.

Geyim istehsal şirkəti “İnditex” ilin günün bu vaxtında qazancını artırdığını bəyan etdi. 2015-ci ilin ilk yarısında şirkətin dəqiq mənfəəti 26 faiz yüksəlib. Nəticədə dəqiq qazancı 928 milyon avrodan 1.17 milyard avroya yüksəlib. Satışları isə 17 faiz artımla 9.42 milyard avroya çatıb.

Dünyanın digər ən böyük hazır geyim markalarından biri -Hennes & Mauritz'e (H&M) isə alıcı yoxluğundan şikayətləndi. Brendin sahibləri iddia edir ki, Avropada havaların həddindən artıq isti keçməsi satışlarındakı artımı son iki ilin ən aşağı səviyyəsinə endirib. H&M tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2013-ci ilin mart ayından bu yana satışlarında aylıq bazada ən aşağı artım qeydə alınıb. Mütəxəssislər də hazır geyim sektorunda satışların avqust ayında Almaniya, İsveç və İngiltərədə düşdüyünü söyləyirlər.

Yapon elektronik əşya və texnologiya şirkəti “Toshiba” da alverdən şikayətçidir. Şirkət illik zərərinin 280 milyon avroya (318 milyon dollar) çatdığını bildirir. Xatırladaq ki, “Toshiba” aprel ayında 2008-2014-cü illər arasında qazancının 1.2 milyard dollar olduğunu açıqlamışdı.

Yuxarıda haqqında bəhs etdiyimiz Almaniyanın ən böyük bankı “Deutsche Bank” 23 min işçisini işdən çıxarmağa qərar verib. Bankda xüsusilə texnologiya tətbiqlərini icra edən işçilərin işlərinə son veriləcək. İşini itirəcəklərin sayı bankın ümumi personalının dörddə birinə bərabərdir. İşdən çıxarma planı xərcləri qısmaq hədəfiylə vəzifəyə başlayan “Deutche Bank”ın yeni baş direktoruna aiddir.

Həftə rus hava şirkətlərinə də düşərli olmadı. Ukraynanın hava məkanı Rusiya təyyarələri üçün qapalı elan olundu. Buna görə Rusiyanın hava şirkətləri milyonlarla dollar itirə bilərlər. Qeyd edək ki, qadağa Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiyaya qarşı sanksiyalarla bağlı imzaladığı sərəncama əsasən gündəmə gəlib. Sanksiyalara 388 fiziki, 105 hüquqi şəxsin adı daxil edilib. Onlar arasında “Aeroflot” və daha 20-yə yaxın özəl aviaşirkət var.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə nəhayət, 2016-cı ilin büdcəsinin parametrləri açıqlandı. Büdcə kiçildi və başı-aşağı gedərək 5 il bundan əvvəlki 2011-ci il səviyyəsində qərarlaşdı. Konkret olaraq, dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 4,87 milyard manat və ya 25,1 faiz az, xərcləri isə bu illlə müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırıldı. Büdcənin ümumi mənzərəsinə gəlincə, beləliklə növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiyə, 14 manatı dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpiyi sosial müdafiəyə və təminata, 11 manat 30 qəpiyi müdafiəyə, 10 manat 50 qəpiyi təhsilə, 7 manat 60 qəpiyi dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manatı məhkəmə hakimiyyəti, hüquq müdafiə və prokurorluğa, 4 manat 60 qəpiyi səhiyyəyə, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqçılığa, 81 qəpiyi elmə, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərlənəcək.

Gələn il proqnozlar özünü doğruldacağı halda büdcədə 1.7 milyard manat kəsir yaranacaq. Büdcə ilə bağlı digər vacib məqam Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində tətbiq edilən vergi və gömrük ödənişləri güzəştlərinə 2016-cı ildə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud bəzilərinin ləğv edilməsinin nəzərdə tutulmasıdır.

Həftənin önəmli hadisələrindən biri “Qazprom"la SOCAR-ın müvəqqəti svop rejiminə keçməsi oldu. Rusiya şirkəti Azərbaycana illik 2 mlrd. kubmetr qaz nəql edəcək. Bu qaz SOCAR-ın anbarlarında saxlanacaq. SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, "Qazprom" şirkəti Azərbaycana gündəlik 10 mln. kubmetr qaz nəql edəcək: "Qazprom"a da lazımdır ki, biz gələn ildən Rusiyanın cənub regionuna, Dağıstana qaz verək. Ona görə də qərara aldıq ki, müvəqqəti svop rejiminə keçək. Onlar bu ildən bizə qaz ötürürlər. "Qazprom" gündə 10 milyon kubmetr, ildə 2 milyard kubmetr qaz nəql edəcək. Biz qaz anbarlarının maksimum gücünü yoxlayacağıq. 2017-ci ildən biz Dağıstanı qazla təmin edəcəyik”. SOCAR prezidenti əlavə edib ki, Dağıstana qaz nəqlini nəzərdə tutan müqavilə 10-15 gün ərzində imzalanacaq.

SOCAR-dan digər xəbər Yunanıstanın qaz şəbəkəsinin operatoru - DESFA dövlət şirkətinin özəlləşdirilmə prosesi çərçivəsində 16% səhminin Avropa şirkətlərinə satmağa hazırlaşmasıdır. Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. Belçika mediasının qeyd etdiyinə görə, bu ölkənin "Fluxys" şirkəti DESFA-nın hissələrini almaq istəyən şirkətlər arasındadır. İtaliyanın iki şirkəti - "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas" şirkəti, Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkəti də DESFA-nın 16%-nin alınmasına maraq göstərir. "Fluxys" şirkətində 2,1% paya malik olan Belçika Milli İnvestisiya Fondu (SFPI - Societe Federale de Participations et d’Investissement) 30 mln. avro ilə DESFA-da 5%-in alınmasında iştirak edə bilər.

Həftənin daha bir şoku Skandinaviyanın mobil rabitə operatoru olan "TeliaSonera"nın Avrasiya regionundakı fəaliyyətini məhdudlaşdırmağı və əsas diqqətini İsveç və Avropa bazarında cəmləşdirməyə dair verdiyi qərar oldu. Bu qərar çərçivəsində şirkət Azərbaycanı da tərk edir. "TeliaSonera"nın bu regionda işlərini yekunlaşdırmağı planlaşdırdığı digər ölkələr Nepal, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Moldova və Tacikistandır.

Məndən bu qədər. Hər birinizə uğurlu bazar günü

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm