• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Həftənin ölümləri – kral, avro və neft

  • Hesabat
  • 24 Yanvar 2015 15:05
  • 1 003 Baxış
Həftənin ölümləri – kral, avro və neft

Yola saldığımız həftə kifayət qədər gərgin keçdi. İsveçrənin Davos qəsəbəsində Dünya İqtisadi Forumu öz işinə başladı. Səudiyyə Ərəbistanının kralı Abdullahın ölüm xəbəri xammal birjasını silkələdi. Həftəyə enişlə başlayan neftin qiyməti yüksəlməyə başladı. Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşaldılması proqramını (QE) işə salmaqla bağlı çıxışı isə dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərdi. Çıxışdan dərhal sonra avro ucuzlaşaraq, dollara nisbəti 1,1617-dən 1,1483-ə düşdü. Bununla da avro son 11 ildə ən aşağı həddə endi. Hətta ilin sonuna qədər avronun dollarla bərabərləşəcəyinə dair proqnozlar verildi.

Başlayaq Davosdan. Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində yanvarın 21-dən 24-dək Dünya İqtisadi Forumu keçirildi. Bu il müzakirə edilən mövzularda birincisi Ebola epidemiyası, iqlim dəyişikliyi və inkişaf edən texnologiyaları oldu. Forumda dünyanın öndə gələn iqtisadiyyatları arasında əsən soyuq küləyin yaratdığı təhdidlərə də diqqət yönəldi.

Kral Abdullanın vəfatı da həftəyə damğasını vurdu. Neft hasilatının azalmasına qarşı çıxan kralın vəfat etməsi birjalara psixoloji təzyiq yaratdı. Belə ki, Səudiyyə Xəbər Agentliyinin kralın ölüm xəbərini verməsindən dərhal sonra neftin dəyəri Nyu Yorkda 3.1 faizə qədər, Londonda 2.6 faizə qədər bahalaşdı. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol çətin günlərdən keçən neft bazarlarında Səudiyyə Ərəbistanının sabitliyin simvolu olaraq qalacağına ümid etdiklərini söyləməklə kimlərəsə mesaj ötürdü.

Avropa Mərkəzi Bankının (AMB) verdiyi qərarlar valyuta birjasını silkələdi. Avronun məzənnəsi son 11 ilin ən aşağı səviyyəsinə düşdü. AMB-nin qəbul etdiyi "Quantitative easing" yəni pul genişləmə proqramının hədəflərinə gəlincə, bank bu proqramla deflyasiyaya doğru sürüklənən Avro Bölgəsində inflyasiyanı 2 faiz nisbətində saxlamağa çalışır. AMB bankların maliyyə aktivlərini satın alaraq daha çox nağd vəsaitlərə sahib olmalarını təmin etməyi planlaşdırır. Bunun sayəsində ev təsərrüfatlarına və müəssisələrə daha aşağı faizlə kredit ala bilmələrini, iqtisadiyyatdakı işsizliyin azalmasını hədəfləyir. Nəzərə çatdıraq ki, AMB bu proqram nəticəsində 2016-cı ilin sonuna qədər üzv ölkələrə 1,14 trilyon avronun daxil olacağını proqnozlaşdırır.

Onu da qeyd edək ki, Avropa Mərkəzi Bankı növbəti ilin sonuna qədər aylıq 60 milyard avro həcmində istiqraz alacağını açıqlayıb. Bu, 2015-ci ilin martında avro bölgəsi hökumətlərinin ikinci bazara təqdim etdikləri dövlət istiqrazları olacaq. Hökumətlər və təşkilatlar tərəfindən təqdim edilən istiqrazların alınması avro bölgəsinə üzv ölkələrin mərkəzi banklarının AMB-dəki sərmayə paylarına uyğun reallaşdırılacaq. Mərkəzi Bank müddəti 2-30 il arasında dəyişən dövlət və ölkələr üstü istiqrazları satın alacaq. 2016-cı ildə sona çatacaq alış proqramı 1,1 trilyonluq yığıma yüksələcək.

Dünyanın ən böyük iqtisadiyyatçısı Yaponiyada qiymətlərin yüksəldilməsi üçün tətbiq olunan proqramlar neftin qiymətinin ucuzlaşması ilə gözlənilən təsirləri yaratmayıb. Yaponiya Mərkəz Bankı aylıq toplantısından sonra illik inflyasiya proqnozunu aşağı salıb. Bank inflyasiya proqnozunu 1,7 faizdən 1 faizə endirib. Eyni dövr üçün iqtisadi artım proqnozunu 1,5 faizdən 2,1 faizə qaldırıb. Bank cari ilin mart ayında inflyasiyanın 1,9, 2017-ci ilin martında 2,1 faiz olacağını proqnozlaşdırır.

Digər tərəfdən, bank pul siyasətini sabit tutaraq istehlakçı qiymətlərinin artmağa davam edəcəyinə ümid edir. Bildirək ki, bankın bu müdrik proqnozlarından sonra yapon yeninin məzənnəsi dollara nisbətən ən yüksək səviyyəyə çatıb.

2014-cü ildən bəri iqtisadiyyatı çöküş yaşayan Rusiyada vəziyyət get-gedə kritikləşir. Rusların valyutaya olan tələbi 2 dəfə azalaraq 3,3 milyard dollara düşüb. “Bank Rossiya”nın hesabatında bildirilir ki, ən çox azalma ABŞ dollarına tələbatda baş verib - 2,2 dəfə. Avropa valyutasına olan tələb 40 faiz düşüb. Bu arada Rusiya hökuməti anti-böhran planı qəbul etməyə hazırlaşır. Hökumət anti-böhran planına dair yekun iclasını qarşıdakı bazar ertəsi keçirəcək.

Qeyd edək ki, anti-böhran layihəsinin reallaşdırılması üçün 1,375 trilyon rubl tələb olunur. Bu vəsait dövlət zəmanəti və Milli Rifah Fondundan ayrılacaq. Vəsait əsasən kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə yönəldiləcək. Ümumilikdə bu sektora 50 milyard rubl nəzərdə tutulub. Sənayeyə isə hökumət 20 milyard ayırmağı planlaşdırır.

Xatırladaq ki, Rusiya anti-böhran planını sonuncu dəfə 2009-cu ildə qəbul edib. O zaman ölkənin büdcə kəsiri ümumi daxili məhsulun 5,9 faizinə çatmışdı. Bu il üçün isə həmin rəqəm 2-3 faiz proqnozlaşdırılır. Bu səviyyənin qalxmaması üçün Rusiya 2015-ci ilin büdcə xərclərində ixtisar planlaşdırır. Artıq Maliyyə Nazirliyi xərclərdə 10 faiz azaldılmaya gediləcəyini bildirib. Lakin bu, ilkin addımdı. Büdcə xərclərinin azaldılması 15 faizə çatdırıla bilər. Büdcə defisitinin isə əvvəlki illərdə toplanan rezervlərin hesabına qapadılması planlaşdırılır.

Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyatla bağlı proqnozlarını pisləşdirməsi də həftənin önəmli hadisələrindən oldu. Fond iddia edir ki, xam neftin qiymətindəki eniş iqtisadiyyatı davamlı olaraq dəstəkləməyəcək.

BVF-nın “Dünya İqtisadi Görünüş Hesabatı”nda qeyd edilir ki, qlobal iqtisadiyyatdakı artım proqnozu 2015-ci ildə 3,5 faizə, 2016-ci ildə isə 3,7 faizə düşəcək.

Təşkilat ABŞ iqtisadiyyatında artım gözləntilərini 3,1 faizdən 3,6 faizə qaldırıb. 2016-cı il üzrə bu rəqəm 3 faizdən 3,3 faizə yüksəldilib. Avro bölgəsi və Yaponiyanın isə hələ də aşağı inflyasiya və durğunluqla mübarizə apardığı qeyd olunub: "2015-ci il üçün Amerika iqtisadiyyatındakı artımı 3,6 faizə yüksəltdik. Avro bölgəsindəki artımı isə 1,1 faizə, Yaponiyadakını 6 faizə endirdik.

BVF-ya görə, Amerika iqtisadiyyatı 2015-ci ildə qlobal iqtisadiyyatın lideri olacaq. Bununla bərabər, Avro bölgəsi, Çin və Yaponiyada yaşanan aşağı inflyasiya, durğunluq isə qlobal artımı yavaşladacaq. Xüsusilə Çinin iqtisadi artımı 1990-cı ildən bu yana ən yavaş səviyyədə olacaq. Nəzərə çatdıraq ki, Pekin rəhbərliyi, 2014-ci il üçün 7,5 faizlik iqtisadi artım hədəfləmişdi. Çinin Statistika İdarəsi isə ölkə iqtisadiyyatının 2014-cü ildə 2013-cü ilə nisbətən 7,4 faiz böyüdüyünü açıqlayıb.

Yeri gəlmişkən, hesabatda düşən neft qiymətləri, güclənən Amerika dolları, inkişaf etmiş ölkələr arasında artan fərqliliklər və yüksələn faiz dərəcələri qlobal iqtisadiyyatı şəkilləndirən faktorlar kimi sadalanıb.

Qlobal maliyyə böhranın vurduğu Yunanıstandan da xəbər var. Ölkədə işsizlik probleminə həll tapılmır. 2013-cü ildə 28 faiz olan bu nisbət 2014-cü ildə 25,8 faizə çəkilib. 5 ildə 7 növ vergi artımı yaşanıb. Bu ölkədə gündəlik məhsulların qiymətinin 90 faizini vergilər təşkil edir. Bu da sənayeyə, topdan və pərakəndə satışlara cəmi 10 faiz pay buraxır.

İş dünyası

2014-cü ildə avtomobil sektorunun lideri "Toyota" olub. Rəqiblərindən bir həftə sonra satış rəqəmlərini açıqlayan yapon istehsalçısı dünyada10 milyondan çox (10,23) vasitə satmağı bacarıb. “Lexus” və “Daihatsu” kimi markalar da yapon istehsalçılarının qazandığı müvəffəqiyyətdə əhəmiyyətli rol oynayıb. Alman avtomobil nəhəngi “Volkswagen” isə qiymətləndirmədə ikinci olub.

Nəzərə çatdıraq ki, “Toyota”2015-ci il üzrə ümumi satış hədəfini 1 faiz aşağı salıb. Bu il cəmi 10,15 milyon ədəd avtomobil satmağı planlaşdırır. Bu vəziyyət isə yapon şirkətinin liderliyini “Volkswagen”ə keçməsinə səbəb ola bilər.

Xam neftin qiymətindəki ucuzlaşma neft istehsalçılarını pis vəziyyətdə qoyub.

Dünyanın ən böyük mədən firması BHP Billiton ABŞ-dakı platformalarının sayını 40 faiz azaldacağını açıqlayıb. 2015-ci ildə sərmayələrini salmağa hazırlaşan neft istehsalçıları arasında Fransanın “TOTAL” şirkəti də var. Dünya İqtisadi Forumuna qatılan “TOTAL”in yeni rəhbəri Patrick Pouyanne 2015-ci ildə də şirkətə işə qəbulun donduracağını açıqlayıb. Pouyanne həmçinin 2014-cü illə müqayisədə Şimal dənizindəki sərmayələrində 3 milyard dollar həcmində kəsintiyə gedəcəklərini açıqlayıb.

2014-cü ilin iyunundan bu yana neftin qiymətinin yarıbayarı azalması enerji sektorunda ixtisarları da artırıb. Ötən həftə bu sahədə işinə son verilənlərin sayı 17 minə çatıb.

Gəldik çatdıq öz ölkəmizə. Beynəlxalq Valyuta Fondu 2015-ci il üzrə Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozunu dəyişdi, ötən illə bağlı makro iqtisadi göstəricilər açıqlandı. Bəlli oldu ki, ötən il Azərbaycanda istehlak bazarı 10% artıb, əhalisinin gəlirləri 5% çoxalıb, bir ildə Azərbaycanda əsas kapitala yönəldilən xarici investisiyaların 90%-dən çoxu səkkiz ölkənin payına düşüb, xam neft hasilatı 2% azaldılıb, problemli kreditlərin həcmi 1,3 mlrd. dollara çatıb.

Başlayaq, Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci ildə Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozundan. BVF bu rəqəmi 2,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə fondun saytında dərc edilən yenilənmiş regional proqnozlarda qeyd edilir.Ötən ilin oktyabr ayında BVF 2015-ci il üçün Azərbaycanda iqtisadi artımı 4,3% səviyyəsində proqnozlaşdırmışdı. 2016-cı ildə BVF Azərbaycanda ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır. Fondun qiymətləndirmələrinə əsasən, 2015-2016-cı illərdə Azərbaycanda ÜDM-in nominal həcmi müvafiq olaraq $78,1 mlrd. və $82,6 mlrd. təşkil edəcək. BVF-nin proqnozlarına görə, 2015-ci ildə qeyri-neft sektorunda ÜDM 4,1%, 2016-cı ildə 4% artacaq. Cari ildə neft sektorunda 0,9% azalma, 2016-cı ildə 0% artım proqnozlaşdırılır.

2015-ci ildə Azərbaycanda inflyasiya 2% (oktyabr ayının proqnozu - 3%), gələn il 3% səviyyəsində proqnozlaşdırılır.

Fondun qiymətləndirmələrinə görə, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti $2,5 mlrd. və ya ÜDM-in 3,2%-ni, 2016-cı ildə $2,1 mlrd. və ya ÜDM-in 2,6%-ni təşkil edəcək.

Azərbaycan hökuməti 2015-ci ildə respublikada ÜDM artımını 4,4% səviyyəsində proqnozlaşdırır. 2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.

Yola saldığımız həftə daha bir vacib hadisə Prezident İlham Əliyevin Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərmanı oldu. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiqləndi. Məlum oldu ki, 2015-ci ildə fonddan dövlət büdcəsinə transfert 10 388 000,0 manat təşkil edəcək.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR