Avropada müharibə başladı: Milyarderlər ovuna xoş gəldiniz!
Bizi izləyin

Hesabat

Avropada müharibə başladı: Milyarderlər ovuna xoş gəldiniz!

Avropada müharibə başladı

Əsas mövzusu Ukrayna olan daha bir gərgin həftəni yola saldıq. Diqqəti çəkən isə Rusiyanın Krımı işğalının təkcə Ukraynaya zərbə vurmaması oldu. Rusiyanın səhm və valyuta bazarında da vəziyyət kritikləşdi. Rubl dəyərdən düşdü, şirkətlərin səhmləri ucuzlaşdı.

Konkret, ölkənin iri ranqlı iş adamları milyonlarla dollar itirdilər.Fevralın 28-də ümumi bazar dəyəri 101,8 milyard dollar olan aktivlər martın 3-nə 92,3 milyard dollar təşkil etdi. İş adamı Leonid Mixelson səhmlərin ucuzlaşmasından 1,34 milyard dollar, Vahid Ələkbərov 694 milyon dollar, Əlişir Usmanov 654 milyon dollar itirdi.Ümumilikdə 20 nəfər iş adamının itkisi 9,9 milyard dollar təşkil etdi.

Bununla belə Rusiyanın hakim dairəsi Ukrayna, daha doğrusu arxasında dayanan güclərlə Avropa və ABŞ-la soyuq savaşdan geri çəkilmək niyyətində görünmür. Gözlənildiyi kimi, mübarizə artıq mavi qaz müstəvisinə keçib. Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi Ukrayna ilə əlaqədar geopolitik narahatlıqlarını dilə gətirərkən açıq şəkildə soyuq döyüşün ardından super güclər arasındakı problemin davam etməsini qaz döyüşü adlandırıb. Bildirib ki, qurbanlar avropalı şirkətlər və enerji istifadəçiləri olacaq.

Başlayaq, elə Ukrayna və ölkənin Rusiyaya mavi qaza görə olan borcundan. Yola saldığımız həftə Ukrayna fevral ayı üçün Rusiyaya olan borcunu tam ödəməyə hazır olmadığını bəyan etdi. “Qazprom”un prezidenti Aleksandr Miller isə Kiyevin borcunun artıq 2 milyard dollara yaxınlaşdığını açıqladı. Məlum oldu ki, Ukraynanın borcu martın 5-nə qədər 1 milyard 529 milyon dollar təşkil edirmiş. 5 martda 10 milyon da əlavə olunub. 7 martda daha 440 milyon əlavə edildi.

Yeri gəlmişkən, “Qazprom” da bu ərəfədə boş dayanmadı. Şirkət Ukraynanın yığılan borcları səbəbiylə endirimli qiymətdən satışa son verəcəyini bəyan edib.

Onu da bildirək ki, Ukrayna ölkənin ehtiyac duyduğu qazın 72 faizini Rusiyadan idxal edir. Avropa Birliyi isə istifadə etdiyi qazın 30 faizini bu ölkədən tədarük görür. Bu rəqəmin 50 faizi Ukrayna üzərindən Avropaya çatır. Ukraynanın “Naftoqaz” şirkətindən əldə edilən endirim razılaşması çərçivəsində “Qazprom”a min kub metr qaz üçün 268 dollar ödənilir. Bu rəqəmin ikinci dörddəbirdə 400 dollara çıxa biləcəyi deyilir.

Rusiya Mərkəz Bankı həftənin ilk günündə yaşanan hərəkətlikdən sonra bazara müdaxilə etdi. MB faiz nisbətini 5,5 faizdən 7 faizə qaldırdı. Moskva birjasının sözçüsü i Nikita Bekasovun sözlərinə görə, sərmayəçilər həftə sonu bazarlar bağlıykən meydana gələn qlobal və xarici siyasi hadisələrə reaksiya verə bilməyiblər. Bunlar rubla təsir edib. Rubl birjada avro və dollar qarşısında dəyər itirib. Lakin Mərkəzi Bank təməl faiz nisbətini dərhal yüksəldərək zamanında reaksiya göstərib".

Qeyd edək ki, həftə sonu birja 10 faiz dəyər itirdi. Ukrayna üzərindən Avropaya enerji daşınmasını həyata keçirən “Qazprom” şirkətinin birjadakı itkisi isə 12 faiz olub. Rublun dəyər itkisi 2 faizə qədər yüksəldi.

Siyasi gərginlik nəticəsində Rusiyada 2008-ci ildən sonra birjada ən böyük eniş yaşanıb. Kafi ehtiyatının olduğu deyilən Mərkəz Bankı inflyasiya riskinə qarşı tədbirlər aparıldığını açıqlayır.

ABŞ-da isə Əmək Nazirliyi bazarların maraqla gözlədiyi fevral ayı üzrə məşğulluq rəqəmlərini açıqlayıb. Məlum olub ki, yanvar ayında yavaşlayan məşğulluq fevralda ağır qış şərtlərinə rəğmən artıb.

İşsizlik nisbəti son 5 ilin ən aşağı səviyyəsində qalıb. Açıqlanan son rəqəm Amerika iqtisadiyyatının ağır qış şərtlərinin təsirindən çıxmağa başladığını göstərir

Yüksək məşğulluq rəqəmi Nyu York Birjasına da müsbət təsir edib. Səhmlər 0,30 faiz ətrafında dəyər qazanıb.

Fransada da işsizlik nisbətinin iki il sonra ilk dəfə azaldığı elan edildi. Avropanın ən böyük ikinci iqtisadiyyatında ilin son rübündə işsizlik nisbəti 10,2 faizə düşüb. Fransa Statistika Bürosu,eləcə də Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə, ötən ilin sonunda işsizlik 0,1 faizə düşüb. Gənclər arasındakı işsizlik də təxminən 1lik faizlik enişlə 23,7 faizə geriləyib.

Son rübdə rəsmiləşdirilən 41 min işsiz iş həyatına geri dönərək ölkədə işsizlərin sayı 2 milyon 788 min nəfərə çatıb. Xatırladaq ki, ötən ilin üçüncü rübündə Fransada işsizlik nisbəti 2007-ci ilin ən yüksək rəqəminə çataraq 10,3 faizə yüksəlmişdi.

İş dünyası

Bitən həftə “Forbes” jurnalı dünyanın ən zənginlərinin adını açıqladı. Siyahıya bu il “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts rəhbərlik edir. Onun nə az, nə çox 76 milyard dolları var. Meksikalı milyarder, ötən ilin birincisi Karlos Slim isə 72 milyard dollara sahibdir.

"Economist Intelligence Unit" (EIC) də siyahı açıqladı. Lakin dünyanın ən bahalı şəhərlərinin siyahısını. Nəzərə çatdıraq ki, EIC Nyu Yorkdakı qiymətləri əsas götürülərək dünyanın 131 şəhərindəki həyat bahalılığını ölçüb.Araşdırmada yemək, içki, geyim, kirayə, nəqliyyat, elektrik, su və xüsusi məktəb kimi sahələrdəki qiymətlərin müqayisəsi aparılıb. Bir əvvəlki siyahıda dünyanın ən bahalı şəhəri olan Tokio bu dəfə ilk beşliyə daxil ola bilməyib. Siyahıya Sinqapur rəhbərlik edib.Paris, Oslo, Sürix, Sidney dünyanın ən bahalı beş şəhəri olub. Həyatın ən ucuz olduğu şəhərlər Şam, Katmandu, Yeni Delhi, Karaçi və Mumbaidir.

Diqqəti çəkən həyatın ən ucuz olduğu şəhərlərin hamısının Asiyada yerləşməsidir. Vətəndaş müharibəsilə sarsılan Suriyanın paytaxtı Dəməşq ən ucuz şəhərlər arasına daxil olub.

Fransanın avtomobil istehsalçısı “Pejo”nun keçən il bazara təqdim etdiyi yeni 308 modeli ilin avtomobili seçildi. Cenevredə keçirilən 84-cü avtomobil sərgisində 7 fərqli marka birincilik üçün yarışdı. Avropadan gələn 58 mətbuat mənsubunun səs verdiyi seçkidə "Peugeot 308" ilin avtomobili seçildi.

Ötən ilin son rübündə bazara təqdim edilən yeni “Peugeot 308” geniş baqajı ilə diqqət çəkir. Ayrıca yeni model sürüş kefini artıran kokpit dizaynına malikdir.

Dünyanın ən böyük ikinci iqtisadiyyatı sayıaln Çində vədəsi gələn faizi tam ödəyə bilməyən şirkət defoltla üzləşib.

Belə ki, "Shanghai Chaori" Elmi Günəş Enerjisi və Texnologiya Şirkəti təxminən 10 milyon avro məbləğindəki ödəməsinin 400 min avroluq qisimini ödəyə bilib. Nəhəng enerji şirkəti tamamlanamayan ödəmənin ardından defoltla üzləşən ilk Çin şirkətidir.

Şirkətin rəhbəri Liu Tielong borcların ödənməsi üçün xarici ölkələrdə olan günəş enerjisi panellərinin bəzilərini satacaqlarını bildirib.

Gəldik, çatdıq öz ölkəmizə..

Bitən həftənin əlamətdar iqtisadi hadisələrindən biri prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərman oldu. Həmən sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayı və eləcə də müddəti kəskin azaldılır. Fərmanın tələbinə görə, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr minimumlaşdırılır. Bu arada diqqətə çatdıraq ki, Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatına görə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə bağlı vəziyyət yaxşıdır. Belə ki, biznesə başlamaq indikatoruna əsasən, Azərbaycan dünyada 10-cudur.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın bank sektorunun cari vəziyyətinin sabit olduğunu, iqtisadiyyatın ümumi müsbət göstəriciləri ilə dəstəkləndiyini açıqlayıb. Agentlik hesabatında onu da vurğulayıb ki, bəzi struktur məsələləri aktivlərin keyfiyyətinə, mənfəətə və kapitallaşmaya mənfi təsir göstərir. Hazırda Azərbaycan bankları daha çox pərakəndə kreditləşməyə üstünlük verir ki, bu da korporativ kreditləşmədə olan itkiləri kompensasiya edir və kapitalın rentabelliyini artırır. Ümumilikdə, pərakəndə kreditləşmənin artım tempi (2013-cü ildə - 44%), əhalinin gəlirlərinin artım tempini (8%) dəfələrlə üstələyir ki, bu da əhalinin borc yükünü kəskin artırır. Lakin eyni zamanda, istehlak kreditləşməsinin keyfiyyətini Agentlik məqbul hesab edir. Əksinə, korporativ kreditləşmənin artım tempini (15%), həmçinin onun keyfiyyətini zəif kimi qiymətləndirilir. Bunun səbəbləri kimi isə ölkədə işgüzar mühitdəki çatışmazlıqlar, bəzi bankların infrastruktur və tikinti sektorları ilə bağlı olan riskləri qeyd edilir.

Müsbət amillər kimi “Fitch Ratings” vaxtı keçmiş kreditlərlə bağlı vəziyyətin və kapitallaşma göstəricilərinin yaxşılaşmasını vurğulayır. Fondlaşmaya gəlincə, Agentlik burada vəziyyətin sabit olduğunu bəyan edir və depozit bazasının artmasını qeyd edir. Bundan əlavə, xarici fondlaşmanın də bank öhdəliklərinə 19%, ölkənin valyuta ehtiyatlarına isə 12% səviyyəsində qiymətləndirilərək normal hesab olunur.

“Aprel ayının 1-dən Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı dayandırılacaq. Ölkəyə Aİ-98 markalı avtomobil benzinlə yanaşı, Aİ-95 markalı benzin də idxal olunacaq”. Bunu da jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, həmin tarixdən "Aİ-95" markalı benzinin istehsalı dayandırılsa da bu, heç bir qiymət artımına səbəb olmayacaq.

Yola saldığımız həftə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) açıqladığı neft və neft məhsullarının istehsal, ixrac rəqəmləri diqqət çəkdi. Məlum oldu ki, Novorossiysk limanından neft ixracı 32,6% azaldılıb. ARDNŞ 2014-cü ilin yanvar-fevral aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə 169,694 min ton neft yola salıb. 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 32,6% azalıb.

2014-cü ilin fevral ayında SOCAR Novorossiysk limanından 84,91 min ton Azərbaycan nefti yola salıb. Məlum olduğu kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft ötürməyi planlaşdırır (il ərzində 1 mln. 20 ton). 2014-cü il fevralın 18-də SOCAR və “Transneft”arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Bununla yanaşı, sazişin şərtləri açıqlanmayıb. Saziş 2014-cü ilin sonuna qədər nəzərdə tutulub. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Bakı- Novorossiysk kəməri ilə 1 mln. 750,063 min ton, 2014-cü ilin yanvar ayında 84,795 min ton neft ixrac edilib.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm