“İşlənmiş materiallar” – Onlar heç kimə lazım deyil – FOTOLAR
Bizi izləyin

İdman

“İşlənmiş materiallar” – Onlar heç kimə lazım deyil – FOTOLAR

Vaxt var idi, dünya futbolunda Rivaldo, Bekhem, Zidan, Ronaldo (Braziliya), Roberto Karlos, Del Pyero, Kan, Ronaldinyo kimi əfsanələr söz sahibi idilər. Zaman keçdi, dövr dəyişdi, nəsillər bir-birini əvəz etdi. İndi də meydan boş qalmayıb. Messi, Kristiano Ronaldo, İbrahimoviç, Aquero, Lamın timsalında xeyli ulduz futbolçular top qovur. Bunlar sadəcə üzdə olan futbolçulardır. Bir neçə il əvvəl ansamblın aparıcı ifaçıları olub hazırda kölgədə qalanlar da var. Bu dəfə oxuculara gözdən düşən, heç kimə lazım olmayan “işlənmiş materiallar”dan danışacağıq.

Ron Vlaar, 30 yaş

Son klubu: Aston Villa

Braziliyada baş tutan sonuncu mundialda Vlaar Hollandiya millisinin baş məşqçisi Lui Van Qalın ən çox güvəndiyi futbolçulardan biri idi. Hətta 64 yaşlı mütəxəssis “Mançester Yunayted”ə təyinat alanda çoxları Ronun bossun arxasınca “Old Trafford”a yollanacağını düşünürdü. Yəni o qədər bağlılıq vardı. Həm də “Qırmızı şeytanlar”ın bərbad vəziyyətdə olan müdafiə xəttini abıra salmaq üçün bu transfer məntiqəuyğun görünürdü. Üstəlik, onun məxsus olduğu “Aston Villa”yla müqaviləsi də bitmişdi, pul isə həmişə lazımlıdır. Ancaq “Kral Lui” köhnə əsgərinə etimad göstərmədi. Bir tərəfdən də zədələr Vlaara normal mövsüm keçirməyə imkan vermədi (il ərzində cəmi-cümlətanı 20 oyuna çıxdı).

İyulun 1-də “Villa”nı tərk edən 30 yaşlı təcrübəli müdafiəçi yeni mövsümü evində qarşıladı. Eyni zamanda zədəsini sağaltmaqla məşğuldur.

Kimə lazım ola bilər: MY, Latsio, Dinamo M.

Co Barton, 32 yaş

Son klubu: KPR

O, ötən mövsüm Fer və Kolkerlə birlikdə “Reyncerlər”in ən yaxşı üç oyunçusundan biri hesab edilmişdi. Co əsasən hücumameylli oynayırdı və hər oyuna orta hesabla 2,1 təhlükəli ötürmə verirdi. Həmçinin “razborkalar”a da biganə qalmırdı (11 sarı vərəqə). Ona “kastalom” (sümüksındıran) ləqəbini elə-belə verməyiblər ki... 32 yaşı olmasına baxmayaraq, Barton hələ də meydanda faydalı ola bilər, amma hazırda işsizdir.

Kimə lazım ola bilər: Marsel

Qiorqios Samaras, 30 yaş

Son klubu: Vest Bromviç

Polşa və Ukraynada düzənlənən Avropa çempionatında Rusiya millisinin qorxulu kabusuna çevrilən forvard qışda “Spartak”a keçə bilərdi. Amma yunan forvard “Əl-Hilal”a üstünlük verdi və İngiltərədə olduğu kimi, Səudiyyə Ərəbistanında da işləri qaydasında getmədi. İtaliya mətbuatı Samarasın “Sampdoriya”yla razılığa gəldiyini desə də, hələ ki, tibbi baxışdan keçməsi haqda xəbər yoxdur.

Kimə lazım ola bilər: Rubin

Cermeyn Pennant, 32 yaş

Son klubu: Viqan

Pennant İngiltərənin “gəzəyən futbolçu”sudur. 9 klubun formasını geyinən Cermeyn Hindistanda da oynamağa imkan tapıb. 2014-cü ildə birdən-birə “Pun Siti”də peyda olan 32 yaşlı yarımmüdafiəçi Hindistan Superliqasında bir neçə oyunda meydana çıxdı. Yerli jurnalistlərə müsahibəsində o, həmişə Avropaya qayıtmağı, böyük klublarda oynamaq istəyini bildirir. İntizam problemi, xuliqanlığı, axmaq hərəkətləri olsa da, Pennant sürətli olduğu üçün həmişə lazımlı futbolçu sayılıb.

Kimə lazım ola bilər: Bornmut

Joan Qurkuff, 29 yaş

Son klubu: Lion

“Futbolçu karyerası keşməkeşli olur” deyirlər. Bu sözlər tam Qurkuffa həsr olunub. Vaxtilə “yeni Zidan” kimi qələmə verilən istedadlı futbolçuya sonda “Qurkuffun transferi tam bir fiaskodur” cümləsi işlədildi. Joan karyerası ərzində yalnız bir diqqətçəkən mövsüm yaşadı: “Bordo” çempion oldu, Qurkuff isə 12 qol və 11 məhsuldar ötürməylə yadda qaldı. Son 5 ildə əsasən iştirak ərizəsində oyunçu sayını tamamlamağa xidmət edən Joan ara-sıra Zidanlığına salıb 2-3 qol vurmaqla kifayətlənir.

Kimə lazım ola bilər: Genqam, Bordo

Dimitar Berbatov, 34 yaş

Son klubu: Monako

“Bayer”də tanındıqdan sonra bolqar forvard İngiltərə və Fransada 6 klubun formasını geyindi. Onu daha çox “Mançester Yunayted”in ehtiyat oyunçular skamyasında və “Tottenhem”in lazımsız oyunlarında xatırlamaq olar. Amma “Bayer”də əsl bombardirlik keyfiyyətlərini göstərə bilmişdi.

Fransada oynadığı iki il ərzində 18 qol vuran Berbatov 11 illik fasilədən sonra “Monako”nun futbol elitasına qayıtmasına töhfə verdi. Amma bu yay yollar ayrıldı.

Kimə lazım ola bilər: Auqsburq, Verder

Klaudio Pisarro, 36 yaş

Son klubu: Bavariya

“Bavariya”da əfsanələşən perulu hücumçu son iki ili fitnes salonlarında keçirib. Adətən son dəqiqələrdə meydana çıxsa da, aktivinə mövsüm ərzində 10 qol yazdırmağı bacarıb. Halbuki bəzən əsas heyətdə meydana çıxan forvardlar mövsümə heç 10 qol vura bilmirlər. Almanlar onunla müqaviləni uzatmasalar da, 36 yaşlı veteran hələ futboldan getmək haqda düşünmür. Onun kimi təcrübəli futbolçunu indiki məqamda da “yağlı tikə” hesab etmək olar.

Kimə lazım ola bilər: Volfsburq

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm