Bakıda polo üzrə Avropa çempionatı keçiriləcək
Bizi izləyin

İdman

Bakıda polo üzrə Avropa çempionatı keçiriləcək

Bakıda keçiriləcək polo üzrə Avropa çempionatı ilə bağlı "Boulevard Hotel"də mətbuat konfransı təşkil olunub.

Publika.az xəbər verir ki, tədbirdə "World Polo", Azərbaycan Respublikası Atcılıq Federasiyası (ARAF) və iştirakçı ölkələr - Azərbaycan, İtaliya, İrlandiya, İspaniya, İsveçrə və Almaniya komandalarının baş məşqçiləri iştirak ediblər.

"World Polo"nun sədri Reto Qaudenzi iki il əvvəl Bakıda keçirilmiş polo yarışının uğurla təşkil olunduğunu xatırladıb:

"İlk dəfə qapalı ərazidə polo üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Burada söhbət arenadan gedir. Turnirin ilk 3 günü bağlı arenada keçiriləcək, digərləri isə açıq havada olacaq. Bu yarış dünya səviyyəli olacaq".

Qurum sədri turnirin reqlamentinə də aydınlıq gətirib. O bildirib ki, sabah start götürəcək çempionatın mükafatçıları sentyabrın 12-də müəyyənləşəcək:

"Atların hamısı Argentinadan gətirilib. Bütün atlar peşəkarlar tərəfindən bölünüb. Bu yarış çərçivəsində Qafqazda ilk dəfə polo məktəbi təşkil olunacaq və bu, "Elite Atcılıq Klubu"nda keçiriləcək. 2017-ci il dünya çempionatının isə Qəbələdə keçirilməsi planlaşdırılır".

ARAF-ın baş katibi Bəhruz Nəbiyev yarışda Azərbaycan atlarının iştirak etməməsinin səbəbini belə açıqlayıb: "Polo yarışları çövkənə yaxın idman növüdür. Bu səbəbdən həmin idman növünə polo atları uyğun gəlir. Bu atlar da Argentinada yetişdirilir. 72 baş at gətirilib və bütün komandalar arasında bölünüb".

Azərbaycan millisindən uğurlu nəticə gözlədiklərini söyləyən baş katib heyətdə əcnəbi idmançının da olacağını vurğulayıb:

"Polo bizə yad idman deyil. Bizim insanların hər birinin ata qarşı sevgisi var. Onların hamısı atlarla təmasda olur. ARAF çövkən üzrə 3 çempionat təşkil edib və idmançılarımız da oradan seçilib. Hakimlər də Argentina və Avropadan dəvət olunub. Mükafat fonduna isə Təşkilat Komitəsinin ayın 10-da keçirəcəyi iclasda aydınlıq gələcək".

Qeyd edək ki, sentyabrın 4-də ARAF, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə Binə qəsəbəsindəki "Elite Horse&Polo Club"da I FİP Arena Polo üzrə Avropa çempionatına start veriləcək. Turnir sentyabrın 12-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm