Federasiya prezidenti: “Karatenin olimpiya proqramına salınmasının idmançılarımıza təsiri böyük olacaq”
Bizi izləyin

İdman

Federasiya prezidenti: “Karatenin olimpiya proqramına salınmasının idmançılarımıza təsiri böyük olacaq”

Xəbər verdiyimiz kimi, karate əlavə idman növü kimi 2020-ci Olimpiya Oyunlarının proqarmına daxil edilib. Tokio 2020 Təşkilat Komitəsinin karatenin 5 il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müsbət qarşılanıb.

Maraqlıdır, bu qərar bizim karate federasiyası tərəfindən necə qarşılanıb? Bunun üçün Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla əlaqə saxladıq.

Publika.az-a danışan federasiya rəhbəri karateçilərimizin olimpiya oyunlarında daha artıq nəticə göstərəcəklərinə inandığını deyib:

“Yaponlar istəyirdi ki, maraqlı bir idman növü salsınlar, buna görə də karateni seçdilər. 2020-ci ilin olimpiya oyunlarına hələ çox var – 5 il. Yəqin ki, orada da özümüzü yaxşı tərəfdən göstərərik. Bu il bizim karateçilərimiz 1-ci yerdədirlər. O vaxta kimi bu nəticəni daha da artırsalar, bizə olan diqqət və qayğı daha da artsa, nəticələrimiz bir az da yaxşı olar. Təbii ki, bir çox lisenziya yarışlarımız olacaq. Bundan sonra yarışa gedəcək idmançılarımız bəlli olacaq. İnanıram ki, karatenin olimpiya oyunlarına salınmasının idmançılarımıza təsiri böyük olacaq. Daha da yaxşı nəticələrimiz gələcək”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının fərdi kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə aparacaq. Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançı tatamiyə çıxacaq. Təsnifat yarışlarının detalları qarşıdakı dövr ərzində dəqiqləşdiriləcək. Qərar rəsmi olaraq 2016-cı ilin avqustunda MOK-un 129-cu sessiyasında açıqlanacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm