18 qat dünya çempionumuz rəqibin çiynini yerindən çıxartdı –VİDEO
Bizi izləyin

İdman

18 qat dünya çempionumuz rəqibin çiynini yerindən çıxartdı –VİDEO

18 qat dünya çempionumuz rəqibin çiynini yerindən çıxartdı –VİDEO

Aprelin 27-də Bakı Əyləncə Mərkəzində “FIGHT VISION 3” peşəkar kikboksinq yarışının keçirləcəyi ilə bağlı məlumat vermişdik. ( http://publika.az/p/15528 )

Möhtəşəm döyüşdə dünyanın ən titullu idmançılarından - 17 qat dünya çempionumuz, kikboksçu Eduard Məmmədov da iştirak edib. “Neftçi” İSM-in idmançısı Eduard Məmmədov rəqibini, dünya çempionu hollandiyalı Ruben Naraini II raunddan döyüşü yarımçıq saxlamağa vadar edib. Beləliklə, idmançımız 18-ci dəfə dünya çempionu adını qazanıb.

Dünya kəmərini vətəndə saxlayan “ağ canavar” ləqəbli idmançı yarışla bağlı təəssüratlarını Publika.az-la bölüşdü:

- Öncə sizi dünənki qələbəniz münasibətilə təbrik edirik. “FİGHT VİSİON 3” döyüşü ilə bağlı fikirlərinizi bölüşərdiniz.

- Dünən keçirilən yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Başda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və “Kaspian” klubun prezidenti Aydın Nəcəfzadənin rəhbərliyi altında gözəl yarış keçdi.

Yarışda Almaniya, Hollandiya və Gürcüstan idmançılar iştirak edirdi. Bundan əlavə, tanınmış müğənnilərimiz, sənət adamları bizə dəstək olmaq üçün gəlmişdilər.

Bizim əsas məqsədimiz döyüşdə qələbə qazanmaq idi. Bakı Əyləncə Mərkəzində - yarışın baş tutduğu zalda nəinki oturmağa, heç ayaq üstə durmağa yer yox idi. Yarışa baxmaq üçün biletlər pullu olsa da, bu döyüşə marağı azaltmamışdı.

Öz döyüşümə gəldikdə isə, deyərdim ki, rəqib güclü və təcrübəli idmançıydı. Hollandiyanı təmsil etsə də Hindistan əsilli döyüşçü idi.

O idmançı çəkidə (2,5kq) məndən artıq və boyda bir az məndən hündür idi. Buna görə də illərdi çiyin-çiyinə məşq etdiyim, şəxsi müəllimim Çingiz Eyvazovla birlikdə həmin idmançıya uyğun özəl taktikalar seçdik. Çalışırdım ki, rinqdə onun mənə qarşı güclü zərbələr endirməsinə şərait yaratmayım. Buna baxmayaraq rəqib mənə 1-2 güclü zərbə endirə bildi. O, çalışırdı məni “əzsin”, bilirdi ki, texnikada ondan üstünəm. Mən burda - öz vətənimdə uduza bilməzdim. Güclü zərbələrlə rəqibə işlədim. Yavaş-yavaş xallar yığmağa başladım. Sonra onun qollarına zərbələr endirdim. II raundun sonlarına yaxın onun sağ çiyni yerindən çıxdı. Biz 5 raund vuruşmalıydıq, amma II raundda o, döyüşməkdən imtina etdi.

Düzdür. idmançı deyirdi ki, bu qolumda çoxdan zədəm vardı. Amma özü etiraf etdi ki, illər sonra bu qolu sağalmışdı, heç bir narazılığı da olmamışdı həmin qolundan. Mən xal hesabı ilə də hər iki raundda ondan üstün idim.

- Bəhanə gətirib ki, “bu çiynim əvvəlcə çıxmışdı”. Bəs nə düşünürsüz ilk raundda onun həmin qolunda güc var idi, yoxsa zərbələri zəif idi?

- Onun ilk raundda qolu normal işləyirdi, yaxşı zərbələr vura bilirdi. Həmin qolunda heç bir zəiflik yox idi. Hətta mən haradasa fikirləşirdim ki, bir az onunla çətinlik çəkəcəm. O mənə bir neçə güclü zərbə endirirdi. Şükürlər olsun ki, təcrübə, güc öz sözünü dedi.

Öz məqsədimə çatdım. Çünki öz vətənimdə vuruşurdum, əsas hədəfim, məqsədim də bayrağı qaldırmaq və kəməri Azərbaycanda saxlamaq idi. Bundan əlavə 18-ci dəfə dünya çempionu adına layiq olmaq istəyirdim. Buna da nail oldum.

- Dediniz çəkidə sizdən (2,5kq) artıq və boyda isə hündür idi. Bu, rinqə çıxmamışdan öncə sizin gözünüzü qorxutmadı ki?

- Düzdür bilirdim ki, o çəkidə məndən artıqdır, amma döyüşdə bunu hiss etmirdim. Çünki mən əsas hədəfimə çatmaq istəyirdim. Qarşımda bir məqsəd var idi qələbə qazanmaq.

Sadəcə olaraq, ilk raunddan belə aqressiv olan idmançı çoxdandır görməmişdim. O I raunddan hücum etdi.

Amma mən növbəti raundlar üçün özümü saxlayırdım. Əsas hücum və zərbələrimi 3-4-cü raundlar üçün saxlamışdım. Buna baxmayaraq ilk iki raundda ona yaxşı zərbələr endirə bilim.

O mənə bir neçə güclü ayaq zərbəsi (low kick) vurdu. Amma mənim zərbələrim daha çox oldu və nəticə göz qabağındadır.

- İstədiyiniz döyüşü keçirə bildinizmi?

- Əvvəlcə də dediyim kimi mən II raunddan sonra açılışmaq istəyirdim. Amma o, döyüşdən imtina etdi. Federasiyamızın prezidenti Adil müəllim də mənə yaxınlaşıb dedi ki, “Görürdüm ki, sən bundan sonra əsas döyüşə keçmək istəyirdin”.

Çünki hər raunddan sonra gücümü daha da artırıram. Elə idmançı var ki, elə ilk hisədə gücünü ortaya qoyur, sonrakı hissələrdə nəfəsi çatmır döyüşməyə.

- Döyüşdən sonra rəqib tərəfdən kimsə hansısa rəy bildirdirdimi?

- Rəqibim yox, amma onun məşqçisi bildirdi ki, “Rubben çox pis oldu. O istəyirdi ki, döyüş bir az uzun çəksin. Biz sənin düzgün texnikanı, döyüşünü çoxdan izləmişik, görümüşük. Burada da sən çox düzgün texnika seçdin”.

- Siz dünənki döyüşdə zədə aldınızmı?

- Düzdür bizdə dizə zərbələr vurmaq olmaz. Amma o, diz qapaqlarıma 2-3 möhkəm zərbə vurdu. İndi bir az diz qapaqlarımda ağrı var. Amma 3-4 günə sağalacaq.

İnşallah, ayın 6-sı Yunanistanın Santorini şəhərinə yola düşəcəyik. Orada həvəskarlar arasında WTK üzrə dünya çempionatı keçiriləcək. Bilirsiniz ki, bizdə həm həvəskar, həm də peşəkarlar arasında vuruşmağa icazə var. Orada da bayrağımızı qaldırmağa çalışacam.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm