Pullarını banka əmanət edən dünya çempionu: “Oxumuş qızla evlənəcəyəm” - FOTOLAR
Bizi izləyin

İdman

Pullarını banka əmanət edən dünya çempionu: “Oxumuş qızla evlənəcəyəm” - FOTOLAR

Azərbaycanda karate idman növündə tanınan idmançılarımız çoxdur. Rafael Ağayev, Şahin Atamov, Niyazi Əliyev və başqaları kimi...

Dünya çempionu, tanınmış karateçi Şahin Atamov Publika.Az-ın qonağı olub. İdmançıya suallarımızı əməkdaşımız Leyla Əliyeva ilə birlikdə verdik.

“Bəhanə ilə məni məğlub saydılar”

Aygün İlqarqızı:

- Bu yaxınlarda iki beynəlxalq dərəcəli turnirdən qayıtmısız. Əsas turnir Avropa çempionatı idi. Bir az bu yarışlardan danışardız:

- Finlandiyanın Tampere şəhərində keçirilən 39-cu Avropa çempionatından iştirak etmişdik. Biz 3-4 ay idi ki, həmin yarışa hazırlaşırdıq. 10 gün Türkiyədə təlim-məşq toplanışında olduq. Güclü məşqçlərimiz keçdi. Bunun nəticəsi idi ki, biz həmin çempionatdan 2 gümüş, 1 bürünc medal qazandıq.Tarixdə ilk dəfə komanda üzrə Azərbaycan Avropa çempionatında birinci pilləyə sahib oldu.

Bu çempionat bitən kimi, Bakıya qayıtdıq. 1 gün sonra isə Qətərin Doha şəhərində keçirilən beynəlxalq turnirə qatıldıq. Burada da yaxşı nəticə verdik - iki qızıl, iki gümüş və 1 bürünc medal...

Belə deyərdim Avropa çempionatında şəxsi döyüşlərdə də ,Dohada da gümüş medal qazandım. İkisində də türkiyəli rəqibə uduzdum.

Dünya səviyyəsində mənim bir ən güclü rəqibim var o da həmin türkiyəli idmançıdır. Hansı ki, Fransada dünya çempionatının finalında da ona məğlub olmuşdum.

- Həmin Türkə uduzub dünya çempionatında 2-ci yeri tutdunuz. Səhv etmirəmsə siz və Niyazi Əliyev Finlandiyada hakim qərəzi ilə qarşılaşıbsız. Yəni ikinizə də birincilik verilməli olduğu halda rəqibinizə qələbə göstərilib:

- Bəli. Mən 2:0 məğlub olurdum. Son 14 saniyədə bir zərbə vurdum. Bu da tam təmiz zərbə idi. Yarışa nəzarət edənlər Yaponiyadan olan hakimlər idi. Onların özləri də bildirmişdilər ki, vurduğum zərbə superdi. Sadəcə olaraq hakimlər kollegiyasında türklər çoxdur deyə onlar öz idmançılarına tərəfkeşlik etdilər. Bildirdilər ki, guya döyüş saxlanıldıqdan sonra vurulmuş zərbədir.

- Bəs bu duruma narazılığınızı bildirmədizmi? Ya siz, ya federasiyanın rəhbərliyi?

- Bizdə indi yeni qaydalar tətbiq olunub. Məşqçinin 1 dəfə etiraz etmək haqqı var. Bu etiraz qəbul olunarsa kartı qaytarırlar, qəbul olunmazsa qaytarılmır. Məşqçimiz də öz etirazını bildirdi. Bundan sonra yenidən videolentə baxdılar. Orada doğurdan da gördülər ki, tam zərbə var. Amma yalandan bəhanə gətirdilər ki, döyüş saxlanıldıqdan sonra zərbə vurulub.

- Bəs Niyazi Əliyevdə nə bəhanə gətirildi?

- Niyazidə isə döyüş heç-heçə başa çatdı. Hakimlər də belə qərara gəldilər ki, guya ingilis idmançı daha aktiv idi. Qələbəni rəqibinə verdilər.

- Avropa çempionatında sizə hansı rəqib daha çox çətinlik yaratdı?

- Avropa və Dünya çempionatında zəif rəqib olmur. Çünki bu yarışa hər ölkənin ən yaxşıları gəlir. Ona görə mən deyə bilmərəm ki, bu görüş mənim üçün asan oldu, digəri çətin...

- Növbədə sizi nə gözləyir?

- Bu yaxınlarda Gürcüstanda Masterklass seminarımız olacaq. Mən də ora dəvətliyəm. Sonra Kosovada “Top 10-luq” olacaq. Dünyanın 10 yaxşı idmançıları ora toplanacaq.

Daha sonra bizim klublar arası çempionatımız var. Bu da Türkiyədə Sakariya şəhərində baş tutacaq. Bundan sonra haradasa 1 ay istirahət olacaq. Əsas yarışlarımızdan isə Almaniyanın Bremen şəhərində böyüklərin dünya çempionatıdır.

- Bir sözlə il ərzində yarışlardan bolsuz

- Bəli, biz demək olar ki, bir ay ərzində 2-3dəfə yarışlarda oluruq. Əsas məqsəd isə 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıqdır. Bütün hazırlıqları ona görə qurmuşuq.

Bilirsiniz ki, bu yaxında prezident İlham Əliyev bizi qəbul etmişdi. Cənab prezident bizə sponsor ayırdı – Beynəlxalq Bankı ... Əvvəl bir yarışa gedirdiksə, indi 3-4 yarışda iştirak edə bilirik.

“Maaşımız heç benzinə də çatmırdı”.

Leyla Əliyeva:

- Sirr deyilsə gəlirləriniz nə qədərdir? Xarici idmançıların gəlirləri ilə yerlilər arasındakı fərq yenə böyükdürmü?

- Xeyr, sirr deyil. Vaxt olub ki, biz maaşsız məşq etmişik. Olub ki, çox az maaş almışıq, heç benzin pulumuza da çatmırdı. İndi şükürlər olsun ki, sponsor sayəsində ayda 1500-2000 manat dəyərində maaş alırıq. Bundan da əlavə mükafatlarımız da olur.

Avropa və Dünya çempionatlarında nəticə göstərən idmançılara mütləq mükafat ayrılır. Bundan əlavə hər dəfə nəticə göstərdikcə maaşımız artırılır. İndi çox gözəl struktur qurublar.

Təbii ki, bizim üçün əsas olan bayrağımızı yüksəltməkdir. İkinci növbədə də idmançıya stimul verən onun əziyyətini dəyərləndirməkdir.

- Başqa planlarınız nədir? Ömür boyu idmanla məşğul olmaq fikrindəsiz?

- Xeyr. Mən karyeramı 2015-ci ildə başa vuracam. Çünki fikrim Avropa Olimpiya Oyunlarını qızıl medalla başa vurmaqdır. Yəni idmançı karyerama qızıl medalla son qoymaq istəyirəm. Bundan sonra güman ki, məşqçi kimi fəaliyyət göstərəcəm. İdman elə bir şeydir ki, adamın qanına işləyir.

Həmçinin bizim federasiyada karyerasını başa vuran idmançını işlə təmin edirlər. İnşallah seçib mənim üçün də təmin edəcəklər.

- İdmandan başqa hobbiniz nədir? Bundan əlavə bir çox ölkələri gəzirsiniz. Sizi ən çox cəlb edən nədir?

- Elə hobbi gəzməkdir. Bizə qalan odur.

- Ancaq gəzmək seyr etmək?

- İnandırım sizi elə o nəyə desəniz dəyər.

- Kolleksiyanız var?

- Kolleksiya? Hər səfərdə olduğumuz ölkədən onların pulları qalır.

- Ancaq pul yığırsınız?

- Yox, əslində harasa gedəndə dostlar, tanışlar oradan bir şey gətir deyir. Amma bu günə kimi deyə bilərəm ki, 60-a yaxın ölkədə olmuşuq. Amma oradan nə isə yığım, bir kolleksiya edim kimi fikrim olmayıb.

- Qocalanda nəyə baxacaqsınız?

- Nə bilim, yarışlardan kasetlər, disklər var. (gülür)

Aygün İlqarqızı:

- Leyla məni qabaqladı. Sual verdi ki, idmanı bitirdikdən sonra nə edəcəksiz? Maraqlıdır bəs indi məşqçi kimi fəaliyyət göstərirsiniz?

- Xeyr, düşünürəm ki, peşəkar idmançının ikinci bir işlə məşğul olması qeyri mümkündür. Çünki ya onu seçməlisən ya bunu ...

- Amma var elə idmançılarımız.

- Ola bilər. Bəlkə bizim məşq sistemi başqadır.

- Rafael Ağayevin özü... Səhv etmirəmsə 18-20 yaşlarda olan karateçilərin baş məşqçisidir

- Onun bu dəqiqə fəaliyyəti əsasən idmançı kimi gedir. Məşqçi kimi də öz işini görür düzdür. Amma bizim də bizdən sonra gələn idmançılara köməyimiz olur. Mənim, Niyazinin, Ayxanın – hamımızın gənclərə köməyi olur. Bizdən sonra gələnlərə həmişə dəstəyik. Rafaelin özü məşqçi kimi gedir, amma özü həmişə bizimlə idmançı kimi məşqçilərdə olur.

- Bu günə qədər əldə etdiyiniz uğurlar?

- Beynəlxalq turnirlərdə əldə etdiyim nəticələr çox olub. Əsasları sayım.

Bir dəfə dünya çempionu, iki dəfə dünya kubokunun sahibiyəm. Bundan əlavə 4 ildən bir baş tutan Kolumbiyanın Kali şəhərində Dünya Oyunlarının 3-cüsüyəm. İndoneziyada keçirilən İslamiadada gümüş medal qazanmışam. Bundan əlavə Serbiyadakı Dünya çempionatında 3-cü, Fransadakında isə 2-ci yeri tutmuşam. Dünya Əlbəyaxa Döyüş Növləri Oyunlarının çempionu olmuşdum.

Komanda üzrə çempionatlarda da müxtəlif mükafatlar qazanmışam. Şükürlər olsun ki nəticələrimiz çoxdur.

Qeyd edim ki, bu nəticələr qazanmağımda tək mənim yox məşqçilərimizin də əziyyət olub. Mənim birinci müəllimim Şahin Xudaverdiyevin mənə əziyyəti böyük olub. Böyüklərdən ibarət yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovun da bizim üzərimizdə çox əziyyəti var. Mənim əsas uğurlarım da Rəhman Hətəmovun rəhbərliyi altında olub.

- Yaşınız 28-dir səhv etmirəmsə. Amma düşünürsüzmü uğurlarınız bu yaşa görə daha çox ola bilərdi?

- Kənardan baxana asan görünə bilər bizim gördüyümüz iş. Amma deyim ki, hər idmanın öz çətinliyi var.

- Kiminləsə müqayisə etmək istəmirəm. Amma məncə daha da çox nəticə əldə edə bilərdiz.

- Bəlkə də. Amma Rəhman müəllim gələnə qədər bizim döyüş taktikamız fərqli idi. Rəhman Hətəmov gəldikdən sonra bizim bir çox taktikaların üzərində daha yaxşı işlədik. Səhvlərimizi düzəltdik ondan sonra nəticələrimiz daha yaxşı oldu. Siz demişkən, mən bu nəticələri 2006-2007-ci illərdə də keçirilən Avropa və Dünya çempionatlarına da verə bilərdim. Amma məndə hələ o düşüncə, ağıl yox idi.

Yəni baza var, texnika var, amma ağıl cəhətdən zəif idik. Elə bir yarış yoxdur ki, biz medalsız qayıdaq.

“Allah haqqı mənlik deyil”

Leyla Əliyeva:

- Kimin kimi olmaq istəyirsiziniz? İdealınız varmı?

- Mən özümü kiməsə oxşatmıram. Heç vaxt fikirləşmirəm ki, mən filankəs kimi olum. Qismətimiz Allahın əlindədir. Mən əziyyəti çəkirəm Allah da bəhrəsini verir.

Aygün İlqarqızı:

- Təbii ki, hər şey Allahın işidir. Amma gərək insanın özünün də bir fikri, bir məqsədi olsun.

- Düzdür, mən də gələcəyimi daha yaxşı təmin etmək istəyirəm. Yaxşı vəzifədə olum. Təbii hər kəs istəyər gələcəkdə federasiyamızda rəhbərliklərdən bir yeri tutum. Sırf karatedə istədiklərimə nail olmaq istəyirəm.

Leyla Əliyeva:

- Şahin bəy sizin üçün ancaq idman və işinizdir? Bundan başqa məşğuliyyətiniz yoxdur? Məsələn gecə həyatı kimi... Xaricdəki idmançılar bununla da gündəmə gəlir. Bizdə nədənsə hamı özəl həyatını gizlədir

- Əlbəttə ki, biz də insanıq, əyləncəmizə vaxt ayırırıq, gəzib dolanırıq.

- Əyləncə deyərkən, məsələn, gecə klubuna gedirsiniz?

- Vallah, Allah haqqı mən açıq deyirəm gecə klubları mənlik deyil. (gülür)

- Ancaq məşq edirsiniz? (gülür)

- Məşqdən sonra istirahətimiz olur. Dostlarımla görüşüb otururuq bir yerdə. Amma deyim ki, Bakıda biz nadir hallarda oluruq. Mən əsas deyə bilərəm ki, elə məşq yoldaşlarımla bir yerdə oluruq. Hansı ki, xarici ölkələrdəki yarışda da, Bakıya gələndə də bir yerdə oluruq.

Aygün İlqarqızı:

- Bir az sizin idmançı karyeranızda kənara çıxaq. Bu gün idmançı xanımlarımız da çoxdur . Məsələn ,onlar heç də nəticələrdə kişi idmançılarımızdan geri qalmırlar. Bir bəy kimi, xanımın peşəkar idmanda, böyük səhnədə olmasını necə qəbul edirsiniz?

- Düzdür bütün xanım idmançılarımıza hörmətim var. İdmanda adımızı duyuran hər kəsə hörmət edirəm. Amma məncə qadına peşəkar idman yaraşmır.

- Çətindir deyə, qadın zərif məxluqdur deyə?

- Əlbəttə çətindir. Siz özünüz də düzgün qeyd etdiniz, qadın zərif məxluqdur. Amma xanım bu idman yolunu seçirsə biz ona hörmət etməliyik.

- Bəs sizin yaxınınızda olan bir xanım desə ki, mən qərar verdim peşəkar idmana getmək istəyirəm. Nə reaksiya verərsiniz?

- Yox, mənim dostlarım var ki idmanla məşğul olurlar. Elə mənim uşaqlıq dostum Cəmilə neçə illərdir idmandadır, nəticələr verir. Həmçinin Nuranə də. Nuranə elə Avropa çempionatında 3-cü oldu.

Yenə deyirəm yaxşı xanım idmançılarımız var, onlara hörmət edirəm dəstəkləyirəm.

Amma öz yaxınımda olan biri desə idmana başlayım, xeyr istəməzdim. İdman bir az kobudlaşdırır.

“Seçimim təhsilli və savadlı xanım olacaq”

Aygün İlqarqızı:

- Ailəli deyilsiniz. Sizcə ailəli olmaq peşəkar idmana təsir edirmi?

- Ola bilər bir az təsir edir.

Leyla Əliyeva:

- Bütün xanımları maraqlandıran sualı da verək. Bəs evlənməyi nə zaman düşünürsünüz?

- Yəqin ki 2015-ci ildən sonra düşünərəm(gülür).

- Həmkarınızla evlənərsiz yəqin.

- Təhsilli və savadlı xanımla ailə qurmağı düşünürəm .

- Yaxşı ,hazırda ətrafınızda nə qədər xanım var?

- Nə bilim, vallah (gülür).

- Saymamısınız deyəsən?

- (Gülür). Bunları deyə bilmərəm. Amma yenə deyirəm ailə qurmağı 2015-ci Avropa Olimpiya

Oyunlarından sonra ...

Aygün İlqarqızı:

- Yəni gözləyirsiniz ki, karyeranızı bitirəsiniz, bundan sonra ailə haqqında düşünəsiniz?

- Bəli

“Ailəmi aldadıb məşqə gedirdim”

Aygün İlqarqızı:

- Təhsiliniz nədir?

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm.

- Hər idmançı kimi oxumağı ikinci plana atıbsız?

- Mənim sırf yolum idman olub. 10-cu sinfə kimi çox yaxşı oxumuşam. Valideynlərim həmişə mənim oxumağıma nəzarət edirdi. Sadəcə sonra idmana daha çox meylim oldu, daha çox bağlandım.

Ailəm mənim idmanla məşğul olmağımı istəmirdi. Təhsilə önəm verirdilər. Məşqə gizlin gedirdim. Ailəmə yalandan deyirdim gedirəm xalamgilə, ya başqa qohumgilə. Hər dəfə belə aldadıb məşqlərə gedirdim. Bir dəfə məşqçim Şahin müəllim dedi ki, “sən niyə kimonosuz gəlirsən hər dəfə”. Mən də bildirdim ki, evdən icazə vermirlər, qaçıb gəlirəm məşqə. Şahin müəllim bundan sonra gəlib ailəmlə danışdı və onları razı saldı. Valideynlərim də məni çağırıb dedi ki, bu yolu seçirsənsə axır kimi get səni dəstəkləyirik.

- Nə düşünürsünüz, ailənizin idmanda sizdən gözlədiyini doğrultdunuzmu?

- Hardasa. Çoxları da deyir ki, sən valideylərinin səndən istədiyini demək olar ki, doğrultmusan.

- Sizin şou-biznes adamları ilə də yaxınlığınız var. Bu camiədən ən çox kiminlə yaxınsız?

- Mənim onların hamısı ilə münasibətim var. ATV-nin layihəsi “Fort Boyard”da olanda da oradakı hər kəslə yaxşı münasibətlərim var idi.

Bu gündə sırf hər gün zəngləşməsək də münasibətləimiz, əlaqələrimiz yaxşıdır. Çünki hər kəsin öz işi gücü var. Amma əlaqələrimiz itmir.

Tanınmış aparıcı ilə sevgi şayiəsi

Aygün İlqarqızı:

- Siz aparıcı Nanə xanımla da dostsunuz. Amma bu dostluğu başqa yerə yozdular , “sevgilidirlər” şayiələri ortaya atıldı. Sizcə bu nədən qaynaqlandı?

- Mən özüm də bu xəbərə təəccüblənmişdim. Mən də olmaqla “Fort Boyard”da iştirak etmiş insanlarla birlikdə Emin Ağalarovun konsertinə getmişdik. Bundan bir gün sonra Rafet El Romanın konserti oldu. Bu zaman Nanə xanım mənə zəng edib dedi ki, “Rafet El Romanın konsertə yer var sənə də yer saxlayım?”. Mən də dedim saxlayın gedərik. Konsertdə bir yerdə oturmuşduq.

Özüm də bilmədim heç necə oldu yayıldı. Düzdür mənim Nanə xanıma çox hörmətim var. Sağolsun o da mənim hörmətimi saxlayır.

Leyla Əliyeva:

- Günün neçə saatını yatırsınız, neçə saatını işləyirsiniz? Ümumiyyətlə planlı hərəkət edirsiniz?

- Yarışa hazırlaşan vaxtlarda evdən məşqə gedirik, ya da yer ayrılarsa bizə oteldən məşqə gedirik. Məşqçinin verdiyi plana uyğun hərəkət edirik. Yarış olmadığı zamanlarda isə istədiyim qədər yatıram. Dostlarımla görüşüb gəzirəm. Başqa işlərim olur, ailəmə, qohumlara vaxt ayırıram.

Amma xaricə səfərləri çox sevirəm. Təsəvvür edə bilmirəm ki, karyeramı bitirdikdən sonra bu səfərlər olmayandan sonra nə edəcəm. İnsan öyrəşir axı. Düşünün ayda 2-3 dəfə xarici ölkələrdə yarışlarda olursan birdən bunlar bitir.

Aygün İlqarqızı:

- Bunu özünüz də təmin edə bilərsiniz:

- Düzdür. Amma elə bir işim ola bilər ki, oradan çıxa bilməyəcəm, alınmayacaq.

“Qadına hörmətlə yanaşmaq lazımdır”

Leyla Əliyeva:

- Heç olubmu hansısa ölkədən ac qayıdasınız?

- Əlbəttə olub. Yeməyini bəyənməmişəm Mc Donalds-da yemişəm. Ən salamat yol odur(gülür).

- Üzərinizdə neçə qələm olur? Ümumiyyətlə qələm gəzdirirsiz?

- Əlbəttə, çantada həmişə bir qələm gəzdirirəm.

- Bilmək istəyirsiniz niyə soruşduq?

- Pis olmazdı

- Qadının nə istədiyini araşdıran məşhur psixoloq Ziqmund Freyd hesab edir ki, kişi üzərində bir neçə qələm gəzdirirsə qadınları da əlcək kimi dəyişir. Sizcə haqlıdır?

- Yox elə şey etmirəm, Əlcək kimi dəyişməyə yaxşı baxmiram. Qadına hörmətlə yanaşmaq lazımdır.

- Aylıq nə qədər pul xərcləyirsiniz? Pul sizi idarə edir, yoxsa siz pulu?

- Əvvəl az pul olurdu idarə eləyirdik. İndi normal qazanc var yenə də elə həmişəki kimi idarə eləyirəm, Amma bacardığım qədər qənaət edirəm. Bankda saxlayıram, gələcəyim üçün.

- Yəni banklara etibar edirsiz?

- Əlbəttə edirəm. Ən salamatı oradı(gülür).

Aygün İlqarqızı:

- İdmana yeni başlayanlara nə deyərdiniz?

- Karatedə sırf bizdən sonra gələn idmançılara əlimizdən gələn qədər köməklik edəcəyik. Onlara hər zaman dəstəyik.

- Ləqəbiniz varmı sizində?

- Xeyr.

- Deyəsən sizə ləqəb qoyulması xoşunuza gəlmir?

- Tanıyan belə tanıyır. Sadəcə olaraq Şahin Atamov.

Müsahibə fotoları: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm