Mən hansı bir insana bənzədim ki, “Hafkanı"...
Bizi izləyin

İdman

Mən hansı bir insana bənzədim ki, “Hafkanı"...

“Hafka” ki, “Hafka"...

Nicat Dağlar


Gözləyirdim... Bilirdim ki, haradansa “boylanacaq”... Bilirdim ki, yazılanlara hansısa formada cavab verəcək, nəsə deyəcək, nələrisə etiraf, nələrisə təkzib etməyə çalışacaq. Nəhayət göründü - Elbrus Ərudun təqdimatında. Hə, “Hafka”nı deyirəm...

Məşhur iş adamı da deyirlər ona. “Bağlan Group”, “Bahar Enerji”nin rəhbəri, “Bakı”nın sahibi, “Atletiko” və “Lans”ın himayədarı və beləcə düz 41 şirkət sıralaya bilərik , özünün adını yazmazdan əvvəl. Söz yox, təqdimatı gürultulu və əzəmətlidir. Amma özü, düşüncəsi, dünya görüşü baş gicəlləndirən təqdimatına uyğun gəlirmi? Əminəm ki, müsahibəsini oxuyanlar bu suala “Yox”dan başqa uyğun cavab tapa bilməzlər.

***

Diqqətlə oxudum, bir cümləsini belə gözdən qaçırmadım və açığı, xeyli təəccübləndim. Bunu gözləmirdim axı... Barəsində təsəvvürlərim başqa biçimdəydi. Hər halda kifayət qədər ciddi maddi imkanlara sahib olan, böyük
biznes şəbəkəsinə patronluq edən, şirkətlər, holdinqlər quran, İspaniya, Fransa ilə əlləşən bir adam əslində elə təsəvvürlərimdəki kimi olmalıydı... Olmadı! Nə bir ciddilik gördük, nə təmkin, nə bir işıq... Lənət şeytana, heç “ələ gələsi” normal bir cümləsini də oxuya bilmədik. Nəfəskəsən uzunluqda müsahibədə HEÇ NƏ yox idi, heç nə danışmamışdı... Bu boşluqda oxucu ancaq başını tutub dərindən köks ötürə bilərdi ki, mən də eynilə həmin vəziyyətə düşdüm: Budur Hafiz Məmmədov?! Budur haylı-küylü projelərin ideya müəllifi və himayəçisi? Budur dürlü-dürlü kommersiya şirkətlərinin sahibi? Budur Bakıdan vurub İspaniyadan, Fransadan və Allah bilir daha haralardan çıxan Azərbaycanın Abramoviçi? Abramoviç ha! Yox bir, Amansio Orteqa...

***

Mən Roman Abramoviçin bir neçə müsahibəsini oxumuşam. Fərq bilirsiniz hara qədərdir?.. Dəqiq deyə bilməyəcəm, çox böyük olduğundan müəyyənləşdirməyə hövsələm çatmadı. Abramoviç də dahi deyil, amma söz deməyi bacarır və dediklərinin içində az qala aforizmə çevrilmiş fikirlər də var. Bizim bu yerli Abramoviçimiz, Renat Axmetovumuz, Leonid Fedunumuz, Şeyx Mənsur ibn Zayed əl-Nəhyanımız, qoy olsun lap Silvio Berluskonimiz isə O BOYDA müsahibədə cəmi bir diqqətçəkən fikir ortaya qoymağı bacarmayıb. Yaxşı, bəs bu adam böyük pullara necə çatıb? Şirkətləri, holdinqləri necə qurub? Axı bütün bunları ərsəyə gətirmək üçün insan gərək həm də yaxşı strateq olsun. Biznes mühitinin dəqiq qiymətləndirilməsi, sistemli fəaliyyəti təmin edəcək işlək mexanizmlərin tətbiq olunması, hədəflərin müəyyənləşdirilməsi və onlara doğru yolda düzgün taktik addımların atlması insandan analitik təfəkkür tələb edir. Bazarı analiz etməyi bacarmayan adamın ciddi biznes qurması və bununla da böyük pulları əlçatan etməsi mümkün deyil. Axı mən bildiyimə görə, Hafiz Məmmədov qalstuk, “qalstuk derjatel”, “noski”, “noskiderjatel” alveriylə məşğul deyil, evdə perojki bişitdirib küçələrdə sattırmır. Fransuzki adı ilə camatta ərəbski qalstuk “itələmir”... Axı Hafiz Məmmədovun Qurban kişiyə qohumluğu çatmır ki, onu Makintoş kimi vicdansız alverçiyə oxşadaq, “qrabitel”, “tüfeyli” deyək. Hafiz Məmmədov çox böyük işlərlə məşğuldur və gərəkdir ki, onun fikirləri də gördüyü işlərə adekvat olsun. Amma biz bunun tamamən əksini gördük....

***

Bir biznesmenin xəyallarındakı hədəflərə çoxdan çatmış Hafiz Məmmədov durduğu maliyyə zirvəsinə qalxmaqda təfəkkürü və intellektinin hansı rol oynadığına heç balaca bir işarə də edə bilməyib. Odur ki, qalmışıq mat-məətdəl.. Axı necə?! Əlbəttə, söhbət natiqlik məharətindən getmir. Problem adamın özünün hər cümləsində nümayiş etdirdiyi səviyyəsinin, mənəvi cəhətlərinin maddi imkanları və “dünyaca məşhur biznesmen” satutusu ilə tərs mütənasiblik təşkil etməsindədir. Problem onun tərzi, jarqonları və işlətdiyi ifadələrdədir. Ümumiyyətlə, anlamaq olmur ki, nə deyir, nəyi izah etməyə çalışır. Ola bilər ki, adam gerçəkdən Azərbaycan sevdalısıdır, vətənpərvərliyi çərçivə tanımır. Hər hansı bir şəxsin qiymətləndirilməsi xüsusunda onun “əl tutan”, “çörək verən” keyfiyyətlərini qabardıb “Kəsin səsinizi, siz Hafiz Məmmədovun bu xalq üçün etdiklərinin heç 1 faizini də edə bilmərsiniz” deyənlərlə mübahisəyə girməyə həvəsimiz də yoxdur. İnanırıq ki, kiminsə cibinə nə nə vaxtsa pul basıb, qapısına gedəni əliboş qaytarmayıb. Amma yoldaşlar, bizə də inanın ki, Hafiz Məmmədovun Azərbaycandan uzaqlarda və xüsusən də futbol sahəsində gerçəkləşdirdiyi layihələr sistemli və planlı şəkildə deyil, kor-koranə - yalnız çoxlu pulun hesabına həyata keçirilir. Boş gördüyü deşiklərə sadəcə pul basmaqla məşğul olur, investisiya qoyuluşu və himayədarlıq siyasətinin vacib elementləri nəzərə alınmır, uzun müddətli hesablamalar aparılmır. Yalnız və yalnız görüntü yaratmaq üçün kisə-kisə pullar ispanların, fransızların “başına səpələnir”.

***

Azərbaycanın iş adamlarının xarici mətbuatda əsasən “çoxlu pul var” kimi təqdimatlarla tanınması təəssüf yaradır. Nə qədər olmasa özümüzünküdürlər, əcnəbilərin onları, pis də çıxmasın “lox” hesab etməsi sevindirici deyil... Hafiz Məmmədovun müsahibəsini oxuyandan sonra qəti qənaətə gəlmişəm, nə ispanlar, nə də fransızlar onu ciddi iş adamı kimi qəbul edir. Qapıları üzünə ona görə taybatay açırlar ki, PULU VAR , ağına-bozuna baxmadan sağa-sola səpələyir...Sabah, iraq-iraq bonkrot olsa, salam belə verməyib yanından ötəcəklər... Söhbət təkcə əcnəbilərdən getmir. İndi ona yaltaqlananların hamısı sabah, biri gün "Hafka" adı eşidəndə ağız büzəcəklər... Şübhə etmirəm, Hafiz Məmmədov əcnəbilərlə danışıqlarda, apardığı söhbətlərdə də elə müsahibədəki tərzdən yuxarıda dayana bilmir və ona sadəcə yeriyən portmanet kimi yanaşırlar. Bax, elə ona görə də istəmirəm ki, Hafiz Məmmədovun şəxsində azərbaycanlı iş adamının obrazı yaradılsın, bizimkiləri pulunu balta kəsməyən alverçi hesab etsinlər... Görünür, Hafiz Məmmədov üçün bunun heç bir fərqi yoxdur!

İndi mən hansı bir insana bənzədim ki, Hafkanı?.. Dayanın, deyəsən tapmışam, amerikalı Timoti Dekster. Kimdir? Deməyəcəm, qoy Hafiz Məmmədov kitablardan axtarıb tapsın. Onda bəlkə 18-ci əsrdə artıq bir dəfə həyata gəldiyinə də inanacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm