Qış Olimpiyasında satış üzrə menecer olan tək təmsilçimizin şok müsahibəsinə RƏSMİ REAKSİYA
Bizi izləyin

İdman

Qış Olimpiyasında satış üzrə menecer olan tək təmsilçimizin şok müsahibəsinə RƏSMİ REAKSİYA

2018 Pxençan Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən avstriyalı atlet Patrik Braxner Avstriya mətbuatına müsahibə verib.

Publika.az “noen.at” saytına istinadən xəbər verir ki, Soçi Qış Olimpiadalarında iştirak etdikdən sonra professional karyerasını başa vurmağa qərar verib:

“2017-ci ilin ortalarında professional karyerama son qoymağa qərar verdim. Öz peşəmə vaxt ayırmaq üçün Avstriyaya qayıtdım və böyük bir şirkətin texniki şöbəsində işə başladım. Hazırda şirkətin Vyana və Şərqi Avstriyadakı satış işləri üzrə menceriyəm.

2017-ci ilin sonunda mənə Azərbaycandan zəng gəldi. Məlumat verildi ki, Azərbaycanı təmsil edəcək idmançının zədəsi var və o, Pxençana gedə bilməyəcək. Mən də 2016 Qış Olimpiya Oyunlarında yaxşı nəticələr vermişdim, buna görə Olimpiyaya layiq ola biləcək yeganə idmançı idim. İsrarla edilən zənglərdən sonra bir neçə saat fikirləşdim və dəvəti qəbul etdim. İdmana geri qayıtmağım asan olmadı. 2013-cü ildə ABŞ-a getdiyim üçün texniki və praktiki hazırlığım, avadanlığım yox idi. Özümü formada saxlamaq üçün səhər saat 5-7 arası məşqlər etməyə başladım. Həftəsonları isə işdən sonra məşq edirdim. Oyunlara qatılmaq da öz işim qədər vacib idi”.

Qeyd edək ki, P.Braxner həm sadə slalom, həm də böyük slalom yarışlarında Azərbaycanı təmsil etməli idi. Lakin o sadə slalomdan imtina edib, gücünü böyük slaloma saxlamağa qərar verib.

Soyuq hava şəraiti üzündən o, açılış mərasimindən məhz qrip infeksiyası ilə də mübarizə aparmalı olub. 26 yaşlı dağ xizəkçisi olimpiadada qarşısına konkret hədəf qoymayıb: "Arzum 30 ən yaxşı slalomçu sırasına düşməkdir. Olimpiada təcrübəmə əsasən, yarışa təzyiq altında olmadan çıxacağam".

Azərbaycanı 2018 Olimpiya Oyunlarında təmsil edən yeganə idmançının bu müsahibəsi bəzi qaranlıq məqamlar yaradıb.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Milli Olimpiya Komitəsinin mətbuat katibi Əzizə İsmayılova bildirib ki, heç bir idamnaçı yarışlara məcburi və israrlı şəkildə göndərilə bilməz:

“Patrik Braxnerdən başqa Azərbaycanı Qış Olimpiya Oyunlarında təmsil edəcək daha bir idmançı var idi. Lakin Patrik özü son anda fikrini dəyişərək yarışlara qatılmağı qərar verib. İşi ilə idmanı paralel şəkildə davam etdirmək Patrikin şəxsi seçimidir. Hər bir idmançının idmandan əlavə də işi ola bilər. Lakin bunları birlikdə inkişaf etdirə bilmək onun öz potensial imkanları daxilində mümkündür”.

Dağ xizəyi federasiyasının nümayəndəsi Afaq Zeynalovanın verdiyi məlumata görə isə, P.Braxner, ümumiyyətlə, belə bir müsahibə verməyib:

“Patrik Braxner öz sosial media hesablarından yarışlarda iştirakı barədə geniş status yazıb. Müsahibəni dərc edən jurnalistlər isə bu məlumatları səhv tərcümə ediblər. Bir neçə dəqiqə əvvəl Patrikin özü ilə əlaqə saxladım və bir daha soruşdum ki, belə bir müsahibə veribmi. Ancaq o, qətiyyətlə inkar etdi və bildirdi ki, onu heç kim yarışlara qatılmağa məcbur etməyib. Patrik ABŞ-a təhsil almaq üçün yollanmışdı. Qayıtdıqdan sonra isə uzun müddət başı işlərinə qarışmışdı. İdmandan ayrılmaq niyyəti də var idi. Ancaq biz onunla danışıqlar apardıqdan sonra qərarını dəyişdi və yenidən ölkəmizi təmsil etməyə qərar verdi. Özünün də bildirdiyi kimi, Patrik professional karyerasına son qoymayıb. O, məhz bu olimpiyadan sonra idmandan ayrılacaq. Bir daha qeyd edim ki, Patrik belə bir müsahibə verməyib. Sadəcə xarici jurnalistlər onun yarışlarda iştirakı ilə bağlı məlumatını yanlış şəkildə tərcümə ediblər. Patrik 22 fevral tarixində yarışa çıxacaq”.

Patrik Braxner Azərbaycanı Qış Olimpiya Oyunlarında təmsil etməklə bağlı bu fikirləri paylaşıb:

“Öncəliklə, bütün dəstəyiniz üçün təşəkkür edirəm. 2017-ci ilin yazında təhsilimi davam etdirərkən idman karyerama son qoymağa qərar verdim. O dövrdə 2018 Olimpiya Oyunları üçün layiqli idmançı olduğumu bilirdim. Ancaq universiteti bitirdikdən sonra atamın pulu ilə yaşamaq istəmirdim və bütün potensialımı, diqqətimi işimə verməyi qərarlaşdırdım.

Gözlənilməyən bir şəkildə beynəlxalq kriteriyalarına uyğun və 2018 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək yeganə idmançı oldum. Buna görə də qısa zaman ərzində geri qayıtmağa qərar verdim və formaya düşmək üçün əlimdən gələni etdim. Sübh saat 05:00-də fitnesə getməyə başladım. İşimə də eyni diqqəti göstərməyə çalışdım. Asan olmadı, amma işin məsuliyyətini hiss edirdim. Mən 18 yaşımda olarkən Azərbaycan mənə xizək karyeramı davam etdirmək üçün şans verdi. Buna görə də bu ölkəyə minnətdaram. Bu yarışla minnət borcumu geri qaytaracağımı düşünürəm.

Professional Atletizm inanılmaz dərəcədə sürətlidir. Ancaq hətta məşhur çempionlar belə tez bir zamanda unudulmağa başlayır. Buna görə də mən United Aid For Azerbaijan (Uafa) ilə birlikdə işləməyə başladım və yoxsul uşaqlara, onların ailələrinə yardım edirəm.

İdman dünyanı dəyişmək gücünə malikdir, ancaq ən önəmli şey marş səsləndikdən və televizor söndükdən sonra geriyə qalanlardır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm