Qətər dünya çempionatına ev sahibliyini itirə bilərmi?
Bizi izləyin

İdman

Qətər dünya çempionatına ev sahibliyini itirə bilərmi?

Qətər dünya çempionatına ev sahibliyini itirə bilərmi?

Bu sualın cavabını hələ bir neçə gün, bəlkə də, bir neçə həftə gözləmək lazım gələ bilər.Bunun baş verməsi üçün Qətər rəsmilərinin 2022-ci il Dünya Futbol Çempionatının ev sahibliyini əldə etmək məqsədilə FİFA nümayəndələrinə rüşvət verdikləri isbat olunmalıdır.

Əslən Qətərdən olan keçmiş futbol rəsmisi Məhəmməd bin Həmmamın öz ölkəsinin çempionata ev sahibi olması üçün səs hüququ olan FİFA rəsmilərinə külli miqdarda pul verməsi barədə iddiaları Britaniyada ifşalar qəzeti kimi tanınan “The Sunday Times” qaldırıb.

İngilislər demişkən, deyildiyi qədər də asan məsələ deyil. İstər nazir alsın, istər JEK müdiri, rüşvət ən çətin isbat olunan cinayətlərdən biri, bəlkə də, ən çətinidir.

Görünür, məhz buna görədir ki, dünya çempionatının ev sahibliyinin Qətər əmirliyinin əlindən alınması üçün çağırışların şiddətləndiyi və bu çağırışlara dünyanın nüfuzlu siyasətçilərinin də qoşulduğu bir vaxtda, bəzi təhlilçilər son məqamda iddiaların sübuta yetməyəcəyini və bu cırtdan Körfəz ölkəsinin sudan qupquru çıxacağını söyləyirlər.

FİFA öz korrupsiyasını necə araşdırır?

Hazırda Qətərin ev sahibliyini rüşvətlə alması barədə iddiaları FİFA-nın hüquqşünası, məşhur Nyu-York vəkili Maykl Qarsiya araşdırır. O vəd edib ki, araşdırmasının nəticələrini iyunun 9-dək başa çatdıracaq. Ümumiyyətlə isə təhqiqat nəticələri iyulun sonlarında da açıqlana bilər.

Lakin digər tərəfdən, Qətərin çempionata ev sahibliyinin əlindən alınmasını reallaşdıra biləcək bir sıra amillər var.

Bunlardan biri siyasət, digəri isə təbiətlə bağlıdır.

FİFA prezidenti Jozef Blatter 2010-cu ildə Qətəri 2022-ci il çemionatının ev sahibi elan edəndə dəbdəbəli bir bəyanat verərək demişdi ki, “futbol yeni coğrafiyalar fəth edir”. Elə o vaxt bir çox ekspert və siyasətçilər elə bu coğrafiya məsələsinə təəccüb edirdilər.

Cənab Blatterin bu səsverməni çempionatdan 12 il əvvəl keçirməkdə və ev sahibliyini yay aylarında havanın temperaturu 50 dərəcəyə çatan bir ölkəyə verməkdə şəxsi marağı vardımı? Bəlkə, də o, ahıl yaşında FİFA başçısı kimi postla vidalaşacağı günün çox da uzaqda olmadığını düşünür və tələsirdi.

Əvvəlindən iy verən məsələ

Bir sıra qəzetlər belə iddialarla səsvermənin ertəsi günündən bəri çıxış edirlər.

“The Daily Mail” yazır ki, Qətər məsələsi lap əvvəlindən iy verirdi.

Coğrafiya öz yerində, amma Qətərin ev sahibliyindən məhrum edilməsinin əsas səbəbi siyasi ola bilər.

Dünyanın qüdrətli ölkələri və qüdrətli liderləri qəzəblənəndə çox təhlükəli olurlar. Bunu Yaxın Şərqin Qəzzafi və Səddam kimi rəhbərləri öz rüsvayçı ölümləri ilə isbat ediblər.

Dünyanın silah və diplomatiya gücünə qüdrətli olmuş ölkələrini bir qayda olaraq neft pulu ilə qüdrətli görünmək istəyən müsəlman ölkələri həmişə qıcıqlandırıb.

FİFA-nın 2010-cu il səsverməsində isə Körfəzin cırtdan əmirliyi olan Qətər qüdrətliləri doğrudan da əməlli-başlı qəzəbləndirib. Çünki 2022-ci ilin çempionatı üçün ev sahibliyinə namizədliklərini ABŞ, Avstraliya, Yaponiya və Cənubi Koreya da vermişdilər.

Klinton əlindəki güzgüyə çırpdı

Qətərin belə “zirəkliyinin” Qərbi necə qıcıqlandırdığını ABŞ-ın keçmiş prezidenti Bill Klintonun səsvermədən sonra özünü necə apardığı göstərir.

Həmin axşam Bill Klintonu Sürixin “Savoy Baur en Ville” otelində görənlər deyirlər ki, keçmiş prezidentə “bıçaq vursalar, qanı çıxmazdı”.

Otel qulluqçusu bildirir ki, otağının qapısını bağlayan kimi Klinton qəzəbindən stolun üstündəki ağır və naxışlı şamdanı divardakı güzgüyə çırpıb.

ABŞ-ın fəxri futbol elçisi rolunda ömrünün iki ilini keçirmiş Klinton kampaniyaya Bred Pitt, Arnold Şvartsnegger, Morqan Friman və Spayk Li kimi adlı sanlı ulduzları cəlb etmişdi.

O, səsvermədə Yaponiya və Avstraliyanı əsl rəqib hesab edirdi, lakin ağlına gəlməyən baş verdi.

“Klinton özünü alçaldılmış kimi hiss edirdi” – deyir şahidlər.

Bekhemi niyə ağlamaq tutmuşdu?

Başqa bir qüdrətli Qərb ölkəsi – Böyük Britaniyanın baş naziri Deyvid Kameron da çıxışlarından birində öz qəzəbindən söz açıb.

Xatırladım ki, 2010-cu ildə 2018-ci ilin çempionatı üçün ev sahibliyi də səsə qoyulmuşdu. Həmin səsvermədə Rusiya qalib elan edildi.

Deyvid Kameron çıxışında futbol ulduzu Deyvid Bekhemin o vaxt ona dediklərini yada salırdı. Bekhem səsvermə kampaniyası zamanı tanıdığı futbol rəsmiləri ilə görüşmüşdü. Onların demək olar, hamısı Britaniyaya səs verəcəklərini vəd etmişdilər, lakin tamam başqa cür səs verdilər.

Bekhem baş nazirə az qala ağlayaraq deyirdi: “Mən başa düşürəm ki, adamlar bəzən yalan danışırlar, lakin krallara, baş nazirlərə necə yalan danışmaq olar?”

Bu günlər Britaniya qəzetləri Qətər barədə belə qəzəbli yazılarla doludur.

Bəzən bu qəzəb ədəbsizliklə də ifadə olunur. Bulvar qəzetlərindən biri Qətərin yeni stadionlarını cinsi orqana bənzədib.

Məlumatı qəzetə kəşfiyyatmı ötürüb?

Bəzi təhlilçilər hətta korrupsiya halları barədə faktların əslində, Qərb kəşfiyyatı tərəfindən toplanaraq “Sunday Times” qəzetinə sızdırıldığını ehtimal edirlər. Əslində Qətər 2022-ci ilin dünya çempionatına ev sahibi elan edilən gündən bu ölkə haqıqında mətbuatda demək olar ki, müsbət heç nə oxumamışam.

Britaniya qəzetləri son iki il ərzində Qətərdə stadionların tikintisində iştirak edən miqrant fəhlələrin hüquqlarının pozulduğundan, onların qul kimi işlədildiyindən yazır. Qətəri də yandıran elə bu standionlardır. Bu həftə Qətər hökuməti bildirib ki, çempionata ev sahibliyi hüququnu dişi və dırnağı ilə qoruyacaq. Zarafat deyil, bu qədər pul tökülüb. Şərhçilər bunu da bildirirlər ki, elə FİFA da Qətərin təmizliyini isbat etmək üçün dəridən-qabıqdan çıxacaq.

Başqa cür ola bilərmi? Qətəri rüşvət verməkdə ittiham edirlərsə, FİFA rüşvət almaqda ittiham olunur.

Bəziləri isə bildirirlər ki, bu işin təhqiqatının FİFA tərəfindən aparılması bu mənada Qətərə bir az ümid verə bilər. Hansı rüşvətxor öz rüşvətxorluğunu sübut etməyə çalışar.

FİFA-nın çirkini yumaq mümkün deyil

Məhz buna görə də Qərb mətbuatı son günlər hədəfini dəyişib. İndi əsas tənqid hədəfi FİFA-dır. FİFA-nın müstəqil hamilər komitəsinin üzvü, Britaniyanın keçmiş baş prokuroru lord Qoldsmit deyib ki, Qətərə qarşı iddialar isbat olunarsa, 2022-ci il çempionatının ev sahibliyi üçün səsvermə təkrar keçirilməlidir.

FİFA-nın vise-prezidenti Cim Boys da eyni mövqedən çıxış edir.

İngiltərə Futbol Assosiasiyasının prezidenti, keçmiş BBC rəhbəri Qreq Dayk da FİFA-dakı səsvermə sistemini şübhəli və qaranlıq adlandırıb.

Qəzetlər yazır ki, FİFA korrupsiya çirkabına o qədər bulaşıb ki, onu yumaq yox, ləyənlə bir yerdə tarixin zibilliyinə atmaq lazımdır.

Qərb mətbuatı Qətəri çempionatsız qoymağın ən qısa yolunu da göstərib. Qəzetlər Qərb ölkələrini 2022-ci ilin dünya çempionatını boykot etməyə çağırırlar.

Zülfüqar Rüfətoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm