• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Çöl tülküləri” “şimal ayısı”na qarşı – FOTOLAR

  • İdman
  • 10 İyun 2014 11:13
  • 1 355 Baxış
“Çöl tülküləri” “şimal ayısı”na qarşı – FOTOLAR

Braziliyaya turist axını başlayıb. 3 gündən sonra okeanın o tayında bayram bayrama qarışacaq.

Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara mundialda iştirak edəcək komandalar barədə məlumat verir. Sonuncu - H qrupu ilə bu layihəni yekunlaşdırırıq.

Belçika, Əlcəzair, Rusiya və Cənubi Koreyanın yer aldığı qrup digərlərindən iştirakçılarına görə fərqlənir. Dünya çempionatlarında hələ sözlərini deməyən bu millilər əllərinə düşən şansdan maksimum yararlanmağa çalışacaqlar.

Belçikanın nəhəng gəncləri

Bu vaxta qədər 11 mundialda iştirak edən Belçika millisi cəmisi iki turnirdə nəyəsə nail olub. 1982-ci ildə İspaniyada keçirilən dünya kubokunda ilkin qrup mərhələsini adlayan “qırmızı şeytanlar” ikinci qrup mərhələsindən də sağ çıxa bilməmişdilər. 4 il sonra Meksikada belçikalılar 4-cü olmaqla tarixlərinin ən yaxşı göstəricisinə imza atmışdılar. Sonrakı üç mundialdan yalnız birində qrup mərhələsini aşa bilməyən Belçika millisi üçün 1/8 final səddi keçilməz qalaya bənzəyir. Son iki turniri kənardan izləyən belçikalılar artıq gənclərdən ibarət yeni, güclü, təhlükəli komanda qura biliblər. Mark Vilmotsun ixtiyarında olan futbolçular Avropanın nəhəng klublarının heyətində çıxış edirlər. Kurtua, Minyole kimi əlcək sahibləri olan bir komandanın yəqin ki, qapı xətti ilə bağlı hər hansı sıxıntısı olmaz. Müdafiə xəttində yer alan Vermalen, Kompani, Vertonqen və təcrübəli Van Buytenin adını çəkməmək mümkün deyil. Formalarını geydiyi klublarda müdafiə xəttinin dayaqlarından hesab edilən bu futbolçuların bir yerdə olması Belçika millisinin xeyrinə olan məqamlardandı. Yarımmüdafiə xəttindəki futbolçuların sahib olduqları tək qüsur iri miqyaslı yarışlarda iştirakçı olmamalarıdı. Fellayni, Hazard, Dembele, Şadlı, Vitsel, De Bruyne, Defur və komandanın sıralarına yenicə qoşulan Yanuzay haqqında əlavə şərhə ehtiyac yoxdu. İstəkli, əzmkar, uğura can atan bu futbolçuları DÇ-də izləmək olduqca maraqlı olacaq. Onların hamısının avrokuboklarda çıxış edib. Komandanın qol silahları Mertens, Mirallas və Lukaku da geridə qoyduğumuz mövsümdə diqqət mərkəzində olan simalardı.

Seçmə mərhələdə “qırmızı şeytanlar”a gözün üstə qaşın var deyən tapılmayıb. Serbiya, Makedoniya, Xorvatiya, Uels və Şotlandiya ilə eyni qrupda mübarizə aparan belçikalılar cəmi iki görüşdə xal itkisinə yol veriblər. Doğma divarlar arasında xorvatları və uelsliləri məğlub etmək mümkün olmayıb.

Afrikalı “avropalılar”

Əlcəzair millisi dünya çempionatlarında böyük keçmişə sahib olmayan Afrika təmsilçisidi. İlk dəfə 1982-ci ildə keçirilən turnirdə iştirak edən “ağ-yaşıllar” turnirə Qərbi Almaniyaya qalib gəlməklə başladı (2:1). Növbəti oyunda Avstriyaya məğlub olan “çöl tülküləri” sonuncu turda Çili üzərində qələbəyə (3:2) rəğmən, top fərqinə görə üçüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilmədi. 4 il sonrakı mundialda bir heç-heçə ilə kifayətlənən şimali afrikalılara dünya kubokunda mübarizə aparmaq bir də 24 il sonra qismət oldu. DÇ-2010-da ABŞ, Sloveniya və İngiltərə ilə eyni qrupda yer alan Əlcəzair millisi yalnız sonunculardan xal qopara bildi (0:0).

Əlcəzairli futbolçuların bir çoxu İspaniya, İtaliya, Fransa klublarının şərəfini qorusa da, heç də hamısı oynadığı klubların əsas heyətində çıxış etmir. Buqerra, Yebda, Fequli və Slimani komandanın liderləri hesab edilir. Komandanın baş məşqçisi Vahid Halilhociç geridə qoyduğumuz mövsümdə “Tottenhem”in heyətində parlamağa başlayan Bentalebə də böyük ümidlər bəsləyir.

Afrika zonasında seçmə oyunlara ikinci mərhələdən qoşulan “çöl tülküləri” üçün Mali, Benin və Ruanda səddini aşmaq heç də çətin olmadı. Əsas çətinlik Burkino-Faso ilə pley-off matçında yaşandı. İlk görüşdə səfərdə 3:2 hesabı ilə məğlub olan Halilhociçin yetirmələri doğma divarlar arasında lazım olan bir qolu vurmaqla (1:0) mundiala vəsiqə qazanmağı bacardılar.

Futbolçularına yox, Kapelloya güvənən Rusiya

SSRİ dövrünü nəzərə almasaq, Rusiyanın dünya futbolunda macərası 1992-ci ildən başlayır. Tərkibində 15 ölkənin yer aldığı imperiya beynəlxalq nüfuza malik idi. Təsadüfi deyil ki, SSRİ millisi 14 mümkün çempionatdan 7-də iştirak etmək hüququ qazanmışdı. “Qırmızılar” mundiallarda adətən 1/4 final mərhələsinə qədər irəliləyirdilər. Ən yaxşı göstərici DÇ-1966-da qeydə alınıb. İngiltərədə keçirilən turnirdə dördüncü olan “sosialistlər”in ən yaxşı oyunçusu və bombardiri Azərbaycan futbol məktəbinin yetirməsi Anatoli Banişevski olmuşdu.

SSRİ dağıldıqdan sonra Rusiya da digər dövlətlər kimi futbol sahəsində toparlanmaqda xeyli çətinlik çəkdi. Buna baxmayaraq, ruslar futbol ənənələrini davam etdirdilər.

Braziliyadakı turnir “ağ ayılar” üçün sayca üçüncü turnir olacaq. Bu vaxta qədər iki dünya çempionatında (1994, 2002) iştirak edən ruslar mübarizəni qrup mərhələsindəcə dayandırıblar. İndiki halda isə püşk və komandanın formada olması rus azarkeşləri sevindirməyə bilməz. Elə təcrübəli Fabio Kapellonun komandanın sükanı arxasında olması hər şeyin göstərcisidi. Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq komandaları ilə eyni qrupda mübarizə aparan italyan mütəxəssisin yetirmələri mundiala vəsiqəni vaxtından əvvəl, ən əsası qrup lideri kimi təmin etdilər.

Yuxarıda qeyd etdiyimiz kimi Kapellonun gəlişindən sonra qüdrətlənən Rusiya millisi istənilən rəqibə başağrı olacaq gücdədi. 67 yaşlı çalışdırıcı müdafiə xəttindəki boşluqları aradan qaldırmağa çalışsa da, seçimin az olması bu məsələdə ciddi problemlər yaradır. İstənilən halda onun ixtiyarında İqnaşeviç, Vasili Berezutski və Kombarov kimi arxa xətt oyunçuları var. Roman Şırokovun mundial qabağı sıradan çıxmasına rəğmən, yarımmüdafiədə onun yoxluğunu unutdura biləcək xeyli sayda futbolçu var. Denisov, Dzaqoyev, Jirkov, Fayzulin, Qluşakov və Səmədov kimi usta, texnikalı futbolçuların varlığı Kapellonu qane edir. Hücumda isə Kanunnikov və Kokorin kimi özünü yenicə göstərməyə başlamış forvardlar yer alıb. Əsas diqqətllər isə təcrübəli Kerjakova yönələcək.

Onların işi asan olmayacaq

Son illər ərzində Asiya futbolunun güclü komandalarından birinə çevrilən Cənubi Koreya millisi heç də parlaq keçmişə sahib deyil. Texnika istehsalı, tikinti və maşınqayırma sahəsində dünya liderlərindən olan koreyalılar futbol aləmində oyunu ilə yox, sahib olduğu stadionlara görə daha çox tanınır. Son yeddi dünya kubokunda iştirak edən “ağ-qırmızılar” ümumilikdə səkkiz mundialda mübarizə aparıb. İki dəfə qrup mərhələsini adlamağa nail olan Koreya millisi, ən yaxşı göstəricisinə ölkələrində keçirilən turnirdə dördüncü olmaqla imza atıb.

Seçmə mərhələyə üçüncü raunddan qoşulan Hon Men Bonun yetirmələri Livan, Küveyt, BƏƏ səddini asanlıqla aşdı. 4-cü mərhələdə isə cənubi koreyalıların digər rəqibləri heç də zəif deyildi. Qətər, Özbəkistan və İranın yer aldığı qrupdan dünya çempionatına yollanmaq heç də asan olmur. İranlılar rəqiblərinə aman verməyərək qrup lideri kimi mundiala vəsiqə qazandı. Qətər uğursuzluğa düçar olduqdan sonra DÇ-yə vəsiqə verən ikinci yer uğrunda mübarizə Özbəkistan və Cənubi Koreya arasında getdi. Sonda xallar bərabər olsa da, top fərqinə görə Hon Men Bonun komandası özbəkləri qabaqlaya bildi.

Braziliyada döyüşkən koreyalıların işi asan olmayacaq. Buna səbəb heyətdə usta futbolçuların sayının az olmasıdı. DÇ-yə aparılan oyunçuların böyük hissəsi legioner həyatı yaşasa da, çox az sayda futbolçu aparıcı çempionatlarda çıxış edir.

H qrupu

Belçika

Əlcəzair

Rusiya

Cənubi Koreya

Təqvim

17 iyun

21:00 Belçika - Əlcəzair (Belu-Orizonti)

18 iyun

03:00 Rusiya - Cənubi Koreya (Kuyaba)

22 iyun

21:00 Belçika - Rusiya (Rio-de-Janeyro)

23 iyun

00:00 Cənubi Koreya - Əlcəzair (Portu-Aleqri)

27 iyun

01:00 Cənubi Koreya - Belçika (San-Paulu)

01:00 Əlcəzair - Rusiya (Kuritiba)

Belçika

Qitə: Avropa

FİFA ryetinqi: 11

Baş məşqçi: Mark Vilmots

Yaranma ili: 1895

FİFA üzvü: 1904

Ölkə ərazisi: 30528 kv km

Əhalisi: 11 milyon nəfər

Paytaxtı: Brüssel

DÇ-lərdə: 11

Ən yaxşı nəticəsi: 4-cü yer (1986)

AÇ-lərdə: 4

Finalçı: 1 (1980)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Yan Kulemans (96), Timmi Simons (93), Erik Gerets, Frenki Van Der Elst (hər ikisi - 86).

Ən çox qol vuranlar: Bernard Voorxoof, Pol van Himst (hər ikisi - 30), Mark Vilmots (29), Jozef Mermans (28).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Timmi Simons (93), Daniel Van Buyten (75), Vensan Kompani (56).

Ən çox qol vuranlar: Daniel Van Buyten (10), Kevin Mirallas (8), Maruan Fellayni (7).

DÇ-2014. Seçmə tsikl

A qrupu

2012-ci il

7 sentyabr. Uels - Belçika 0:2

11 sentyabr. Belçika - Xorvatiya 1:1

12 oktyabr. Serbiya - Belçika 0:3

16 oktyabr. Belçika - Şotlandiya 2:0

2013-cü il

22 mart. Makedoniya - Belçika 0:2

26 mart. Belçika - Makedoniya 1:0

7 iyun. Belçika - Serbiya 2:1

6 sentyabr. Şotlandiya - Belçika 0:2

11 oktyabr. Xorvatiya - Belçika 1:2

15 oktyabr. Belçika - Uels 1:1

İştirak ərizəsi

Qapıçılar: Tibo Kurtua (“Atletiko” İspaniya), Simon Minyole (“Liverpul”, İngiltərə), Koen Kastels (“Hoffenhaym”, Almaniya), Semmi Bossut (“Tsulte-Varegem”).

Müdafiəçilər: Tobi Alderveyreld (“Atletiko”, İspaniya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Loran Siman (“Standard”), Vanden Borr (“Anderlext”), Tomas Vermalen (“Arsenal”, İngiltərə), Yan Vertongen (“Tottenhem”, İngiltərə), Nikolas Lomberts (“Zenit”, Rusiya), Daniel van Buyten (“Bavariya”, Almaniya).

Yarımmüdafiəçilər: Aksel Vitsel (“Zenit”, Rusiya), Stiven Defur (“Portu”, Portuqaliya), Maruan Fellaini (“Mançester Yunayed”, İngiltərə), Musa Dembele, Naser Çadli (hər ikisi “Tottenhem”, İngiltərə), Kevin de Bruyne (“Volfsburq”, Almaniya).

Hücumçular: Romelu Lukaku (“Everton”, İngiltərə), Divok Oriqi (“Lill”, Fransa), Dris Mertens (“Napoli”, İtaliya), Kevin Mirallas (“Everton”, İngiltərə), Eden Azar (“Çelsi”, İngiltərə), Adnan Yanuzay (“Mançester Yunayted”, İngiltərə).

Əlcəzair

Qitə: Afrika

FİFA reytinqi: 22

Baş məşqçi: Vahid Halilhociç

Yaranma ili: 1962

FİFA üzvü: 1963

Ölkə ərazisi: 2381740 kv km

Əhalisi: 38,1 milyon nəfər

Paytaxtı: Əlcəzair

DÇ-lərdə: 3

Afrika Millətlər Kubokunda: 14

Qalib: 1 (1990)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Ladar Bellumi (147), Maeddin Mefta (107), Mahmud Qenduz (101).

Ən çox qol vuranlar: Abdelhafid Tasfau (35), Ladar Bellumi (34), Raba Macer (29).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Macid Buqerra (60), Rafik Cebbur (32), Adlen Qediura (27).

Ən çox qol vuranlar: El Arbi Sudani, İslam Slimani (hər ikisi - 9), Rafik Cebbur (5).

DÇ-2014. Seçmə tsikl

2012-ci il

H qrupu

2 iyun. Əlcəzair - Ruanda 4:0

10 iyun. Mali - Əlcəzair 2:1

2013-cü il

26 mart. Əlcəzair - Benin 3:1

9 iyun. Benin - Əlcəzair 1:3

16 iyun. Ruanda - Əlcəzair 0:1

10 sentyabr. Əlcəzair - Mali 1:0

Pley-off

12 oktyabr. Burkina Faso - Əlcəzair 3:2

19 noyabr. Əlcəzair - Burkina Faso 1:0

İştirak ərizəsi

Qapıçılar: Muhamed Lamine Zemmamouçe (USM), Rais Mbolhi (CSKA, Sofiya), Sedrik Si Mohamed ("Konstantin").

Müdafiəçilər: Karl Medjani ("Valensien"), Aissa Mandi ("Reims"), Macid Bouqherra ("Lekviya"), Faouzi Qhoulam ("Napoli"), Rafik Halliçe ("Akademika"), Essaid Belkalem ("Vatford"), Liassine Kadamuro ("Malyorka"), Djamel Mesbah ("Livorno"), Mehdi Mostefa ("Ayaçço").

Yarımmüdafiəçilər: Sofiane Feqhouli ("Valensiya"), Saphir Tayder ("İnter"), Medhi Lasen ("Qetafe"), Abdelmoumen Djabou ("Afrikain"), Yaçine Brahimi ("Qranada"), Nabil Bentaleb ("Tottenhem"), Hassan Yebda ("Udineze"), Riyad Mahrez ("Leyçester").

Hücumçular: İslam Slimani ("Sportinq", Lissabon), Hilal Soudani ("Dinamo", Zaqreb), Nabil Gilas ("Portu").

Rusiya

Qitə: Avropa

FİFA reytinqi: 19

Baş məşqçi: Fabio Kapello

Yaranma ili: 1992

FİFA üzvü: 1992

Ölkə ərazisi: 17125187 kv km

Əhalisi: 144 milyon nəfər

Paytaxtı: Moskva

DÇ-lərdə: 2

AÇ-lərdə: 3

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Viktor Onopko (109), Serqey İqnaşeviç (91), Aleksandr Kerjakov, Aleksandr Anyukov (hər ikisi - 76).

Ən çox qol vuranlar: Vladimir Besçastnıx (26), Aleksandr Kerjakov (24), Roman Pavlyuçenko (21).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Serqey İqnaşeviç (91), Aleksandr Kerjakov, Aleksandr Anyukov (hər ikisi - 76), Vasiliy Berezutskiy (74).

Ən çox qol vuranlar: Aleksandr Kerjakov (24), Roman Şirokov (12), Alan Dzaqoyev (8).

DÇ-2014. Seçmə tsikl

F qrupu

2012-ci il

7 sentyabr. Rusiya - Şimali İrlandiya 2:0

11 sentyabr. İsrail - Rusiya 0:4

12 oktyabr. Rusiya - Portuqaliya 1:0

16 oktyabr. Rusiya - Azərbaycan 1:0

2013-cü il

7 iyun. Portuqaliya - Rusiya 1:0

14 avqust. Şimali İrlandiya - Rusiya 1:0

6 sentyabr. Rusiya - Lüksemburq 4:1

10 sentyabr. Rusiya - İsrail 3:1

11 oktyabr. Lüksemburq - Rusiya 0:4

15 oktyabr. Azərbaycan - Rusiya 1:1

İştirak ərizəsi

Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Yuri Lodıqin ("Zenit"), Sergey Rıjikov ("Rubin").

Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Georqi Şennikov (hamısı - ÇSKA), Vladimir Qranat, Aleksey Kozlov (hər ikisi - "Dinamo"), Andrey Eşenko ("Anji"), Dmitri Kombarov ("Spartak"), Andrey Semenov ("Terek").

Yarımmüdafiəçilər: Aleksey İonov, Yuri Jirkov, İqor Denisov (hamısı - "Dinamo"), Alan Zaqoyev (ÇSKA), Roman Şirokov ("Krasnodar"), Denis Qluşakov ("Spartak"), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi - "Zenit"), Aleksandr Samədov ("Lokomotiv").

Hücumçular: Aleksandr Kokorin ("Dinamo"), Maksim Kanunnikov ("Amkar"), Aleksandr Kerjakov ("Zenit").

Cənubi Koreya

Qitə: Asiya

FİFA reytinqi: 57

Baş məşqçi: Hon Men Bo

Yaranma ili: 1928

FİFA üzvü: 1948

Ölkə ərazisi: 99392 kv km

Əhalisi: 49 milyon nəfər

Paytaxtı: Seul

DÇ-lərdə: 8

Ən yaxşı nəticə: 4-cü yer (2002)

Asiya kubokunda: 12

Qalib: 2 (1956, 1960)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Xon Men Bo (136), Li Un Ce (132), Li En Pxe (127).

Ən çox qol vuranlar: Çxa Bon Qın (55), Xvan Son Xon (50), Pak Li Çon (36).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Li Kun Xo, Çon Son Ren (hər ikisi - 53), Li Çon En (47).

Ən çox qol vuranlar: Li Kun Xo (17), Ku Ca Çxol (11), Çi Don Von (8).

DÇ-2014. Seçmə tsikl

2011-ci il

1-ci qrup mərhələsi

B qrupu

2 sentyabr. Cənubi Koreya - Livan 6:0

6 sentyabr. Küveyt - Cənubi Koreya 1:1

11 oktyabr. Cənubi Koreya - BƏƏ 2:1

11 noyabr. BƏƏ - Cənubi Koreya 0:2

15 noyabr. Livan - Cənubi Koreya 2:1

2012-ci il

29 fevral. Cənubi Koreya - Küveyt 2:0

2-ci qrup mərhələsi

A qrupu

8 iyun. Qətər - Cənubi Koreya 1:4

12 iyun. Cənubi Koreya - Livan 3:0

11 sentyabr. Özbəkistan - Cənubi Koreya 2:2

16 oktyabr. İran - Cənubi Koreya 1:0

26 mart. Cənubi Koreya - Qətər 2:1

4 iyun. Livan - Cənubi Koreya 1:1

11 iyun. Cənubi Koreya - Özbəkistan 1:0

18 iyun. Cənubi Koreya - İran 0:1

İştirak ərizəsi

Qapıçılar: Junq Sunq-Ryonq ("Suvon Bluevinqs"), Kim Seunq-qyu ("Ulsan"), Li Bum-Younq ("Busan İPark").

Müdafiəçilər: Kim Jin-So ("Albireks Niiqata"), Yun Suk-Younq ("Kvins Park Reyncers"), Kim Younq-Qvon ("Quanqzou Everqrand"), Hvang Seok-Ho ("Sanfrecce Hiroşima"), Honq Jeong-Ho ("Ausburq"), Kvak Tae-Hvi ("Əl-Hilal"), Li Yonq ("Ulsan"), Kim Çanq-Soo ("Kaşiva Reysol").

Yarımmüdafiəçilər: Ki Sunq-Yuenq ("Sanderlend"), Ha Dae-Sunq ("Beijinq Quoan"), Han Kuk-Younq ("Kaşiva Reysol"), Park Yonq-Vo ("Quanqzou R&F"), Son Heunq-Min ("Bayer", Leverkuzen), Kim Bo-Kyunq ("Kardiff Siti"), Li Çunq-Yonq ("Bolton"), Ji Donq-Von ("Ausburq").

Hücumçular: Ko Ja-Çeol ("Maynz"), Li Keun-Ho ("Sanqyu Sanqmu"), Park Çu-Younq ("Uatford"), Kim Şin-Vuk ("Ulsan").

Xəbər lenti

DAHA ÇOX XƏBƏR