Rüstəm Behrudi: “Salam Sarvanı öz komandama götürmərəm”
Bizi izləyin

İdman

Rüstəm Behrudi: “Salam Sarvanı öz komandama götürmərəm”

Rüstəm Behrudi: “Salam Sarvanı öz komandama götürmərəm”

Futbolçu da şeir yaza bilər. Oyunu alınmayanda, komandası məğlub olanda, bəlkə də, gözlənilən qələbəni əldə edəndə o, paltardəyişmə otağında, ya da bir küncə çəkilərək ağ vərəqlərə beynindən keçən misraları köçürər.

Yaxud heç bir yerə yazmaz, şifahi xalq ədəbiyyatı kimi dildən-dilə dostlarına ötürər. Deyirlər dünyada elə bir insan yoxdur ki, ömründə bircə dəfə də olsun şeir yazmasın. Bunu inkar etmək bir az çətin məsələdi. Çünki hələ ki həyatı boyu bir misra belə olsa, şeir yazmayan adama rast gəlməmişik. Hə, o da düzdür ki, hər şeir yazan adam şair deyil. Necə ki, hər topla oynayan, hətta yaşıl meydançalara çıxan futbolçu sayılmır. Bəs şairlər necə, onlar yaxşı futbolçudur?

“FUTPOLitika”nın bu dəfəki qonağı “Salam, dar ağacı” deyən 57 yaşlı şair Rüstəm Behrudidir. Onun necə futbolçu olduğunu siz müəyyənləşdirin…

- Oyunu uduzan futbolçular dar ağacına salam verir?

- Təbii ki. İnsanın təbiətində görünməkdən gözəl bir şey yoxdu. İnsan görünməsə, Allah kimi yaşayar. Biz də görünməyi sevən millətik. Əgər kənardan səni seyr edirlərsə, uduzmağı düşünmürsən. Həmişə udmağa can atırsan.

- Dar ağacı futbol meydanına sığırmı?

- Dar ağacı böyükdü. Çünki bütün oyunların, mübarizələrin, savaşların son nöqtəsidi. Futbol meydançası nə qədər böyük olsa da, dar ağacının ilgəhindən kiçikdi.

- Həmişə eyni mövqedə oynayırsız, yoxsa illər ötdükcə hər şey dəyişir?

- Həmişə hücumçu olmuşam. Ancaq uşaqlıq illərinin futbolu ayrı aləm idi. Kənd futbolu iki daşdan ibarətdi. Bizdə isə daşları dirəklər əvəz edirdi. Meşə yaxın idi deyə ağacların budaqlarını qırıb qapı düzəldərdik. Əski parçalarından düzəltdiyimiz cındır topla futbol oynamışıq. 7-8-ci sinifdə oxuyanda rayonun mərkəzindən top alıb gətirmişdilər. Bu, hər kəsə nəsib olmurdu. O top bizim üçün böyük səadət idi.

- Kənardan çox sakit görünürsüz. Ancaq qalmaqallar da sizdən yan keçmir...

- Mənim belə bir şeirim var:

Bu nə cür məmləkətdi,

Nə söz desəm qan çıxır.

İblisin də cibindən

İncilnən Quran çıxır.

Nə danışırsan camaat onu qalmaqala çevirir. Niyə? Düşünürəm ki, məni sevən adam nə qədər çoxdursa, paxıllıq edən də bir o qədərdi. Ona görə bəzən dediklərimi mübahisə obyektinə çevirirlər. Bunu təbii qəbul edirəm.

- Salam Sarvanla bir komandada oynamaq necədi?

- Salam Sarvanı öz komandama götürmərəm.

- Niyə? Münasibətləriniz yaxşı deyil, yoxsa zəif futbolçudu?

- Salam Sarvan dostumdu. Komandamda onu oynatmaq fikrində olsam, qapıda qoyaram.

- Zərbələri dəf etmək ona çətin olmaz?

- Salama qapını ona görə etibar edərəm ki, məsuliyyət hiss etsin. Oyunun taleyi son anda qapıçıdan asılıdı. Daha böyük yeri etibar edirəm.

- Bəs, hansı şairlər komandanızda ancaq “topdaşıyan” funksiyasını yerinə yetirə bilər?

- Heç kimin qəlbinə dəymək istəmirəm. Ancaq Azərbaycan şairlərinin 99 faizi topdaşıyan vəzifəsindədir. Mən Azərbaycan Yazıçılar Birliyini zaman-zaman “kolxoz” adlandırmışam. Ordakıların əksəriyyəti topdaşıyandı.

- Ramiz Rövşən elə futbolçudur ki, hər an zərbə vura bilər. Bunun fərqindəsiniz?

- Ramiz Rövşən istedadlı adamdı və istədiyi vaxt qol vura bilər. Onu Azərbaycan ədəbiyyatının Pelesi adlandıra bilərəm. Dostum olduğuna görə demirəm, doğrudan da bu ada layiqdi.

- Bəs, ədəbiyyatımızın Maradonası kimdi?

- Rüstəm Behrudi.

- Futbolun gözəlliyi qoldu. Pele Maradonadan daha çox qol vurub. Yəqin ki, bunun da fərqindəsiniz...

- Olsun. Ramiz Rövşən məndən 12 yaş böyükdü. Onun yaşına çatanda 2 dəfə artıq qol vuracam.

- Messi kimdir?

- Salam Sarvan mənim dostumdu. Qoy Messi də o olsun.

- O, qapıçı deyildi?

- Qapı nəticədi. Nəticə isə mənim üçün maraqlı deyil. Əsas prosesdi. Proses maraqlıdırsa, Salam Sarvanın burda yeri var. Əlcəkləri ondan alıb hücumda oynatmaq lazımdı.

- Sabir Rüstəmxanlı necə futbolçudur?

- O, Azərbaycanın Kriştianu Ronaldosudur.

- Vaqif Bayatlı görünmür. Deyəsən, karyerasını bitirib…

- Braziliya əfsanələrindən Jairzinyo gözəl futbolçu olub. Meydanda oyunu görünmürdü, ancaq komandasında əsas işi yerinə yetirənlərdən idi. Vaqif Bayatlı da Jairzinyo kimdi. İstənilən situasiyada qol vura bilir.

- Murad Köhnəqala hansı mövqedə daha yaxşı oynayar?

- Onu müdafiədə oynatmaq olar, ancaq qapıda durmasına imkan vermərəm. Çünki etibarlı adam deyil. İstənilən vaxt topu buraxar. Özünə haqq qazandırmağı da bacarır. Hətta bunun daha yaxşı olduğunu sübut edə bilər.

- Allah sizə futbolda da yardım edir?

- Oşonun gözəl bir fikri var: “Biz Allahı həmişə kənarda axtarırıq. O, əslində ətə-qana dolmuş İsadı, Musadı. Allah bizim başımızın üstündədi”. Allah qələm tutanda bizi yönəldə bilir. Oyunda da belədi. Futbolun ilahiliyi şeirə bərabərdi, şeir yazmaq qədərdi. Düzdür, tez unudulur, sabaha deyil, gücə, qabiliyyətə hesablanıb. Ancaq kim nə deyirsə desin, futbolun özündə bir ilahilik var.

- Şeirdə qafiyə qırılanda, futbolda isə ötürmələr dəqiq olmayanda, qol vurulmayanda...

- Futboldakı qafiyə şeirdəkindən daha üstün olmalıdı. Oyunda qafiyə qırılsa, baş tutmasa, ötürmələr alınmasa, dəqiqlik çatmasa, nəticə əldə etmək olmaz.

- Hücumçu komanda yoldaşlarından top gözləyir, şair də ilham pərisini. İlham pərisi gəlməyəndə oturub onu gözləyirsiz?

- İlham pərisinin nə olduğunu bilmirəm. Ruhumda olan şeylər var, onu yazıram. Zaman-zaman həmişə belə olub. Kənardan deyil, daha çox içimdən keçənləri qələmə alıram. Ancaq ilham pərisiylə şeir yazan şairə bu vəhy gəlmirsə, o, şairlikdən məhrum olmur. Pele, Maradona zamanında vura bilmədikləri qola görə futboldan getməyiblər. Yaxud da “Pele yaxşı futbolçu deyil” demirlər.

- Ancaq futbolçunun oyunu alınmayanda da azarkeşlər məyus olur…

- Futbolun gözəlliyi də oyunun gözlənilməz, sensasiyayla bitməsindədi. İstedadlı bir adam heç bir şey eləməsin. Mən bunun tərəfdarıyam.

- Bəs, sizdə necə? Gözlənilməz, zəif rəqib kimi xarakterizə etdiyiniz komandaya uduzanda məyus olursuz, yoxsa “həyatdır” deyib üstündən keçirsiz?

- Futbol nə qədər beyinlə idarə olunsa da, gücə, ayağa hesablanıb. Ədəbiyyat ruh işidir, uduzmaq mümkün deyil. Bu, şairdirsə, şairdi, vəssalam!

- Birdən ruh getdi və qayıtmadı...

- Elə şey ola bilməz. Allah bir adama bir şeyi ya verir, ya vermir. Ədəbiyyat sevgi kimidir. Ya olur, ya olmur. Yarımçıq hamilə olmaq olar? Yox. Qadın ya hamilədi, ya hamilə deyil. Futbolda isə oyun alına da bilər, alınmaya da.

- Onda siz futbolda deyildiyi kimi “Bu, güclü futbolçudur; böyük oyunçudur” etiketlerini ədəbiyyata aid etmirsiz?

- Bəli. Bunun əleyhinəyəm. Bir adam ya şairdi, ya da yox.

- Onda belə deyək: yaxşı futbolçu, pis futbolçu, yaxşı şair, pis şair. Bununla razısız?

- Bunu da qəbul etmirəm. Yaxşı şair, pis şair ifadəsi də düz deyil. Şairlər iki cürdü. Bütün yazıları, ruhu, düşüncəsi, canatmaları Allahla bağlı olanlar, bir də yaradıcılığı, bütün qaymağı şeytani başlanğıcdan əmələ gələnlər.

- Qapını düzgün nişan ala bilməyən futbolçuyla içindən gələn şeiri yazmağa tərəddüd edən şairi ruh qardaşları saymaq olar?

- Futbolda sonuncu dəqiqədə topu qapıdan keçirə bilməsən, oyun bitər, məğlub olarsan. Ədəbiyyatda isə bu şairin fiziki məhvinə bağlı olan bir şeydi. Ömür bitməsə, şair onu nə zamansa edəcək.

- Belə bir fikir var: Azərbaycan xalqı şair xalqdı. Bunu qəbul edirsiz?

- Yox. Bu fikirlə razı deyiləm. Bir xalqın 3-5 şairi olar. Daha 300-500 min yox.

- “Qızıl top”unuz varmı?

- Hə. Türk Dünya Uluslararası “Altun” medal mənim “Qızıl top”umdu. Bu mükafatın təqdimetmə mərasimində kənardakıların bəziləri mənə “bozqurdçu gedir”, bəziləri “Salam dar ağacı gedir”, bəziləri isə “Türk dünyasının sonuncu şamanı” deyirdilər. Bu mükafat indi qardaşımdadır.

- Qardaşınızda?

- Hə. Bilir ki, nəvaxtsa pulum olmasa, sataram.

- Baş məşqçiniz kimdir?

- Allah.

- Futbolçuyla şairin fərqli cəhəti nədir?

- Futbolçu nəticə gözləyir, şair isə yox.

- Azarkeşlərinizdən razısınız?

- Xoşbəxt adamam. Dünyanın dörd bir yanından məni izləyənlər var.

- Dünya rəzmi yığmasına Azərbaycandan kimlər düşə bilər?

- Mən özümü orda görürəm.

- Başqa?

- Sabir Rüstəmxanlı, Salam Sarvan, Vaqif Bayatlı...

- Rəmzi yığmanın yarısı biz olduq ki?

- Azərbaycan xalqı istedadlı xalqdı.

- Ancaq şair xalq deyil...

- Hə. Biz komanda oyunu oynamağı bacarmarıq.

- Niyə? Bir-birinizin ayağını çəkirsiz?

- Təkcə bu deyil. Bizdə mənəm-mənəmlik var. Hər kəs topu qapıdan özünün keçirməsini istəyir. Mümkün deyil, bizi öldürsələr də, oynaya bilmərik.

- Bir məmləkət yaxşı şairlər yetişdirir, ancaq futbolçular yox. İlahi ədalət burda pozulmur?

- Bir xalqın mümkün deyil ki, yaxşı futbolu olsun, ancaq yaxşı şairləri olmasın. Bizim ədəbiyyatın mənzərəsi Azərbaycan futbolunun mənzərəsidi.

- Demək istəyirsiz ki, Azərbaycan yığması, klubları Avropda, dünyada hansı yerdədirsə, ədəbiyyatı da o yerdədi?

- Söhbət komanda halından gedir. Tək halda biz daha böyük adamlarıq. Komanda şəklində isə yox. Azərbaycan ədəbiyyatı deyilən ümumi məhfum var, o bizim futbola oxşayır. (futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm