“Neftçi”də oynayan erməni “Ararat”ın qapısına penalti vurmaqdan niyə imtina edib?
Bizi izləyin

İdman

“Neftçi”də oynayan erməni “Ararat”ın qapısına penalti vurmaqdan niyə imtina edib?

“Neftçi”də oynayan erməni “Ararat”ın qapısına penalti vurmaqdan niyə imtina edib?

Sizə təqdim edəcəyimiz bu yazı həm futbolumuzun tarixindən bir nümunə olacaq, həm də düşmənlərimiz olan ermənilərin iç üzünü növbəti dəfə açacaq. Bəlkə də nisbətən yaşlı azarkeşlər bu haqda məlumatlıdırlar. Ancaq əminik ki, gənc nəslin çoxunun təqdim edəcəyimiz faktlardan xəbəri yoxdur. Heç kimə sirr deyil ki, zaman-zaman Azərbaycan futbolunda erməni imzaları olub. Söhbət tək “Neftçi”dən getmir. Digər bölgə komandalarımızda da erməni futbolçular çıxış ediblər ki, bu da təbii hal sayılırdı. Çünki sovet vaxtı Azərbaycanın iri şəhərlərində kifayət qədər erməni yaşayıb. Təbii ki, SSRİ vaxtı ölkənin əsas komandası “Neftçi” olduğundan bu komandada top qovan üzdəniraqlar daha çox yaddaşlarda qalıb. Bir vaxtlar “Neftçi”nin formasını geyinən bir sıra ermənilər olub ki, burada oynayıb pul qazananda, özünə şərait quranda səsini çıxarmayıb. Elə ki, Bakıdan ayrılıb, futbolçu karyerasını qurtarıb, sonradan ölkəmiz haqqında xoşagəlməz fikirlər söyləməklə, iç üzünü ortaya qoyub. Təqdim edəcəyimiz yazıda, “Neftçi”nin tarixinə düşmüş erməni futbolçularla bağlı çox maraqlı faktlarla tanış olacaqsınız.

SSRİ çempionatının güclülər dəstəsində bu komandanın formasını 20-ə yaxın erməni geyib. Bəli, məhz formanı geyib. Şərəfini qoruyub demək çətindir. Çünki bu ifadənin arxasında tam başqa mətləblər dayanır ki, aşağıda sadalayacağımız faktlar ermənilər haqqında bunu deməyə imkan vermir. Təsəvvür edin ki, komanda hər dəfə güclülər dəstəsi ilə vidalaşanda, erməni futbolçular “Neftçi”dən qaçırdı.

Təsadüfi deyil ki, bakılılar SSRİ çempionatının birinci dəstəsində 4 mövsüm keçirəndən sonra 1976-cı ildə istisnasız olaraq, azərbaycanlı futbolçuların hesabına elitaya qayıtmışdı. Bakı futbol məktəbinin yetişdirdiyi ən məşhur erməni futbolçulardan biri Aleksandr Mirzoyanın qaçış tarixçəsi bu mənada “parlaq” nümunədir. Hələ 2001-ci ildə Rusiyanın “Sport Ekspress” qəzetinə verdiyi müsahibədə “72-ci ildə “Neftçi” birinci dəstəyə düşdü.

Düzünü desəm, orada oynamaq maraqsız idi. Həm də komandada qeyri-sağlam mühit yaranmışdı” deyən Mirzoyan, əslində Bakıdan qaçmasına haqq qazandırmaqla yanaşı, özünün o “qeyri-sağlam mühit”in yaradıcısı olduğunu gizlətmirdi. Mərhum Əli Rəhmanov Mirzoyana cavab verərkən onun 70-ci illərdə özünü ulduz futbolçu kimi apardığını, məşqlərə o qədər də ciddi yanaşmadığını, həmin vaxt komandanın rəisi olmuş Gülbala Allahverdiyev isə erməni futbolçunun tez-tez Sergey Kramarenko, Rafiq Quliyevlə dava saldığını bildirmişdi. Belə davranış manerası Mirzoyanın “Neftçi”dən “Ararat”a qaçmasına xidmət edirdi.

XXI əsrin ilk ilində Ermənistanda XX əsrin rəmzi yığması müəyyənləşdirilərkən siyahıda yer alan 11 futbolçudan dördü-Sergey Zatikyan, Arkadi Andreasyan, Eduard Markarov və Nikolay Kazaryan Bakı futbolunun yetirməsi idi.

Azərbaycan ermənilərə səxavətlə qucaq açır, onlara əsas komandasında yer verir, Ermənistan isə bu respublikada yaşayan milyonlarla azərbaycanlının təcrid vəziyyətində saxlayırdı. Qonşu respublikanın idman rəhbərliyi bilərəkdən elə mühit yaratmışdı ki, hansısan azərbaycanlının “Ararat”da görünməsi sadəcə, mümkünsüz idi.Yox, bir yol görünürdü: ad və soyadı dəyişib erməniləşmək lazım idi ki, buna da heç bir azərbaycanlı getməzdi.

Bax, budur erməni xisləti. Erməni millətçiliyi, şovinizmi o həddə çatmışdı ki, Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndini təmsil edən “Qarabağ”da belə soydaşlarımız bir əlin barmaqları ilə sayılacaq qədər az idi. Bütün bu məqamların fonunda Bakı ermənisi Aleksandr Qriqoryanın müxtəlif kitablarında azərbaycanlı müəllifləri qeyri-obyektivlikdə suçlaması gülüş doğurur. Azərbaycan futbol ictimaiyyəti qeyri-obyektiv olsaydı, 1981-ci ildə-ölkəmizdə futbolun təşəkkül tapmasının 70 illiyi qeyd olunarkən Artaşes Əmircanov, Suren Petrosyan və Eduard Markarovun adını 33 yaxşı oyunçu siyahısına salmazdı.

“Neftçi”nin erməniləri” mövzusunda yazırıqsa, Eduard Markarovu mütləq xatırlamaq lazımdır. 60-cı illər SSRİ futbolunun ən texnikalı oyunçularından birinin-karyerasının 10 ilini “Neftçi”yə, 5 ilini isə “Ararat”a həsr etmiş Markarovun belə uzun müddət Bakıda oynamasının, hətta “ağ-qaralar”ın SSRİ çempionatında ən çox qol vuran oyunçusu adını daşımasının da özəl səbəbi var. Belə “bağlılıq” birmənalı şəkildə onun atası Artyom Markarovun soydaşlarına- ermənilərə bəslədiyi nifrətdən irəli gəlirdi. İş ondadır ki, bakılı erməni futbolçuları bütün vasitələrlə İrəvana qaçırmaq yolunu tutan Ermənistanın futbol rəhbərliyi 1946-cı il mövsümü ərəfəsində ata Markarovu da dilə tuta bilmişdi. Lakin o, iki il “Dinamo”da oynadıqdan sonra komanda dağıldı, 40 yaşlı futbolçunu isə faktiki küçəyə atdılar. Çörək almağa pulu, qalmağa evi olmayan Artyom yenidən Bakıya pənah gətirdi. Soydaşlarının hərəkəti necə ona yer etmişdisə, ömürboyu ermənilərə nifrəti qəlbində daşıdı. Elə bu hissin təsiri altında da oğlunun “Ararat”da və ya bir başqa erməni komandasında yox, məhz “Neftçi”də oynamasına qərar verdi.

Erməni müəlliflərindən fərqli, biz azərbaycanlılar obyektivlik hissini itirməməli və tarixin gözünə dik baxmalıyıq. Bu mənada “Markarov “Neftçi”yə hansı dərəcədə bağlı idi” sualını da cavablandırmaq lazım gəlir. Əlbəttə, o, “Neftçi”nin heyətində bir çox parlaq oyunlar keçirib, Bakı klubunun bir çox önəmli qollarına imza atıb, 1965-68-ci illər aralığında bütün SSRİ-ni heyran edən məşhur “BMT” üçlüyünün bir hissəsi olub (Banişevski-Markarov-Tuayev-red). Təbii ki, çəkdiyi əziyyətin də əvəzini görüb.

Bakının ən məşhur küçələrində iki mənzili olub, “Neftçi”dəki karyerası ərzində üç maşın dəyişib. Ortaya təbii sual çıxır: həmin dövrdə ermənilərə, konkret “Neftçi”nin əbədi rəqibi “Ararat”a münasibət necə olub? Bu auala cavab vermək üçün Şakir Yaqubovun “Banişevski olduğu kimi” kitabında yer alan, Adil Qaçayoğlunun Banişevski ilə 1991-ci ildəki müsahibəsindən bir hissəni nəzərinizə çatdırmaqdan yaxşı yol görmürük:

- Londondan sözün həqiqi mənasında söhrətin zirvəsində qayıtdınız və “Neftçi”nin heyətində elə ilk oyundaca “Ararat”ın qapısına (söhbət 1966-cı il avqustun 15-də keçirilən “Neftçi”-“Ararat” matçından gedir-red) onbirmetrlik cərimə zərbəsini vura bilmədiniz..

- Bilirsiniz hər şey necə olub?

- Eşidirəm.

- Oyundan əvvəl razılaşmışdıq ki, 11 metrlik olsa, Markarov vuracaq. Lakin həmin an o qəti surətdə bunu boynundan atdı.

- Niyə?

- İstəyirsiniz inanın, istəyirsiniz yox, qayıtdı ki: “Mən vurmayacağam! Keçməsə, deyəcəklər ermənidir, özü bilərəkdən vurmadı. Sən vura bilməsən, bağışlayarlar”.

Müsahibənin bu hissəsindən sonra Şakir Yaqubovun zəruri əlavəsini də oxuyaq: “Müxtəlif vaxtlarda Markarovun özünün Yerevan komandasının belini qıran qollar vurmasına baxmayaraq, “erməninin erməniyə qol vurmaq istəməməsi” də həmin vaxt istisnalıq təşkil etmirdi”.

Markarovun “Neftçi”dən “Ararat”a qaçış tarixçəsi də yetərincə maraqlı, amma həm də riyakarlıqlarla zəngindir. 1964-cü ildə atasını, 1970-ci ildə isə anasını itirən Eduardı Bakıda saxlayacaq heç bir qüvvə yox idi. Artıq “kəşfiyyatçılar”ın çxosaylı təkliflərini cavablandırmaq olardı. Düzdür, buna qədər Markarovun “Neftçi”dəki çıxışına təsir edən bəzi başqa olaylar da yaşanmışdı.

Belə ki, o, əvvəlcə milislərlədalaşmış, ardından Rostov OİK-inin müdafiəçisi Viktor Getmanovun kobud oyunu üzündən uzun müddət xəstəxanada yatmış, bu da istər-istəməz idman formasına təsir göstərmişdi. Bir neçə il sonra futbolçu karyerasının həmin dönəmi haqqında belə deyəcəkdi: “Neftyanik”dəki son iki mövsümdə (1969, 1970-ci il mövsümlərini nəzərdə turur-red) zədələr məni izlədi, praktiki olaraq bu illər mənim üçün itirildi. Ətrafda belə söhbətlər eşitməyə başladım: “Markarov zəifdi, qocalıb”. Anladım ki, nəyisə dəyişmək lazımdır. Ya tam qurtarmaq, ya da artıq başqa komandada “barıtımın hələ qaldığını” göstərmək”.

Bu qaçışda Azərbaycanın futbol rəhbərliyini qəzəbləndirən yeganə məqam o idi ki, kapitan “Ararat”a keçidinə bir neçə gün qalmış “İdman”ın səhifələrində komandanı heç kimin tərk etməyəcəyini bildirirdi. Eduardın illər uzunu xidmət etdiyi komandaya növbəti xəyanəti isə “Ararat”la işləri yoluna qoyandan sonra Bakıya-“Neftçi” rəhbərliyinə zəng edib onları məlumatlandırması idi.

Yuxarıda adlarını çəkdiyimiz Qriqoryanın “Markarovı. Brazilçı armyanskoqo futbola” kitabında daha bir cəlbedici, həm də açıq-aşkar yekəxana iddia var: “Haçansa Ermənistan komandaları Azərbaycan komandalarına uduzurdusa da, bu yalnız o səbəbdən olurdu ki, sonuncuların heyətində ermənilər oynayırdı”.

Əlahəzrət Zaman Qriqoryanın bu iddiasını da yerlə-yeksan edir. Özü də “qapazlama”nın önündə bir başqa komanda yox, məhz “Neftçi” gedir. “Ağ-qaralar” dalbadal iki il “Birlik kuboku”nda ermənilərə yerini göstərməklə, Qriqoryanın iddiasının əksinə, bu ölkənin ermənilərsiz də çox şeyi bacardığını göstərdi. 2005-ci ildə “Neftçi” “Pünik”i 2:0 hesabıyla məğlub etsə də, sonrakı il ermənilər heç meydançaya da çıxmadılar; Qorxularından İrəvana qaçdılar.

...Həyat davam edir, “Neftçi” yaşayır və ən yeni tarixini yazır. Əlbəttə, tarixin o üzündə qalanlardan da nəticə çıxarmaq, yeni tarixi isə elə yazmaq lazımdır ki, kimlərinsə burada iz axtarmasına, minnət qoymasına imkan olmasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm