Stadionun ot örtüyünü korlayan işdən qovuldu – RƏSMİ
Bizi izləyin

İdman

Stadionun ot örtüyünü korlayan işdən qovuldu – RƏSMİ

Dünənki oyunda Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" matçında hər kəs ot örtüyündən şikayətlənib. Ortüyün pis vəziyyətdə olması hamını narahat edib.

Bu gün Tofiq Bəhramov adına respublika stadionunda bir əməkdaş işdən qovulub.


Publika.az-ın əldə etdiyi məlumata görə, stadionun rəhbəri Akif İsmayılov ot örtüyü ilə əlaqədar mütəxəssis Borislav Kolyevi işdən uzaqlaşdırıb. Səbəb isə stadionun ot örtüyünün pis vəziyyətə düşməsidir.

Verilən məlumata görə, Kolyev ot örtüyünə hansısa dərmanlar töküb, bu da örtüyü korlayıb. Buna əsəbiləşən rəhbərlik onu işdən qovub.

Ot mütəxəssisinin bunu qəsdən, ya bilməyərəkdən etdiyi barədə məlumat yoxdur.

Məsələyə aydınlıq gətirmək üçün mərkəzi arenanın direktoru Akif İsmayılovla əlaqə saxladıq. Publika.az-a danışan direktor xəbərin doğru olduğunu bildirdi.

Akif İsmayılov stadionun ot örtüyünə görə yeni işçilərin cəlb olunması ilə bağlı sualımıza belə cavab verdi: “Mərkəzi arenanın ot örtüyü artıq İngiltərədən gələn mütəxəssislərin əlindədir. Həmin mütəxəssislər “Bakcell Arena” və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarına da qulluq edir. Dünənki oyunda (“Qarabağ” - “Tvente") gənclər və idman naziri Azad Rəhimov mənə həmin ingilis mütəxəssislərlə müqavilə bağlamağımızı tapşırdı. Bundan sonra nazirlik lazımi vəsaiti ayıracaq.

Deyim ki, AFFA-nın rəhbəri Rövnəq Abdullayev və nazir Azad Rəhimov da oyunu tribunadan izləyirdilər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm