• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Ginnesin rekordlar kitabı”na düşən türk Azərbaycanda sponsor axtarır – VİDEO

  • İdman
  • 23 Sentyabr 2014 14:20
  • 4 188 Baxış
“Ginnesin rekordlar kitabı”na düşən türk Azərbaycanda sponsor axtarır – VİDEO

Türkiyənin “TV8” kanalında yayımlanan “Yetenek Sizsiniz Türkiyə” proqramında iştirakçılardan birinin qırdığı rekord hər kəsi şoka saldı.

Türkiyənin güləş üzrə yığa komandasının keçmiş üzvü Uğur Öztürk bacarığı ilə hər kəsi özünə heyran qoydu. Keçmiş Avropa çempionu 17 ədəd buzu çiyin zərbəsi ilə qıraraq həm növbəti tura keçdi, həm də “Ginnesin rekordlar kitabı”nda öz rekordunu yenilədi.

“Turko” ləqəbli idmançı Publika.az-a verdiyi müsahibəsində Azərbaycanda da yeni rekord qırmaq istədiyini bildirdi:

- Öncə özünüz haqda məlumat verərdiniz...

- 1970-ci il iyunun 13-də İstanbulda anadan olmuşam.. Güləşlə məşğul olmağa 1986-ci ildə başlamışam. 3 dəfə Avropa çempionatında, 2 dəfə Balkan çempionatında qalib olmuşam. Bundan əlavə bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıyam. Güləş karyeramda hər şey qaydasında olarkən boynumdan ağır zədə aldım. Bu zədə nəticəsində 5 il iflic vəziyyətdə qaldım. Sağaldıqdan sonra amerikan güləşi ilə məşğul olmağa başladım. Bundan sonra “Ginnesin rekordlar kitabı”na düşmək üçün fəaliyyətə başladım.

- Yarışma zamanı yanınızda olan böyük qardaşınız da deyəsən güləşçi olub?

- Ona “Abi” (böyük qardaş) deyirəm. Məndən böyük olduğu üçün belə deyirəm ona. Ancaq o, mənim qardaşım deyil.

- 5 il iflic qaldıqdan sonra sağalıb yenidən idmanla məşğul olmaq riskli deyildimi?

- Mən asan təslim olan biri deyiləm. Bu canı Allah verib, ancaq o da ala bilər. Allah canımı alana qədər idmanla məşğul olmağa davam edəcəm.

- Ailəniz "artıq idmanı bitir” demədimi?

- Hər zaman dedilər. Amma mənim üçün vacib olan bu güləşi hər yerdə təmsil etməkdir. Güləş yalnız döşəkdə təmsil edilmir. Mənim anatomiyam fərqlidir. Yatsam ölərəm mən...

- Necə yəni?

- Yəni mən işləyərkən yaxşılaşıram, yatarkən deyil.

- Uğur bəy, "Mən bu rekordu qırmalıyam" fikri sizdə necə yarandı? Çünki olduqca çətin bir hərəkət idi...

- Mənim üçün asandır. Allaha inan, qalanı asandır.

- Başqa bir rekordla da “Ginnesin rekordlar kitabı”na düşə bilərdiniz? Nə vaxtsa, kimsə bunu sınamışdı?

Bu, köhnə rekordlardan biridir. Rekordun sahibi amerikalı idi. Mən də bu rekordu ondan aldım.

- O amerikalı neçə buzu qırmışdı?

- 13 buz qırmışdı. Mən keçən il (2013-cü ildə)14-nü qırıb rekordu yeniləmişdim. Bu dəfə isə 17-sini qırdım. Onu da deyim ki, Azərbaycana gəlib yeni bir rekordu da orda qırmaq istəyərəm.

- Rekordu artırmağı düşünürsünüz?

- Hər zaman ... 25-ə qədər davam edəcəm.

- Biri gəlib bu rekordu qırarsa, sizə meydan oxuyarsa?

- Mən də onu qıraram. Meydan oxuyana meydan oxuyaram.

- Sizcə bunu bacaracaq kimsə ola bilərmi?

- Əlbəttə ola bilər. Kaş ki, olsun. Onda rəqabət də olar.

- Ailənizdən sizdən başqa idmanla məşğul olan varmı?

- Xeyr. Heç nəsildə yoxdur. Sadəcə mənəm.

- Sizə verilən “Turko” ləqəbi nə məna verir? Bu ləqəbi sizə kim verib?

- Amerikan güləşində, Avropada “Turkey” “hind toyuğu” anlamını verir. Mən də bu duruma hirslənirəm. Bu üzdən “Turko” ləqəbi götürdüm. Qorxsunlar deyə...

- İlk dəfə buz qırmağa başlayarkən çox məşq etdiniz?

- İlk rekordu heç bir məşq etmədən qırmışdım. Hələ hədəflərim böyükdür. Başqa rekordlar da qırmaq istəyirəm.

- “Yetenek Sizisiniz Türkiyə” verilişində məşhurlaşdıqdan sonra sizə olan maraq artdımı?

- “Yetenek Sizsiniz Türkiyə” verilişinə çıxdıqdan sonra mənə olan maraq bir o qədər də dəyişmədi. Çünki onsuz da ölkəmdə tanınırdım. Hamı məni yaxşı tanıyır. Ancaq sosial şəbəkədə dostluq göndərənlər, sual verənlər çoxaldı. Mənə “17 ədəd buzu qıra bilməzsən” deyənlər hələ də özünə gələ bilməyib, çaşıb qalıblar.

- Verilişdə “bunu qırmağın bir texnikası var” dediniz...

- Buzları qırarkən qarşımda güləşçi varmış kimi düşünürəm, texnikası mənə aid, gizlidir.

- Deyəsən buzları qırdıqdan sonra çiyninizdə ağrı hiss etdiniz. Bu, simanızdan hiss olunurdu.

- Sağ çiynimdə 3 sm yırtıq var. Orada bir az qanama oldu. Amma vacib deyil, döyüşçü hər zaman yaralana, zədələnə bilər.

- Heç idmançı karyeranız ərzində azərbaycanlı rəqibiniz oldumu?

- Azərbaycanlı rəqibim olub. Amma məndən pis xatirə qaldı ona. Türklərin bir-birini məğlub etməsini sevmirəm . O görüşdə qalib gələrkən çox üzüldüm.

- İndi idmanla yalnız güclü qalmaq, rekord qırmaq üçün məşğul olursuz?

- Bəli, güləşi başqa sahələrdə də təmsil edirəm. Yenə deyirəm, hazırda peşəkar səviyyədə amerikan güləşi ilə məşğulam.

İstanbul Bələdiyyəsi Mədəniyyət Müdirliyində assistentlik edirəm. Fitness məşqçisi kimi də fəaliyyət göstərirəm.

- Övladlarınız sizin yolunuzu davam etdirir?

- Xeyr. 2 qızım var. Onlar da idmanla məşğul olmurlar.

- “Azərbaycanda da yeni rekord qıra bilərəm” dediniz. Bu o deməkdir ki, buzların sayını artıracaqsınız?

- Azərbaycanda bu şounun göstərilməsi üçün sponsor tapsam , əlbəttə buzların sayı artacaq. O zaman 18 ədəd buzu qıracam. Dünya rekordunu qardaş ölkədə də qırmaq istəyirəm.

- "Yetenek Sizsiniz Türkiyə" verilişində hər tur fərqli çıxışlar etməlisiz. Verilişi izləyənlər sizdən başqa hansı rekordları görəcək?

- Təbii ki, fərqli işlər olacaq. Dediyim kimi, hədəflərim böyükdür. Növbəti turlarda bunların şahidi olacaqsınız.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR