Çörəkçi oğlu dünyaya necə səs saldı?
Bizi izləyin

İdman

Çörəkçi oğlu dünyaya necə səs saldı?

O, Almanyanın ulduz futbolçusu olub. Hazırda baş məşqçi kimi fəaliyyət göstərir. 1980-ci illərin sonu və 90-cı illərdə Avropa və dünyanın ən yaxşı futbolçularından biri kimi tanınıb.

Publika.az "II taym layihəsi çərçivəsində" "qızıl bombardir" ləqəbi futbolçu Yurgen Klinsmanın həyat tarixçəsini təqdim edir.

"Böyük Beşlik" ölkələrindən onun oynamadığı yer yalnız İspaniyadır.Artıq uzun müddətdir ki, məşqçilik karyerasına başlayan və müəyyən uğurlar əldə edən Klinsmann hələ də futbol aləminin böyük bir əfsanəsi hesab olunur.

"Böyük Beşlik"də "Kiçik Herd Müller"

Yurgen Klinsmann 1964-cü il iyulun 30-da Almaniyanın Ştutqard bölgəsinin çox kiçik Qöppengen şəhərində dünyaya göz açıb. Atası Ştutqardın Otnanq rayonunda çörəkçi işləyib. Buna görə onu bəzən "çörəkçi oğlu" da çağırıblar. Elə o dövrdən futbol oynayan Klinsmann həm də atasına çorək bişirməkdə kömək edib.

O, futbolun sirlərini "Ştutqart" klubunda öyrənib. Burada oyun tərzi ilə seçilən Klinsmannı o zamanlar "kiçik Herd Müller" deyə çağırıblar.

Gənc yaşlarından Yürgen özünün qol vurmaq bacarığını nümayiş etdirib. Bu səbəbdən də, ona "qızıl bombardir" ləqəbini veriblər. 17 yaşı olarkən Klinsmann ikinci bundesliqa klubu "Ştutqard Kikkers"də oynamağa başlayıb. Elə həmin ərəfələrdə gənc istedad özünü yaxşı tərəfdən göstərdiyindən, onu "Ştutqart" klubunun əsas komandasına götürürlər. Peşəkar karyerasına yenicə başlasa da, o, bu ciddi sınaqdan üzüağ çıxır və hətta "Ştutqart"ın bombardiri olur. Nəticədə, Almaniya seçməsinin aşağı yaş üzrə komandasının baş məşqçisi Berti Forqts Klinsmanna millidə oynamaq üçün dəvət göndərir.

1987-ci ildə Almaniya millisinin məşqçisi Frants Bekkenbauer də onu Cənubi Amerikaya təlim-məşq toplanışına yollanacaq futbolçuların sırasına cəlb edib.

Həmin vaxtdan da ağ rəngli formanı geyinən Klinsmann Almaniya seçməsinin şərəfini qoruyub. 1990-1998-ci ildə o milli komandanın forması ilə Almaniya millisində 80 dəfə forma geyinib, 38 qol vurub.

1988-ci ildə Klinsmann seçmə komandası ilə birlikdə Avropa Çempionatı və Olimpiya oyunlarında iştirak edir və hər ikisində də bürünc medalla kifayətlənməli olur.

1989-cu ildə isə doğma klubu "Ştutqart"la UEFA kubokunun finalına qədər irəliləyir və "Napoli" komandasına məğlub olur.

İtaliya nəhəngi "İnter"dən problem üzündən ayrıldı

Daha sonra İtaliya "İnter"nə (1989-1992), 1992-1994-ci illərdən isə Fransa təmsilçisi "Monako"ya transfer olunub.

Dünyada bütün ulduz futbolçuların Appenin yarımadasına axın etdiyi bir dövrdə Klinsmann "İnter" klubuna transfer olur. İtaliya futbol qanunvericiliyinə əsasən, hər bir klub yalnız 3 legioner futbolçu ilə heyətini gücləndirə bilərdi.

Əgər "Milan" fantastik təsir bağışlayan və qarşısıalınmaz görünən hollandiyalılar Van Basten, Raykaard, Qullit "üçlüyünə" güvənirdisə, eyni şəhəri təmsil edən "İnter" əzəli rəqibindən geri qalmamaq üçün almaniyalı Andreas Breme, Lotar Matteus və nəhayət, Yürgen Klinsmanna etimad göstərir.

Klinsmann "İnter"də 95 matçda 34 qolu aktivinə yazdırır.

1992-ci ildə Klinsmann gözlənilmədən "İnter"dən ayrılaraq "Monako"ya keçir. Əsas səbəb kimi isə Klinsmanla Matteus arasında yaranan problem göstərilir.

Fransa çempionatında Klinsmann bir müddət çətinliklər yaşayır. Həmçinin həmin ərəfədə Almaniya millisi ilə birlikdə Avropa çempionatının finalında gözlənilmədən Danimarka seçməsinə məğlub olur. Lakin qarşıdaki 2 il ərzində o, yenə də özünü doğrultmaqda idi. Buna görə də, 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatında komandada onun yeri təmin edilmişdi. Həmin mundialda ardıcıl olaraq əvvəlcə Boliviya, daha sonra İspaniya, Cənubi Koreya və 1/8 finalda Belçika seçmələrinə qarşı oyunlarda fərqlənən Klinsmann bombardirlik və snayperlik keyfiyyətlərini göstərmişdi. Yalnız Bolqarıstanla oyundakı məğlubiyyət onun qarşısını alır.

"Monako"da isə 65 oyunda 29 dəfə rəqib qapısına yol tapır.

Dördüncü ölkə İngiltərə - "ilin ən yaxşı futbolçusu"

Klinsmannın karyerasında dördüncü ölkə İngiltərə olur. Dünya Çempionatından dərhal sonra Klinsmann İngiltərəyə yollanır və "Tottenhem" klubunun hücumlarının liderinə çevrilir. Belə ki, o bu ölkənin "Tottenhem"(1994-1995) klubunda 41 dəfə forma geyinir, 20 qol vurur.

Tez bir zamanda o, Avropanın "Böyük beşlik" ölkələrində oynayan ən güclü futbolçular siyahısına düşür.

Məhsuldarlığı ilə seçilən Klinsmann nəticədə İngiltərə Futbol Assosiyasiyası tərəfindən "ilin ən yaxşı futbolçusu" adına layiq görülür.

Bundan sonra Yürgen yenidən vətəninə qayıdır və "Bavariya" ilə müqavilə imzalayır. Münhen təmsilçisi ilə Klinsmann ilk dəfə ölkə çempionatının qızıl medalını əldə edir. Bundan başqa, komandanın heyətində "qızıl bombardir" ləqəbini qazanır. Həmçinin, o, ikinci dəfə UEFA kubokunu başı üzərinə qaldırır.

1995-1997-ci ildə çıxış etdiyi "Bavariya" klubunda 65 oyuna 31 qol vurur.

Münhen təmsilçisindən sonra o, yenə də Appenin yarımadasına qayıdır. Bu dəfə "Sampdoriya"nın futbolçusuna çevrilir. 1997-1998-ci il mövsümündə formasını geyindiyi "Sampdoriya"da cəmi 8 oyunda 2 qolla kifayətlənir.

Klinsmannın sonuncu klubu isə yenə "Tottenhem" olur.

O, 1998-ci ildə icarə əsasında İngiltərə klubuna keçir. Burada 15 oyunda forma geyinərək aktivinə daha 15 qol yazdırır.

"Real"dan 2 dəfə transfer cəhdi

Öncə də dediyimiz kimi, "Böyük beşlik" ölkələrindən onun oynamadığı yer yalnız İspaniyadır.

Ancaq bu o demək deyil ki, ispanlar ona təklif göndərməyib. "Real" (Madrid) onunla iki dəfə müqavilə imzalamağa cəhd edib.

Lakin kral klubunun o zamanki rəhbərliyi Yürgenlə maraqlanan məşqçiləri komandadan uzaqlaşdırdığından, bu transfer gerçəkləşə bilməyib.

Futbola vida

Fransadakı mundialda uğursuzluq yaşayan almanlar vaxtından əvvəl vətənlərinə qayıtdılar. Yürgen Klinsmann məhz bundan sonra karyerasını başa vurmaq qərarına gəldi. Millidəki karyerasını 1998-ci ildə başa vurdu.

Yurgenin sonuncu klubu isə 2003-cü ildə çıxış etdiyi "Orange County Blue Star" klubu oldu. 39 yaşında burada o, 8 oyunda 5 qol vurub.

Məşqçilik karyerası – "O gündən klub çalışdırmadı"

2004-cü ildə Avropa Çempionatından sonra Almaniya Milli Komandasını çalışdırmağa başlayıb. 2005-ci ildə Konfederasiya Kubokunda baş məşqçiliyini etdiyi milli komanda 3-cü yeri tuta bilib. Almaniyada təşkil edilən Dünya çempionatında da milli komandası 3-cü yeri tutub və bundan sonra Almaniya millisindən istefa verib.

2008-2009-cu illər mövsümündə "Bavariya"nı çalışdırıb. "Bavariya"da göstərdiyi pis nəticələr, kubok və Çempionlar Liqasından uzaqlaşdırılması nəticəsində liqanın 29-cu həftəsinin sonunda komandadan ayrılıb. O tarixdən sonra da başqa klub çalışdırmayıb.

Ancaq 2011-ci ildən ABŞ millsi komandasının baş məşqçisi kimi fəaliyyət göstərir.

2 uşaq atasının vazkeçilməz hobbisi

Klinsmann amerikalı keçmiş model Debbi Çinlə ailə qurub. Onlar Koliforniyada Hantinqton Biçdə yaşayırlar. Cütlüyün Conatan və Laila adlı iki övladı var.

Klinsmannın da Mourinyo kimi, mükəmməl dil bilmə qabiliyyəti var. O ingilis, fransız və italyan dillərində sərbəst danışır.

Hobbisi Cənubi Kaliforniya səmaları üzərində vertolyotla dövr etməkdir. Bu, onun vazkeçilməz bir tutqusudur.

Qazandığı uğurlar

UEFA Kuboku - 1991-ci il ("İnter" ilə) 1996-cı il (Bavariya ilə)

Almaniyada ilin futbolçusu - 1988 və 1994-cü illər

İngiltərədə ilin futbolçusu - 1995-ci il

Bundesliqa çempionluğu 1997-ci il

1990-cı il Dünya Çempionatı

1996-cı il Avropa Çempionatı

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm