Qamət Süleymanov saqqallı güləşçiyə çağırışdan imtina etdi: “Bu, qardaşın öz işidir”
Bizi izləyin

İdman

Qamət Süleymanov saqqallı güləşçiyə çağırışdan imtina etdi: “Bu, qardaşın öz işidir”

Qamət Süleymanov saqqallı güləşçiyə çağırışdan imtina etdi: “Bu, qardaşın öz işidir”

Güləş üzrə Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Elçin Əliyevin saqqalına görə milli komandadan uzaqlaşması barədə məlumat vermişdik.

Elçin Əliyev özü də açıqlamasında bunu təsdiq etmişdi: “Məni qovmayıblar, sadəcə, federasiyadan “saqqalını qırx” dediklərinə görə, özüm millini tərk etmişəm. Əqidəmdən dönmərəm”.

Güləş federasiyasından isə bildirmişdilər ki, onlar idmançının qarşısında saqqalını tam qırxmaq tələbi qoymayıblar. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən həddindən artıq saqqal saxlamağın gigiyena baxımından düzgün olmadığını vurğulayan federasiya rəsmiləri idmançıya saqqalını azaltmağı tövsiyə ediblər.

Ancaq idmançı bunu qəbul etməyib. Elçin Əliyev gəncdir, cəmisi 24 yaşı var, olduqca perspektivlidir. Azərbaycana bir çox yarışlarda, o cümlədən Olimpiadada medal qazandıra biləcək potensiala sahibdir. Belə bir idmançını itirməmək üçün kompromis variant tapmaq lazımdı. Elçin Əliyev sələfi təriqətinin üzvü olduğundan məsələ ilə bağlı sələfi icmasının liderlərindən olan Qamət Süleymanovun münasibətini öyrənməyə çalışdıq. Fikirləşdik ki, Qamət Süleymanov idmançıya müraciət etsə, o, saqqalını azaldar, beləcə problem həllini tapar. Azərbaycan da istedadlı idmançısını itirməz.

Publika.Az-a danışan Qamət Süleymanov saqqalın güləşə mane olmadığını və federasiyanın bu məsələni qaldırmasının qəribə hal olduğunu vurğuladı:

“O qardaşla şəxsi tanışlığım olmasa da, ümumi şəkildə tanıyıram. O ki qaldı, saqqal saxlamasına, bu onun öz seçimi, haqqıdır. Çünki bilirsiniz ki, ölkəmizdə etiqad azadlığı var. Həmçinin Azərbaycanda saqqal qadağan olunmayıb ki?!

Həm ərəb ölkələrində, həm də digər ölkələrdə saqqalı idmançılar var. Xristianlarda da, yəhudilərdə də saqqal ən vacib şərtlərdəndir. Saqqal məsələsində ən rəhimlisi islam dinidir. Xristianlara görə saqqal saxlamayan cəhənnəmlikdir.

Demək istəyirəm ki, saqqal saxlamaq heç kəsi təəccübləndirməsin. Bu, güləşçinin öz seçimidir, bu barədə azaddır. Mən buna normal baxıram.

Bundan əlavə, təmizlik saqqalla ölçülmür. Əgər saqqal saxlayan biri ibadət edirsə, onun saqqalı çoxunun üzündən təmizdir. Çünki o gündə 5dəfə dəstəmaz alarkən saqqalını yuyur.

Deyəsən onlar idmançını bomjlarla səhv salıblar. Dində də saqqal kişiyə vacib buyurulub. Kim nə qədə bacarır o qədər saxlayır. O bu seçimdə azaddır”.

Qamət Süleymanov “Elçin Əliyevə saqqalını azaltmaq üçün müraciət edərsinizmi” sualımıza belə cavab verdi:

“Mən bu məsələyə qarışmaq istəmərəm, bu, qardaşın öz işidir. Mən ona deyə bilmərəm ki, saqqalını qırx”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm