Millinin yeni baş məşqçisi 10 dəqiqə sonra bəlli ola bilər?
Bizi izləyin

İdman

Millinin yeni baş məşqçisi 10 dəqiqə sonra bəlli ola bilər?

Xəbər verdiyimiz kimi, İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunduqdan sonra Foqts millimizdə öz gələcəyini görmədiyini deyib. Onun istefası qəbul olunub. (http://publika.az/p/47324)

Hazırda boş qalan posta kimin gələcəyi dəqiq bilinmir. Amma bu yerə bir neçə namizəd olduğu deyilir. Namizədlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadze və hazırda işsiz olan Nazim Süleymanovdur.

Amma siyahı yenilənə bilər. Çünki namizədlərdən biri bu vəzifədən imtina edib. Bu barədə bir az əvvəl məlumat vermişdik. Belə ki, Qurban Qurbanov bu vəzifəni icra etmək istəmdiyini deyib. Çünki qurumun baş katibi Elxan Məmmədov Qurbanovdan milliləşdirilmiş futbolçulardan imtina olunmamasını tələb edib. “Qarabağ”ın çalışdırcısı isə bu təklifi qəbul etməyib.(http://publika.az/p/47346)

Yığmaya namizədlər bu çətin durumda məsuliyyəti öz üzərinə götürməyə hazırdırlarmı? Təklif olarsa, millini çalışdırarlarmı?

Məsələyə bəzi məşqçilərin münasibətini öyrəndik. Publika.az-a danşan təcrübəli mütəxəssis Ağasəlim Mircavadov bu barədə münasibət bildirmək istəməsə də, yerli məşqçinin təyin olunmasının tərəfdarı olduğunu dedi:

“Bu barədə münasibət bildirmək istəmərəm. Amma milliyə yerli məşqçinin təyin olunmasının tərəfdarıyam. Milli komandanı yerli məşqçinin çalışdırması daha düzgün olar. O ki qaldı mənim qəbul edib-etməyəcəyimə, bunu kənardakılar dəyərləndirməlidir. Ancaq mənə inanırlarsa, niyə də olmasın?”

Millinin keçmiş baş məşqçisi Şahin Diniyev isə bu yükün altına girmək istəmədiyini dedi:

“Foqtsun gedişini normal hal hesab edirəm. Çünki nəticəyə görə məşqçi cavabdehdir. Ancaq birinin istefası futbolumuzda dəyişiklik olacağı anlamına gəlmir. Bunun üçün yeni sistem yaradılmalıdır. Mən hər zaman deyirəm ki, futbolda əsas amil insan faktorudur. Futbola baxış dəyişməlidir... Kimin seçiləcəyi ilə bağlı əlimizdən yalnız gözləmək gəlir. Mənə təklif gələrsə? Xeyr, bu yükün altına girmərəm. Çünki biz real gücümüzün fərqində deyilik. Özümüzü olduğumuz yerdən öndə görürük”.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə duruma belə münasibət bildirdi:

“Bununla bağlı, hələ ki dəqiq nəsə demək çətindir. Yeni baş məşqçinin adı 1 aydan sonra da məlum ola bilər, 10 dəqiqədən sonra da…. O ki qaldı onun yerli ya əcnəbi olacağına, bu da qeyri-müəyyəndir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm