Türkiyəli futbolçudan “Hafka”ya müraciət: “Pulumu verin”
Bizi izləyin

İdman

Türkiyəli futbolçudan “Hafka”ya müraciət: “Pulumu verin”

Hazırda klubsuz olan türk əsilli futbolçu Ferdi Elmas “Bakı”dan borcunu qaytarmalarını tələb edir.

Belə ki, türk futbolçu Hafiz Məmmədovun prezidenti olduğu klubun ona hələ də borclu olduğunu deyib. Klubun keçmiş futbolçusuna borcu 112 min dollar təşkil edir.

Özü bu barədə Publika.az-a belə açıqlama verdi:

“Klubun mənə 112 min dollar borcu var. Vəkilim bu mövzuda rəhbərliklə görüşüb danışdı, ancaq ödəmədilər. Bilmirəm niyə ödəmirlər? Klub rəhbərliyinin vəkilimə nə dediyini dəqiq bilmirəm. Çünki bu məsələ ilə birbaşa özü maraqlanır.

Vəkilimlə məsləhətləşib FİFA-ya şikayət etməyə qərar verdik. Qurumdan cavab gözləyirik”.

Futbolçu paytaxt Bakını çox sevdiyini də dedi:

“Hazırda məşqlərimdən qalmamağa çalışıram. Heç bir klubda oynamıram. Amma menecerim Türkiyə klublarından biri ilə görüşür. Mən Bakını çox sevirəm. Ancaq mənim pulumu ödəməsələr, mümkün deyil. “Bakı” klubunda işləyənlərdən heç kim xoşbəxt deyil. Masajçı, məşqçi, heç biri… Belə olarsa, orada futbol olmaz. İnşallah, klub rəhbəri hər şeyi tez bir vaxtda həll edər, borcları ödəyər”.

Qeyd edək ki, Ferdi Elmas paytaxt klubunda ötən mövsüm 6 oyuna çıxıb, qol vura bilməyib. F.Elmas “Bakı”dan öncə “Qalatasaray” (2008–2009), “Karabükspor” (2010–2011), “Karşıyaka” (2011–2012) kimi klubın formasını geyinib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm